Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.06.2023 17:24
  • A-
  • A
  • A+

Botanika İnstitutunun baş direktoru beynəlxalq konqresdə iştirak edib

Botanika İnstitutunun baş direktoru beynəlxalq konqresdə iştirak edib

AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva Naxçıvan Dövlət Universiteti (NDU) və Türkiyənin Qaradəniz Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Apiterapiya və Təbiət Konqresində iştirak edib.

Konqresin açılış mərasimində Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra elm və ali təhsil ocaqlarının rəhbərləri və nüfuzlu şəxslər çıxış ediblər.

Mərasimdə AR ETN Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva “Azərbaycanda yaşayan etnik qrupların faydalı bitkilərdən istifadəsi” mövzusunda çıxış edərək, ilk dəfə olaraq nəsli kəsilməkdə olan 70-dən çox növün mühafizəsi üzrə tədbirlər kompleksi barədə məlumat verib. Professor məruzəsində Azərbaycanda yaşayan 21 etnik qrupun istifadəsində olan 300-ə qədər növün bioekologiyası, fitosenologiyası və təsərrüfat əhəmiyyətini, etnik qrupların yaşadıqları populyasiyaların areal xəritəsini təqdim edib. Həmçinin Azərbaycan biomüxtəlifliyində dərman preparatlarında istifadə edilən bəzi maddələrin xammal mənbəyi barədə danışıb.

Konqresin bağlanış mərasimində NDU-nun rektoru Elbrus İsayev və Qaradəniz Texniki Universitetinin rektoru, professor Hamdullah Çuvalcı tərəfindən S.İbadullayevaya sertifikat və xatirə lövhəsi təqdim olunub.

Üç gün davam edən tədbirdə “Təbiət və təməl elmlər”, “Tibb elmləri”, “Alternativ və tamamlayıcı tibb”, “Apiterapiya”, “Arıçılıq və arıçılıq məhsulları” sahələri üzrə bölmə çıxışlarında 6 ölkədən olan 300-dən çox məruzəçi dinlənilib.

S.İbadullayeva səfər müddətində bir sıra görüşlərdə iştirak edib, Naxçıvan MR-nın gələcək inkişafı naminə yeni strategiya müzakirələrinə qatılıb.

Həmçinin Naxçıvan TV-də səhər proqramının qonağı olub və konfrans barədə təəssüratlarını bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: