Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) və ADA Universitetinin alim və mütəxəssislərinin süni intellekt əsasında birgə hazırladıqları virtual robotların təqdimatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Tədbiri giriş nitqi ilə açan institutun baş direktoru, akademik Əli Abbasov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqillik və inkişaf naminə misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu və siyasi fəaliyyətinin müxtəlif mərhələlərindən ətraflı şəkildə bəhs edib.
Ə.Abbasov bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi mütləq inkişafla müşayiət olunan dövrdə ölkədə dövlət-elm-istehsalat zəncirinin əsası qoyulub, elm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə sürətli inkişaf baş verib, istehsalat birlikləri, elmi tədqiqat müəssisələri yaradılıb. Akademik qeyd edib ki, Ulu Öndərin ölkədə təhsilin inkişafına göstərdiyi müstəsna xidmətlərdən biri də Azərbaycan təhsilinin hüdudlarının genişləndirilməsi olub. Bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə regionlarda ali təhsil ocaqlarının təsis olunması və elmi potensialın artırılması istiqamətində həyata keçirilən dövlət strategiyası bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan layihənin əhəmiyyətindən danışan Ə.Abbasov rəhbərlik etdiyi müəssisədə süni intellektin müxtəlif sahələrdə tətbiqi istiqamətində həyata keçirilən işlərdən bəhs edib, bu sahədə müxtəlif dövlət qurumları, ali təhsil müəssisələrilə və özəl şirkətlərlə əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini bildirib. ADA Universiteti ilə birgə əməkdaşlıq nəticəsində regionda ilk dəfə olaraq virtual robotların təqdimatında həyata keçirilən konfransın əhəmiyyətinə toxunan alim layihənin ərsəyə gətirilməsində göstərilən dəstəyə görə universitetin rektoru Hafiz Paşayevə və əməkdaşlarına xüsusi təşəkkürlərini ifadə edib. Layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən akademik süni intellektin inkişafı istiqamətində qarşıda duran hədəflərdən söz açıb.
Sonra ADA Universitenin dosenti, texnika üzrə fəlsəfə doktoru Samir Rüstəmov çıxış edərək İdarəetmə Sistemləri İnstitutu ilə birgə ərsəyə gətirilən layihədən söz açıb. Qeyd edib ki, layihənin hazırlanmasında istifadə olunan Anlat çatbotu süni intellekt modeli kimi digər botlardan fərqli olaraq yalnız mətn deyil, həm də Azərbaycan dilində nitqin tanınması və səsə çevrilməsi xüsusiyyətlərinə də malikdir. Bildirib ki, süni neyron şəbəkələr vasitəsilə çalışan Anlat çatbotunda Azərbaycan dilində nitqin tanınması, səsin mətnə çevrilməsi və qeyd olunan sualın cavablandırılması kimi mərhələlər üzrə yerinə yetirilir.
İSİ-də uzun illər süni intellekt texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən fundamental tədqiqatlardan bəhs edən S.Rüstəmov institut alimləri ilə ADA Universiteti arasında sözügedən sahədə səmərəli əlaqələrin mövcud olduğunu və gələcək elmi əməkdaşlıqlara maraqlı olduqlarını bildirib. Süni intellektin insanların rifah halının yaxşılaşdırılması və müxtəlif sahələrin inkişafında oynadığı roldan bəhs edən S.Rüstəmov, həmçinin bu sahədə mövcud problemlərdən bəhs edib.
Daha sonra konfrans virtual robotların təqdimatı ilə davam edib. Müxtəlif virtual robotlar Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-80-ci illərində Azərbaycanın texnoloji inkişafı, elm və təhsil sahələrində həyata keçirilən islahatlar və Azərbaycançılıq məfkurəsilə bağlı verilmiş sualları ətraflı şəkildə cavablandırıblar.
Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək qeyd edib ki, fitri idarəetmə istedadı, dərin zəka, müdriklik, cəsarət və humanizm kimi yüksək keyfiyyətlərə malik Heydər Əliyev müxtəlif elmi və mədəni sahələrin inkişafına yüksək həssaslıqla yanaşaraq cəmiyyətin tərəqqisini məhz elm və təhsilin inkişafı ilə əlaqələndirirdi. Alim Heydər Əliyevin Azərbaycana rəbərlik etdiyi müxtəlif dövrlər ərzində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində fundamental elmi tədqiqatların həyata keçirildiyini, mühüm elmi nailiyyətlərin əldə olunduğunu, təhsilin hüdudlarının genişləndirildiyini qeyd edib.
İSİ və ADA Universitetinin əməkdaşlığı nəticəsində təqdim olunan layihənin önəmini vurğulayan Ə.Sadıqov regionda ilk dəfə olaraq həyata keçirilən bu novator layihənin təqdirəlayiq olduğunu qeyd edib, elmi müəssisələr arasında aktual elmi problemlərin həlli istiqamətində ikitərəfli əlaqələrin inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Daha sonra AMEA-nın müxbir üzvləri Kamil Ayda-zadə və Qorxmaz İmanov, professor Ramin Rzayev və dosent Gülçin Abdullayeva çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif sahələrindən bəhs edib, təqdim olunan layihənin önəmini vurğulayaraq süni intellekt sahəsində dünya təcrübəsində mövcud müsbət və mənfi nüanslardan bəhs ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.