Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.06.2023 10:40
  • A-
  • A
  • A+

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya nümayəndələri ilə görüş keçirilib

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya nümayəndələri ilə görüş keçirilib

İyun ayının 8-də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons/ICMP) nümayəndələri ilə görüş keçirilib.

İnstitutun baş direktoru vəzifəsini icra edən, t.ü.f.d. Fərhad Quliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işğalçılar tərəfindən törədilmiş hərbi cinayətlərin izlərinin, qətlə yetirilmiş Azərbaycan vətəndaşı olan hərbi və mülki əsirlərin kütləvi dəfnlərinin tədqiqində rəhbərlik etdiyi elmi müəssisənin arxeoloqları və antropoloqlarının iştirakı barədə qonaqlara məlumat verib. Bu mövzu üzrə institutda ilk dəfə olaraq məhkəmə arxeologiyası və antropologiyası üzrə təcrübənin toplanması və mütəxəssislərin hazırlanması istiqamətində aparılan işlər  barədə söz açan Fərhad Quliyev qeyd edilən sahələr üzrə beynəlxalq əməkdaşlığın əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Məhkəmə Arxeologiyası və Antropologiyası üzrə Qarabağ arxeoloji ekspedisiyasının rəisi, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, t.ü.f.d. Akif Quliyev Edilli (Xocavənd rayonu), Yuxarı Seyidəhmədli (Füzuli rayonu) kəndləri və Şuşa şəhəri ərazilərində aşkar edilən kütləvi məzarlıq və dəfnlərdə aparılan tədqiqatlarda rəhbərlk etdiyi ekspedisiyanın vəzifələri və görülmüş işlər barədə qonaqları məlumatlandırıb.

ICMP-i təmsil edən məhkəmə antropoloqu xanım Nikol Lambaher (Nicole Lambacher) və ICMP-in Cənubi Qafqaz proqramının rəhbəri xanım Karmen Osorno Solis (Carmen Osorno Solis) bildiriblər ki, onların əsas vəzifəsi itkin düşmüş şəxslər üzrə aparılan təhqiqatlara cəlb edilmiş Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları və elmi müəssisələrinin statusunun, təcrübə səviyyəsinin qiymətləndirilməsini ehtiva edir. Aparılan qiymətləndirilmə əsasında qarşılıqlı razılaşma prinsipi üzrə hazırlanacaq rəylər gələcəkdə təmsil etdikləri beynəlxalq təşkilatın tövsiyələrinin hazırlanması və daha sıx əməkdaşlıq üçün zəmin yaradacaqdır. 

Daha sonra institutu təmsil edən mütəxəssislər qonaqların suallarını cavablandırıb, toxunulan problemlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Əli Məhərrəmov, habelə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru, t.ü.f.d. Zaur Həsənov, böyük elmi işçi, t.ü.f.d. Pərviz Qasımov, Məhkəmə Arxeologiyası və Antropologiyası üzrə Qarabağ arxeoloji ekspedisiyasının elmi heyətinin üzvü, Eksperimental arxeoloji laboratoriyasının müdiri Əjdər Babazadə iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: