Polşanın Katovits şəhərində Sileziya Texnologiya Universitetinin təşkil etdiyi nəqliyyat problemləri mövzusunda “Transport Problems 2023” adlı XV beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Konfransın açılış mərasimində çıxış edən institutun rektoru, professor Arkadiusz Mezyk nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, təchizat zəncirində investisiya məsələləri, elmi-texniki və təşkilatı problemlərin həllinə istiqamətlənən konfransın önəminə toxunub, rəhbərlik etdiyi elmi müəssisədə bu istiqamətdə həyata keçirilən işlərdən bəhs edib.
Konfransın plenar iclasında Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov “Azərbaycan Orta Dəhlizin Rəqəmsal Transformasiyasında” mövzusunda məruzə ilə çıxış edib.
Ə.Abbasov nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması zamanı meydana çıxan elmi-texniki problemlərə müasir dövrün tələblərinə uyğun elmi və texnoloji cəhətdən yanaşaraq həll yolları axtarmağın zəruriliyindən, dəhlizlərə çıxışı olan ölkələr arasındakı siyasi-iqtisadi münasibətlər və qəbul olunmuş standartların tətbiqindən bəhs edib. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhlizinin ölkələr arasında təhlükəsizlik, tənzimləmə və geosiyasi məsələlərin həllində önəmini vurğulayan Ə.Abbasov son illərdə beynəlxalq miqyaslı transmilli layihələrin reallaşmasında Azərbaycanın aktiv rola malik olduğunu bildirib, bu istiqamətdə rəhbərlik etdiyi elmi müəssisədə görülən işlərdən söz açıb.
Konfransın plenar iclasında Sileziya Texnologiya Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu arasında Anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində birgə elmi layihələrin, tədqiqatçı və tələbə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
Konfransda, həmçinin AMEA-nın müşaviri, akademik Telman Əliyev “Dəmir yolu relslərinin nasazlıqlarının gizli dövrünə nəzarət üçün hibrid texnologiyaları” mövzusunda video təqdimatla çıxış edib.
Qeyd edək ki, 27 ölkədən aparıcı alimlərin iştirak etdiyi beyəlxalq konfrans öz işini 8 seksiyada davam etdirəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.