Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.05.2023 10:24
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərovun 95 illiyinə həsr olunmuş elmi seminar keçirilib

AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərovun 95 illiyinə həsr olunmuş elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda hibrid formada AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərovun 95 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə onlayn formada bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

Seminarda çıxış edənlər professor Nazim Müzəffərli, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, AMEA-nın müxbir üzvü Şahbaz Muradov, professor İsa Alıyev və digərləri mayın 22-i doğum günü olan Ağasəlim Ələsgərovun elmi-pedaqoji fəaliyyətindən, həyatından, uzun illər bir yerdə işlədikləri dövrdən danışıblar, onunla bağlı xoş xatirələrini bölüşüblər. Çıxış edənlər Ağasəlim Ələsgərovu Azərbaycan iqtisad elminin inkişafında öz dəsti-xətti olan görkəmli iqtisadçı alim kimi xarakterizə ediblər. 

Tədbirdə institutun Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi şöbəsinin müdiri, professor Fuad Qənbərov “Azərbaycanın xarici ticarət əlaqələri: müasir trendlər və imkanlar” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Azərbaycanın xarici ticarət dövriyyəsi, ixracın strukturu, ixracın artırılması üçün hökumət tərəfindən həyata keçirilən tədbirlər və təşviq mexanizmləri, qeyri-neft ÜDM və ixrac, qeyri-neft ixracının əsas göstəriciləri, ixracın rəqabətqabiliyyətliliyi və diversifikasiyası, idxal və onun strukturu, xarici ticarətdə əsas inkişaf meyilləri və problemlər barədə danışıb, real vəziyyəti təhlil etməklə öz təkliflərini də səsləndirib. Sonra sullar cavablandırılıb, mövzu ətrafında elmi müzakirələr aparılıb.

Seminarda Ağasəlim Ələsgərovun ailə üzvləri də iştirak ediblər, onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

A.Ələsgərov 1928-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1946-50-ci illərdə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1953-54-cü illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1958-ci ildə ilk dəfə SSRİ-də “Pambığın maya dəyəri və onun aşağı salınması yolları” mövzusunda namizədlik, 1968-ci ildə “Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi effektliyi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1969-cu ildə professor adına layiq görülüb. 1974-1978-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor və “Siyasi iqtisad” kafedrasının müdiri, 1989-1998-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışmışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir. İki yüzdən artıq elmi əsərin müəllifi olan A.Ələsgərovun elmi rəhbərliyi və opponentliyi ilə 78 nəfər elmlər doktoru və elmlər namizədi hazırlanmışdır. Alim 2015-ci il martın 31-də, ömrünün 87-ci ilində vəfat edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: