Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2023 17:48
  • A-
  • A
  • A+

Bişkekdə “Gənc Türkoloqların Yay Məktəbi”nin açılışı olub

Bişkekdə “Gənc Türkoloqların Yay Məktəbi”nin açılışı olub

Bişkekdə Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı və Türkiyə Elmlər Akademiyası (TÜBA), Manas Qırğızıstan-Türkiyə Universitetinin dəstəyi ilə “Gənc Türkoloqların Yay Məktəbi”nin açılış mərasimi baş tutub.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alpaslan Ceylan, Türk dünyasının, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstanın tanınmış ali təhsil ocaqlarının professorları, Türkiyə, Türkmənistan, Özbəkistan, Macarıstan, Monqolustan, Bosniya və Herseqovina, Şimali Makedoniya, Şimali Kipr Türk Respublikası, Başqırdıstan və Tatarıstandan olan gənc alimlər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev türkologiyanın dəyərlərə əsaslanan və müasir dövlət quruculuğunu hədəfləyən bir elm sahəsi olduğunu bildirib. O, türkoloqların bir-biri ilə Türkiyə dövlətləri üçün ortaq məsələlərin müzakirəsini aparmasının vacibliyini vurğulayıb.

Akademik Şahin Mustafayev çıxışının sonunda gənc alimlərə uğurlar arzulayıb və tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Türkiyə Elmlər Akademiyasına və Qırğızıstan-Türkiyə Manas Universitetinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi “Gənc Türkoloqlar Yay Məktəbi” türkşünaslıq, türk tarixi, türk ədəbiyyatı, antropologiya, mədəniyyətşünaslıq və arxeologiya sahələrində çalışan və tədqiqatlar aparan gənc alimlərə dəstək məqsədilə keçirilib.

Yay məktəbi gənc alimlərə bir-birini daha yaxından tanımağa, öz layihələrini və tədqiqatlarını təqdim etməyə, yeni biliklər əldə etməyə və peşəkar şəbəkələr yaratmağa imkan verir. Yay məktəbi çərçivəsində gənc alimlər Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı üzrə nəzəri və tətbiqi biliklərini dərinləşdirəcəklər.

19-26 iyun 2023-cü il tarixləri arasında keçiriləcək Yay məktəbi çərçivəsində Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı ilə bağlı gündəlik mühazirələr və texniki seminarlar, işçi qruplarda müzakirə sessiyaları və mədəni tədbirlər baş tutacaq.

Yay məktəbi çərçivəsində “Türk dünyası” anlayışı, türk dövlətlərinin tarixi, türk dünyasının arxeologiyası, türk dünyasının sənət və düşüncə tarixi, türk dillərinin xüsusiyyətləri və müasir türk dilləri, türk dünyası mifologiyası, türk dünyasının əfsanə və nağılları işıqlandırılacaq.

Tədbirin sonunda iştirakçılar Yay məktəbinin mövzuları üzrə məruzə hazırlamaq və əldə etdikləri nəticələri alimlərlə müzakirə etmək imkanı əldə edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: