Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.06.2023 16:05
  • A-
  • A
  • A+

AMEA prezidenti Türkmənistanın Elmi günü tədbirlərində iştirak edib

AMEA prezidenti Türkmənistanın Elmi günü tədbirlərində iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Türkmənistan Elmlər Akademiyasının prezidenti Allahverdi Aşirovun dəvəti ilə Elm Gününə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Türkmənistanda səfərdə olub.

Akademik İsa Həbibbəyli Türkmənistan Elmlər Akademiyasına “Elm, Texnika və İnnovativ texnologiya müasir inkişaf mərhələsində” mövzuda keçirilən beynəlxalq elmi konfransda “Azərbaycan-Türkmənistan əlaqələrinin inkişaf mərhələləri və müasir proseslər” mövzusunda elmi məruzə ilə çıxış edib.

Məruzədə Ulu öndər Heydər Əliyevin möhkəm əsaslarını yaratdığı Azərbaycan-Türkmənistan əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılması faktlar əsasında təqdim olunub.

Qeyd edilib ki, Xəzər dənizindəki “Dostluq” neft-qaz yataqlarının yenidən istismara verilməsi haqqında qəbul edilmiş qərarlar ölkələrarası əlaqələrin rəmzinə çevrilib.

Eyni zamanda, Azərbaycan-Türkmənistan elmi əlaqələrinin, akademiyalararası münasibətlərin inkişaf etdirilməsi, türkmən ədəbiyyatının böyük klassiki və mütəfəkkiri Məhtimqulu Fəraqinin həyatı və yaradıcılığının tədqiq edilib öyrənilməsi və nadir əlyazmalarının üzə çıxarılaraq kitab halında nəsr edilməsi istiqamətlərində həyata keçirilmiş tədbirlər haqqında məlumatlar beynəlxalq elmi konfransın iştirakçılarına çatdırılıb.   

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Neytral Türkmənistan” qəzetinə və türkmən dövlət televiziyasına müsahibə verib.

Beynəlxalq elmi konfransda Tacikistan Elmlər Akademiyasının prezidenti, akademik Fərhad Rəhimi, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Ural Elmi Bölməsinin rəhbəri, akademik Viktor Rudenko, Vyetnam Elm və Texnologiyalar Akademiyasının prezidenti Çan Van Minn, Belarus Elmlər Akademiyasının baş elmi katibi, texnika elmləri doktoru Vasili Çurski, Özbəkistan Elmlər Akademiyasının baş elmi katibi, professor Qeyrət Bahadırov, Yaponiya STS texnologiyaları kompaniyasının prezidenti, professor Nideomi Koinuma, Cənubi Koreya Xan-Xunk Xarici Dillər və Mədəniyyətlər Universitetinin prorektoru, professor Bongçul Kim, Türkiyə Koordioloqlar Assosiasiyasının prezidenti, professor Vedat Aytekin, AMEA-nın Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Hanoy Elm və Texnologiyalar Universitetinin prorektoru, professor Hyunq Danq Çin və başqaları elmi məruzələrlə çıxış ediblər.

Beynəlxalq elmi konfransın bölmə iclaslarında 24 ölkənin elm adamlarının məruzələri dinlənilib müzakirə edilib.

Türkmənistan Elm Gününün iştirakçıları Türkmən Mədəniyyət Mərkəzində və Türkmənistan Xalça Muzeyində olublar. Qonaqlar Türkmənistan Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Mühəndislik və Texnologiya Universitetində təşkil olunmuş elm və texnologiya sərgisinə baxıblar.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli səfər çərçivəsində Türkmənistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Əlyazmalar İnstitutunun kollektivi ilə görüşüb. Görüşdə institutun direktoru Davud Orazseidov Azərbaycan Milli Elmlər Akademiyasının  humanitar yönlü elmi-tədqiqat müəssisələri ilə Türkmənistan alimlərinin əlaqələri və qarşıda duran vəzifələrdən söz açıb. Akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin araşdırılıb tədqiq olunmasında Azərbaycan alimlərinin xidmətlərini qeyd edib, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çap olunmuş kitabları türkmənistanlı həmkarlarına bağışlayıb. Görüşdə türkmən ədəbiyyatının banisi Məhtimqulu Fəraqinin 2024-cü ildə keçiriləcək 300 illik yubileyi ilə əlaqədar təşkil olunacaq  ortaq tədbirlər müzakirə olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının adından Türkmənistan Elmlər Akademiyasına üzərində Qarabağın işğaldan azad edilməsinin rəmzi olan Xarı Bülbülün rəsmi həkk edilmiş xalça hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: