Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda hibrid formada elmi seminar keçirilib.
İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə onlayn formada bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda institutun “Post-konflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri, i.ü.f.d., dosent Azər Səfərov “Post-konflikt ərazilərin bərpası və yenidən qurulması siyasəti: hədəflər və istiqamətlər” mövzusunda təqdimatla çıxış edib.
İşğaldan azad olunmuş ərazilərin tezliklə bərpasının hökumətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu qeyd edən məruzəçi bu istiqamətdə əsas hədəflərdən, həyata keçirilən irimiqyaslı layihələrdən, yeni iqtisadiyyat quruculuğundan, əhalinin məskunlaşdırılması, yeni iş yerlərinin yaradılması və məşğulluq problemlərindən danışıb. Bildirib ki, post-konflikt ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin əsas prioritetlərindən biridir. “Böyük qayıdış” proqramının qəbul olunması və sürətli icrası bu siyasətin əyani təsdiqi və gerçəkləşdirilmə formasıdır. Əsas hədəf işğal nəticəsində dağıdılmış ərazilərin ən yüksək dünya standartlarına uyğun bərpa edilməsi və məskunlaşdırılması, habelə Azərbaycanın iqtisadi inkişafının lokomotivi rolunu oynaya biləcək yeni iqtisadi potensialın yaradılmasıdır.
Azər Səfərov Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının əsas mahiyyəti barədə danışıb. Tədqiqatçı hesab edir ki, həmin ərazilərdə əhalinin məşğulluğunu və ümumiyyətlə dayanıqlı inkişafını ancaq irimiqyaslı investisiyalar təmin edə bilər. Ona görə də yenidən tikilən kənd və şəhərlərdə mənzil fondundan qabaq istehsal müəssisələri və xidmət obyektləri yaradılmalıdır, mənzil tikintisi və məskunlaşma isə bunun ardınca getməlidir. İstehsal müəssisələrinin, məşğulluğu təmin edəcək obyektlərin yaradılması ümumi bir konsepsiya və ümumi bir sxem əsasında aparılmalıdır. Nəticədə elə bir iqtisadiyyat strukturu formalaşdırılmalıdır ki, o həm ən səmərəli məşğulluğu, həm də ölkədə ən müasir iqtisadiyyat strukturu yaradılmasının əhəmiyyətli tərkib hissəsi olsun. Bunlarla yanaşı, dövlət - özəl əməkdaşlığı prinsipinin geniş tətbiqi regionda investisiya cəlbi və sahibkarlıq fəaliyyəti üçün yaradılmış unikal normativ bazadan səmərəli şəkildə yararlanmağa imkan verə bilər.
Sonra suallar cavablandırılıb, işğaldan azad olunmuş ərazilərdə yeni iqtisadiyyat quruculuğu, əhalinin məskunlaşdırılması və məşğulluğunun təmin edilməsi, regionda yüksək həyat standartlarının formalaşdırılması məsələləri ilə bağlı geniş müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.