Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

20.06.2023 15:40
  • A-
  • A
  • A+

Akademik Yaqub Mahmudovun ideya müəllifi olduğu “Çələbi xan” tamaşasının premyerası olub

Akademik Yaqub Mahmudovun ideya müəllifi olduğu “Çələbi xan” tamaşasının premyerası olub

Şəki Dövlət Dram Teatrında gənc rejissor Orxan Həmidlinin quruluşunda Xəqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” adlı tarixi dramı əsasında səhnələşdirilmiş “Çələbi xan” tamaşasına geniş ictimai baxış keçirilib.

Tamaşa görkəmli tarixçi alim, akademik Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunub.

Tamaşaya başlamazdan əvvəl Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova çıxış edərək Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudovun layihə rəhbəri və ideya müəllifi olduğu bu tarixi dramın Şəki xanlığını yaradan, tariximizdə hikmətli və cəsur xan kimi ad qazanmış Hacı Çələbi xanın həyatından, parçalanmış Azərbaycan xanlıqlarını birləşdirmək uğrunda apardığı mübarizədən, Şəki torpaqlarını yadelli düşmənlərdən qorumaq əzmindən bəhs etdiyini bildirib.

Sonra tamaşa ictimaiyyətə təqdim olunub.

Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, geyim üzrə rəssamı Günel Məmmədlidir. Rəqslərin quruluşu Çingiz Novruzəliyevə məxsusdur.

Rəngarəng tarixi obrazların yer aldığı tamaşada Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Xəyal Salahov, Aydın Əlibabayev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirizadə, Rəşad Rüstəmov, Qurban Rəsulov, Çingiz Novruzəliyev, Fərahim Fətəliyev, Pərviz İsmayılov, Orxan Həmidli, Elvin Mabudov və Rəsul Məmmədrəhimov rol alıblar.

Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tamaşa başa çatdıqdan sonra səhnəyə dəvət olunan əsərin ideya müəllifi Yaqub Mahmudov deyib: “Gələn il 145 illik yubileyini qeyd edəcəyimiz Şəki Dövlət Dram Teatrında bu gün çox mühüm hadisə baş verib. Azərbaycan dövlətçilik tarixinin çox mühüm simalarından, vahid Azərbaycan yaratmaq ideyasının müəlliflərindən biri Hacı Çələbi xana həsr olunmuş “Çələbi xan” əsərinin təqdimat mərasimidir. Bu gün mən çox qürurluyam. Çünki biz Qarabağda işğal altında olan torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etmişik. Biz son 200 il ərzində ən böyük Qələbəni əldə etdik. Ermənilərə sübut etdik ki, Azərbaycan xalqı qalib xalqdır. Ancaq bu qələbə yolu asan olmayıb. İkiyə bölündükdən sonra Azərbaycanı birləşdirmək üçün xalqımızın çox dahi oğulları çalışdılar. Ən maraqlısı budur ki, hələ Azərbaycan ikiyə bölünməzdən əvvəl, Nadir şah imperiyası mövcud olduğu dövrdə vahid Azərbaycan yaratmaq ideyası yarandı və bu ideyanı Hacı Çələbi xan yaratdı. Bu gün Hacı Çələbi irsinin, bu tamaşanın verilməsinin tarixi əhəmiyyəti ondadır ki, biz gələcəkdə də ölkəmizin tarixi taleyi ilə bağlı bütün çətinliklərdə özümüzə, xalqımıza arxalanmalıyıq”.

Sonda Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, əsərin ideya müəllifi akademik Yaqub Mahmudova və teatrın kollektivinə Şəki ictimaiyyəti və teatrsevərlər adından minnətdarlığını bildirib.

AzərTac

  • Paylaş: