AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Etika” və “Sosial Psixologiya” şöbələrinin birgə “Prezident İlham Əliyevin COP29 siyasətinin sosial psixoloji, etik prioritet istiqamətləri” mövzusunda elmi seminarı keçirilib.
Tədbiri açıq elan edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə hər kəsi salamlayaraq, onları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibəti ilə təbrik edib.
Seminarda professor İlham Məmmədzadə “COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosiologiyanın problemləri” mövzusunda çıxış edərək, insan və təbiət münasibətlərinin elmi-praktiki problemlərini tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixinə toxunub.
Bildirib ki, XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş verib.
Şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin böyük tarixi hadisə olmaqla, ölkəmizin dünyada yüksək nüfuzunun göstəricisi olduğunu vurğulayıb. G.Məlikli söyləyib ki, COP29 çərçivəsində ən mühüm addımlardan biri 2050-ci ilə qədər qazıntı yanacaqlarından tamamilə imtina etmək qərarı ola bilər: “Buna əsasən dövlətlər ətraf mühitin mühafizəsi məsələlərində daha qətiyyətli addımlar üçün əsaslar əldə edəcəklər. Bakıda keçiriləcək COP29 önəmli qərarların qəbulu üzrə mühüm platforma olacaq. Bütün bunlar Azərbaycanda inkişafın uğurları COP29-dan dünya liderliyinə gedən tarixi, şərəfli yoldur. Dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ölkəmizin ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti böyük qələbəsidir”, - deyə Günel Məlikli vurğulayıb.
Daha sonra seminar müzakirələrlə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.