Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

22.05.2023 10:11
  • A-
  • A
  • A+

Rəsul Rza Mükafatı laureatlara təqdim olunub

Rəsul Rza Mükafatı laureatlara təqdim olunub

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 113-cü ildönümündə Rəsul Rza mükafatları təqdim edilib.

Əvvəlcə bir qrup qələm adamı Xalq şairinin Fəxri xiyabandakı məzarını ziyarət edərək üzərinə tər güllər düzüb, onun xatirəsini anıblar.

Sonra Azərbaycan Yazıçılar Birliyində mükafatlandırma mərasimi təşkil edilib.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, Rəsul Rza Fondunun sədri, akademik Rafael Hüseynov Rəsul Rzanın zəngin yaradıcılığından söz açıb, Xalq şairi ilə bağlı xatirələrini bölüşüb. O, Rəsul Rzanın ədəbiyyatımızda öz sözü, yeri, fərdi yaradıcılıq siması və orijinal yazı manerası ilə başqa qələm yoldaşlarından fərqləndiyini vurğulayıb.

Akademik Rafael Hüseynov hər il görkəmli şairin doğum günü ərəfəsində təqdim edilən Rəsul Rza Mükafatının Beynəlxalq Rəsul Rza Fondu tərəfindən təsis edildiyini diqqətə çatdırıb, bu il beş qələm adamının mükafata layiq görüldüyünü bildirib.

Sonra Ağalar Bayramov, Bilal Ararlı, Arifə Əliyeva, Narıngül Nadir və Qafar Cəfərliyə Rəsul Rza Mükafatı təqdim edilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mükafata layiq görülən qələm adamlarını təbrik edib, Rəsul Rza yaradıcılığının təbliğinə görə onlara minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: