Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın rəhbərliyi ilə institutun bir qrup əməkdaşı Hirkan Milli Parkında elmi ezamiyyətdə olublar.
İnstitutun alimləri və Hirkan Milli Parkının əməkdaşları birgə elmi-tədqiqat işləri aparıblar. İnstitutun bir qrup əməkdaşı Hirkan dendroflorasının taksonomik tərkibinə iqlim dəyişkənliyinin təsirinin öyrənilməsi, AMEA Lənkəran Regional Elm Mərkəzinin ərazisinə yeni introduksiya edilmiş sitrus bitkilərində biomorfoloji və fizioloji göstəricilərin təhlili, Lənkəran-Astara bölgəsinə aid bəzi sitrus bitkilərinin ekoloji xüsusiyyətləri, efir yağlılığı və fitokimyəvi tədqiqi üzrə elmi-tədqiqat işlərini həyata keçirmək məqsədilə ekspedisiyada təşkil edilib. Plan-proqrama uyğun olaraq cənub bölgəsində monitorinq keçirilərək elmi-tədqiqat işləri aparılıb, ağac və kol bitkilərinin yayılma areallarının video və fotoşəkilləri çəkilib, meşə bitkilərinin taksasiyası araşdırılıb. Hirkan Milli Parkının bitki örtüyü təhlil edilib, bitkilərin yayılma arealları, formasiya və asosasiyaları müəyyən edilib. Mütəxəssislər tərəfindən təbii şəraitdə biomüxtəlifliyin populyasiya vəziyyəti, təbii floranın nadir növlərinin populyasiyalarında baş verən proseslərə iqlimdəyişənliyinin təsiri təhlil edilib.
Ekspedisiyanın əsas məqsədi iqlim dəyişkənliyi nəticəsində müxtəlif ekoloji amillərin - temperaturun, nisbi rütubətin, su qıtlığı və s. təsiri nəticəsində subtropik bitkilərdə fotosintez prosesinin dinamikası, yarpaqlarda xlorofilin miqdarca dəyişməsi, bitkilərin quraqlığa davamlılığı, yarpaq orqanının su saxlama qabiliyyəti, yeni zoğların və yarpaqların boy və inkişaf dinamikasının, onların məhsuldarlığına və məhsulun keyfiyyət göstəricilərinə təsiri təyin edilib və yeni təkliflər verilib.
Elmi-tədqiqat iş planlarına və mərhələlərə uyğun olaraq Hirkan florasında şərq fıstığının (Fagus orientalis Lipsky), şabalıdyarpaq palıdının (Quercus castaneifolia C.A.Mey.), dəmirağacın (Prrotia persica (DC.) C.A.Mey.), vələsin (Carpinus betulus L.) növlərinin dominantlıq təşkil etdiyi müəyyənləşdirilib. Tədqiqat ərazilərində qeydlər aparılıb, həmişəyaşıl bitki növlərindən (Buxus hyrcana, Ilex hyrcana, Ruscus hyrcanus, Danae racemosa), eləcə də Hirkan bigəvərinə (Ruscus hyrcanus) adətən aşağı düzən və dağətəyi qurşaqda, budaqlı danaya (Danae racemosa) daha çox çay kənarlarında və nəmli yarğanlarda, hirkan pırkalına (Ilex hyrcana) isə palıd və fıstıq meşələrində təsadüf edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.