Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının sözügedən müəssisənin 2023-ci ilin 6 ayı ərzində elmi və elmi - təşkilati hesabatına həsr olunmuş xüsusi iclası keçirilib.
İclası açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, cari ilin 6 ayı ərzində institutun elmi və elmi-təşkilati fəaliyyəti uğurlu olub. Belə ki, yarım il ərzində bir sıra elmi nəticələr əldə olunub, həmin nəticələr yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda institutun beynəlxalq elmi əməkdaşlıq əlaqələri davam edib, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görülüb.
Akademik bildirib ki, yarım il ərzində aparılmış tədqiqatların nəticələri 77 elmi məqalədə öz əksini tapıb. Onlardan 53-ü “Web of Science” və “Scopus” bazalarında olan nüfuzlu jurnallardadır. Bu müddət ərzində institut əməkdaşları 18 konfransda 2 məqalə və 92 tezislərlə çıxış ediblər ki, bunların da 68-i beynəlxalq konfranslardır. Bu konfransların 5-i respublikada, 13-ü isə xaricdə keçirilib.
Həmçinin yarım il ərzində institut əməkdaşları tərəfindən 2 dərslik, 1 monoqrafiya çap edilib. Eyni zamanda Rumıniyanın Petroşani şəhərində “Key trends of integrated innovation-driven scientific and technological development of mining regions” adlı kollektiv monoqrafiyada “Anthropogenic impact of mining solid waste on environmental pollution and ways to restore the ecological balance” adlı fəsil və Kanadada “Advanced Polimer Structures: Apple Academic Press Chemistry for Engineering Applications” adlı kollektiv monoqrafiyada “Synthesis of N-Substituted Dichlormaleinimides and Their Testing as Potential Non-Metallic Oxidation Catalysts” adlı fəsil institutun əməkdaşları tərəfindən yazılıb.
Cari ildə patent almaq üçün 6 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim olunub, onlardan ikisinə ilkin ekspertizanın müsbət rəyi alınıb. Eyni zamanda 1 patent alınıb 3 patent isə alınma ərəfəsindədir. Yarım il ərzində institutda 1 beynəlxalq qrant üzrə işlər davam etdirilib, 2 layihə Elm Fondu qrant müsabiqəsinin qalibi olub.
İnstitutda nəşr olunan və “Scopus” beynəlxalq bazasında indeksləşən 2 jurnal: “Azerbaijan Chemical Journal” və “Chemical Problems” jurnallarının hər birinin 2023-cü ilin 6 ayı ərzində 2 nömrəsi işıq üzü görüb.
Akademik bildirib ki, beynəlxalq bazalarda indeksləşən jurnallarda nəşr olunan elmi məqalələrə görə institutun fəaliyyəti uğurlu olub. Belə ki, “National H-index Ranking” tərəfindən 2023-cü ilin ikinci rübünün nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və universitetlərin “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə (H-index) görə, Azərbaycanın 83 elmi təşkilatının və universitetinin sırasında Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilk onluqda qərarlaşıb.
Sonra akademik qeyd edib ki, məlum olduğu kimi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barəsində cənab Prezidentin sərəncamına uyğun olaraq il ərzində görüləcək ilşərin tədbirlər planı hazırlanıb. Bununla əlaqədar institutda yarım il ərzində bir sıra tədbirlər, o cümlədən 2 konfrans keçirilib, institut əməkdaşlarının mətbuatda Ulu Öndər haqqında publisistik məqalələri çap olunub, institutda Ulu Öndərin guşəsi yaradılıb.
Cari ilin 6 ayı ərzində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmlə təhsilin inteqrasiyası istiqamətində də işlər görülüb. İnstutut alimləri ölkəmizin ali təhsil ocaqları ilə, o cümlədən Bakı Dövlət Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığı davam etdiriblər. Eyni zamanda adları qeyd olunan təhsil müəssisələrinin (ATU, BDU və ADNSU-nun UFAZ) 106 bakalavr və 10 magistrantları cari ilin 6 ayı ərzində institutun bir sıra laboratoriyalarında istehsalat təcrübəsində olublar. Həmçinin institutun 9 magistrantı da elmi-tədqiqat təcrübələri keçib və 19-20 iyun 2023-cü ildə müvəffəqiyyətlə dissertasiya müdafiə ediblər.
İnstitutun doktorantı Aysel Məmmədova Budapeşt Texnologiya və Ekonomika Universitetində 07.03.2023-cü il tarixində dissertasiya müdafiə edib. Doktorantın işi 100 balla qiymətləndirilib və Aysel Məmmədova fəlsəfə doktoru adına layiq görülüb.
Sonda akademik Dilqəm Tağıyev hesabat barəsində, gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.