Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK-də “Əmin Əfəndiyev-90” adlı sərgi təşkil edilib
18.05.2023 17:46
  • A-
  • A
  • A+

MEK-də “Əmin Əfəndiyev-90” adlı sərgi təşkil edilib

Bu gün filologiya elmləri doktoru, dosent, ədəbi tənqid və ədəbi əlaqələr sahəsində çoxsaylı elmi əsərlərin müəllifi və milli biblioqrafiya məktəbinin əsasını qoyan peşəkar biblioqraflardan biri Əmin Əfəndiyevin 90 illik yubliyedir. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

Sərgidə Ə.Əfəndiyevin tərtib etdiyi biblioqrafik göstəricilər, Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin və tarixinin ən görkəmli simalarına həsr edilmiş “Anar. Ömür yolu. Yaradıcılığı”, “İlyas Əfəndiyev”, “Qələmə sarılmış ömür – İsmayıl Qarayev”, “M.F.Axundzadə-200”, “Bəkir Nəbiyev” monoqrafiyaları, o cümlədən dövri mətbuatda çıxan elmi yazıları, “Mühafizə məqsədilə qəzetlərin mikrofilmləşdirilməsi qaydaları”, “Kitabxana fondlarının mühafizəsi və istifadəsi haqqında əsas qaydalar” kitabları öz əksini tapıb.

Bundan əlavə, sərgidə təqdim edilən alimin üç ildən çox üzərində işlədiyi “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu QƏXTMT /SMOMPK/ izahlı biblioqrafiya” əsəri Azərbaycan biblioqrafiyasında analoqu olmayan vəsaitdir. Həmçinin  Ə.T.Əfəndiyevin tərtibçi-müəllifi olduğu “Azərbaycan tarixçiləri” iki cildlik biblioqrafik göstərici (2010-2011) Azərbaycan tarixşünaslıq biblioqrafiyasında dəyərli töhfədir.

Qeyd edək ki, alim 1997 - 2002-ci illərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. Rəhbərlik etdiyi illər ərzində Azərbaycan kitabxanasının fəaliyyətində böyük dönüş əmələ gəlmiş, yeni struktur islahatları aparılaraq “Nadir nəşrlər”, “Kitabxana proseslərinin avtomatlaşdırılması”, “Elmi kütləvi informasiya” və s. kimi müasir dövrün tələblərinə cavab verən şöbələr yaradılmış və gənc mütəxəssis kadrları irəli çəkərək onlara rəhbərlik etmək məsuliyyətini həvalə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: