Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.05.2024 13:50
  • A-
  • A
  • A+

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan respublika konfransı keçirilib

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan respublika konfransı keçirilib

Gəncə şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyinin Gəncə şəhərində yerləşən Bioresurslar İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Boyaq bitki xammalları və tullantılarının emalı” mövzusunda respublika konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər güllər düzüb, müasir Azərbaycan dövlətçiliyinin memarının xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdən öncə Gəncə Bölməsinin salonunun foyesində sözügedən elm ocağında çalışan alim və tədqiqatçıların nailiyyətlərini əks etdirən sərgi nümayiş olunub.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ekoloji məsələləri əhatə edən iki günlük respublika elmi konfransını giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev açaraq iştirakçıları salamlayıb tədbirin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamının işığında keçirildiyini vurğulayıb. Akademik Fuad Əliyev tədbiri sözügedən sərəncamın müddəalarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə ziyalıların və alimlərin töhfə verməsi istiqamətində təşəbbüslərindən biri kimi dəyərləndirib.

Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun (Gəncə) direktoru kimya üzrə fəlsəfə doktoru İmran Qasımov çıxışında konfransın proqramının zəngin olduğunu, məruzə və çıxışların xüsusən ekoloji problemlərin həlli üçün qarşıda duran məsələlərdə alim və tədqiqatçıları yeni ideyalara istiqamətləndirə biləcəyinə inandığını vurğulayıb.

AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, respublikamızda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində köklü işlər aparıldığını vurğulayıb. Y.Şükürlü bu istiqamətlərdə təşəbbüs və tədqiqatları koordinasiya etmək məqsədilə bölgələrimizin elm ocaqları arasında əlaqələrin genişləndirilməsinin məqsədəuyğunluğunu qeyd edib.

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov alimlərimizin ölkənin elmi, iqtisadi və mədəni potensialının artırılmasına verdikləri töhfələrin Azərbaycanın çiçəklənməsinə xidmət etdiyini vurğulayıb. Y.Bədəlov qeyd edib ki, cənab Prezident İlham Əliyevin müstəqil dövlətimizin qüdrətinin yüksəldilməsi naminə apardığı ardıcıl və qətiyyətli daxili və xarici siyasət nəticəsidə ölkəmizin nüfuzu və beynəlxalq aləmdə mövqeyi möhkəmlənir. “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, COP29-un bu il Azərbaycanda keçiriləcəyi də bunu təsdiq edən faktlardandır”, - deyə natiq fikrini tamamlayıb.

Sonra konfransın plenar iclası başlayıb. Tədbirin ilk günü Gəncə Dövlət Universitetinin professoru biologiya elmləri doktoru Aynur Bayramova, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti aqrar elmlər üzrə fəlsəfə doktoru Əfqan Hüseynov, Bioresurslar İnstitutunun (Gəncə) əməkdaşı texnika üzrə fəlsəfə doktoru, dosent Aişə Həsənova, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti aqrar elmlər üzrə fəlsəfə doktoru İzabella Qasımova, Aqrar Problemlər İnstitutunun dosenti aqrar elmlər üzrə fəlsəfə doktoru Aygün Babayeva,  Gəncə Dövlət Universitetinin dosenti biologiya üzrə fəlsəfə doktoru Tünzalə İsgəndərova, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutundan Müzakir Məmmədov və Şəki Regional Elmi Mərkəzinin elmi katibi Vəfa Atayeva çıxış ediblər.

Konfransın ikinci günündə “Biotexnologiyalar”, “Ekoloji bitki boyaları”, “Qida təhlükəsizliyində boyaq bitkilərinin əhəmiyyəti”, “Biomüxtəliflik və onun qorunması”, “Bitki mənşəli tullantıların təkrar emalı və tətbiqi” mövzularını əhatə edən bölmələr üzrə iclaslarda ümumən 32 məruzə dinlənilib, yaxud təşkilat komitəsi tərəfindən qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: