Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.05.2023 10:30
  • A-
  • A
  • A+

Tanınmış ərəb şairi Naci bin Davud Nizami muzeyini ziyarət edib

Tanınmış ərəb şairi Naci bin Davud Nizami muzeyini ziyarət edib

Bakı şəhərinin mərkəzi və görməli yerlərindən birində ucalan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası öz əsrarəngiz görünüşü ilə daim turistlərin diqqətini cəlb edir. İlk baxışdan bu tikilinin xarici gözəlliyinə heyran qalan əcnəbi qonaqlar muzeyə daxil olub, xronoloji ardıcıllığa uyğun hazırlanmış ekspozisiyanı gəzdikdən sonra burada zahiri və daxili gözəlliyin bir-birini mükəmməl şəkildə tamamladığının şahidi olurlar.

Beş dildə təqdim olunan dolğun izahatlar nəticəsində xarici vətəndaşlar Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti barəsində ətraflı məlumat alır, vətənimizi daha yaxından tanımaq imkanı əldə edirlər.

Səudiyyə Ərəbistanının tanınmış ədibi, Əl-Əhsa Şairlər İttifaqının təsisçisi və sədri, Amerika Beynəlxalq Sivilizasiya Açıq Universitetinin fəxri diplomuna layiq görülmüş görkəmli ərəb şairi Naci bin Davud ötən gün üçüncü dəfə Nizami muzeyinin qonağı olub. Azərbaycana, onun ədəbiyyatı və mədəniyyətinə dərin rəğbət bəsləyən məşhur söz ustadı muzeydə keçirdiyi vaxtdan zövq aldığını və bu məkanın onda dərin izlər buraxdığını bildirib.

Ərəb şairi Rəy kitabına yazdığı təəssüratlarında bu möhtəşəm “Söz məbədi”ndən ilhamlanaraq öz vətəni Səudiyyə Ərəbistanında da məhz Nizami muzeyinin formatında bir muzey yaratmaq niyyətində olduğunu qeyd edib: “Bu gözəl muzeyə növbəti dəfə səfər etdiyim üçün çox xoşbəxtəm. Burada Azərbaycan haqqında qiymətli məlumatlar aldım. Artıq bir çox ərəb ədiblərimizi bu muzeyi ziyarət etməyə dəvət etmişəm. Həmçinin ədəbiyyatın və poeziyanın qorunub saxlanılmasından ötrü Əl-Əhsa şəhərində belə bir muzeyin yaradılması təklifini irəli sürmüşəm. Arzu edirəm ki, bu muzeyi bir daha ziyarət etmək fürsətim olsun”.

Sonda şair Naci bin Davud əl-Heraz yeni çapdan çıxmış şeir divanlarını ərəbdilli izahatçılara və muzeyin fonduna hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: