Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mikayıl Müşfiqin doğum günü münasibətilə MEK-də sərgi təşkil edilib
05.06.2023 18:30
  • A-
  • A
  • A+

Mikayıl Müşfiqin doğum günü münasibətilə MEK-də sərgi təşkil edilib

İyun ayının 5-i XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin doğum günüdür. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

Sərgidə şairin yaradıcılığını əhatə edən MEK fondlarındakı nəşrlər təqdim edilib. Onların sırasında “Seçilmiş əsərləri”, “Mikayıl Müşfiq. Biblioqrafiya”, “Əbədiyyət nəğməsi”, “Müşfiq və folklor”, “Müşfiqli günlərim”, “Üç budaq” və digərləri var.

Kitablarda ölməz Müşfiqin müxtəlif illərdə yazdığı çeşidli poetik növ və formalardakı əsərləri, tərcümələri daxildir.

Qeyd edək ki, M.Müşfiq poetik yaradıcılığına 1926-cı ildə “Gənc İşçi” qəzetində çap edilən “Bu gün” şeiri ilə başlamışdır. 1927-ci ildən “Maarif və mədəniyyət” və “Komsomol” jurnallarında və “Gənc İşçi” qəzetində şeirlərini yayımlayır. 1932-ci il şairin həyatındakı ən məhsuldar illərdən biri olmuşdur. Bu dövrdə “Günün səsləri” “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları, daha sonra bir-birinin ardınca “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilmişdir. Uşaq ədəbiyyatına da xüsusi önəm verən Mikayıl Müşfiqin yaradıcılığında “Şəngül. Şüngül, Məngül”, “Kəndli və ilan” nağılları, “Vuruşmalar”, “Qaya “ poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün” və digər şeirlərə rast gəlmək mümkündür.

1937-ci ildə çap üçün hazırladığı “Çağlayan” kitabına yaradıcılığının ən qiymətli əsərləri sayılan  “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” adlı şeirlərini daxil etmiş amma kitabı çap etdirə bilməmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: