Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2024 10:34
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Zəfər gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşaraq canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 44 günlük Vətən müharibəsinin tarixi anlarını xatırladan videoçarx nümayiş olunub.

İclası İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq Zəfər Günü münasibətilə institutun kollektivini təbrik edib. Akademik 2020-ci il sentyabrın 27-dən başlayan Ermənistanın təxribat xarakterli növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altındakı torpaqların azad edilməsi uğrunda həyata keçirilən İkinci Qarabağ müharibəsinin şanlı tarixinə nəzər salıb.

Müharibə dövrünün özünəməxsus çətinliklərindən bəhs edən akademik Azərbaycanın üstünlüyü qarşısında aciz qalan düşmənin müxtəlif təxribatlara əl ataraq günahsız mülki insanları hədəfə aldığını və müharibə cinayətləri törətdiyini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu qeyd edib. Müharibə nəticəsində ümumilikdə 2908 hərbi qulluqçu və 100 mülki şəxsin  həlak olduğunu, 416 mülki şəxsin  yaralandığını, 7 itkin və 12 hərbi əsir qeydə alındığını bildirib.

44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində ən mühüm qələbə olduğunu qeyd edən Ə.Abbasov işğal altında olan torpaqların azad edilməsinin məhz Ali Baş Komandanın uzaqgörən siyasəti və Azərbaycan  Ordusunun qətiyyəti sayəsində mümkün olduğunu vurğulayıb. Akademik Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən 10 noyabr 2020-ci il tarixində imzalanan və faktiki olaraq Ermənistanın kapitulyasiya aktı hesab olunan bəyanatı xatırladaraq müharibənin nəticələrindən danışıb. Qeyd edib ki, üçtərəfli bəyanatın müddəalarına əməl etməyən düşmənin təxribatlarına cavab olaraq 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin həm ərazi bütövlüyü, həm də suverenliyi tamamilə bərpa edildi.

Çıxışının sonunda ölkə başçısının rəhbərliyi ilə hərbi, siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirilən dövlət siyasətindən və quruculuq işlərindən bəhs edən Ə.Abbasov hərb meydanında əldə olunan uğurların əsasında dövrün tələblərinə cavab verən müasir texnologiyaların dayandığını qeyd edib, bu istiqamətdə qarşıda duran hədəfləri nəzərə çatdırıb.

Sonra İSİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, kiçik elmi işçi Lamiyə Nəcəfova çıxış edərək İkinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə baş verən proseslərdə gənclərin rolundan bəhs edib. Qeyd edib ki, müharibə dövründə Ali Baş Komandanın çağırışına cavab olaraq minlərlə gəncin ordu sıralarına yazılması məhz gənc nəsildə milli-mənəvi dəyərlərə olan hörmət və Vətən sevgisinin bariz göstəricisi idi.

Müharibədən sonrakı dövrdə həyata keçirilən quruculuq işlərində gənclər tərəfindən əldə edilən uğurları nəzərə çatdıran L.Nəcəfova smart texnologiyalar və alternativ enerji mənbələrinin istifadəsi, ərazilərin yaşıl və dayanıqlı inkişafına yönələn müasir yanaşmalardan bəhs edib.

Daha sonra İSİ əməkdaşları r.e.d., professor Knyaz Məmmədov, t.e.d., dosent Məzahir İsayev və r.e.d., dosent Ələkbər Axundov, İkinci Qarabağ müharibəsi iştirakçıları Nadir Babaxanov və Rəşad Şərifov çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək müharibənin şanlı tarixindən bəhs edib, Qarabağla bağlı xatirələrini bölüşüblər.

Sonda Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən qazanılan qələbənin əhəmiyyətinə bir daha toxunan Ə.Abbasov müharibədə iştirak etmiş institut əməkdaşlarına İSİ kollektivi adından təşəkkürünü ifadə edib. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirib, onları dərin ehtiramla yad edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: