Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.06.2023 09:30
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin sentyabrı

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin sentyabrı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1 sentyabr. Prezident Heydər Əliyev yeni dərs ilinin başlanması münasibətilə Bakının Nərimanov rayonundakı 82 saylı məktəbdə keçirilən tədbirdə nitq söylədi.

Özbəkistanın müstəqillik günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış etdi.

4 sentyabr. Minilliyin Zirvə görüşündə iştirak etmək üçün ABŞ-a işgüzar səfərə yola düşdü.

6 sentyabr. BMT-nin iqamətgahında Minilliyin Zirvə görüşünün açılış mərasimində iştirak etdi.

İsrailin baş naziri Ehud Barak ilə görüşdü.

BMT-nin iqamətgahında GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının minilliyin sammiti çərçivəsində Zirvə görüşündə iştirak etdi.

7 sentyabr. Minilliyin Zirvə görüşündə çıxış etdi.

Nyu-Yorkda ABŞ-ın dövlət katibi Madlen Olbrayt, keçmiş dövlət katibi Henri Kissincer ilə görüşdü.

8 sentyabr. Amerikanın nüfuzlu yəhudi təşkilatlarının rəhbərləri ilə görüşdü.

BMT-nin Baş qərargahında bır sıra görüşlər keçirdi.

9 sentyabr. ABŞ-ın keçmiş prezidenti Corc Buş ilə görüşü oldu.

11 sentyabr. Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi sərginin açılış mərasimində iştirak etdi.

Amerika-Azərbaycan Ticarət Palatasının “Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir” mövzusunda təşkil olunan beynəlxalq konfransda nitq söylədi.

Vaşinqtonda Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin açılış mərasimində, Amerika-Azərbaycan Ticarət Palatasının beş illiyinə həsr olunmuş rəsmi qəbulda çıxış etdi.

12 sentyabr. ABŞ Konqresinin binasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Amerika və Türkiyə şirkətlərinin neft kontraktının imzalanma mərasimində nitq söylədi.

ABŞ Prezidenti Bill Klintonla görüşdü.

Vaşinqtondan Klivlendə yola düşdü.

27 sentyabr. Klivlend şəhərindən Londona getdi.

29 sentyabr. ABŞ və Londona səfərini başa vuraraq Bakıya qayıtdı.

Heydər Əliyev dünyanın super güclərindən biri olan ABŞ ilə münasibətlərin qurulması və inkişaf etdirilməsinə xüsusi önəm verirdi. Ulu Öndər bu barədə danışarkən deyirdi: “Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, ümumiyyətlə Qərb demokratiyasını, mədəniyyətini Qərbdə həm iqtisadiyyat, həm siyasət sahəsində, həm də ictimai sahədə əldə olunmuş nailiyyətləri öyrənmək, onlardan bəhrələnmək, istifadə etmək, bu təcrübəni Azərbaycanda tətbiq etmək müstəqil dövlət kimi, tutduğumuz yolda çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Amerika Birləşmiş Ştatları xüsusi yer tutur. Qərb texnologiyasını, Amerika texnologiyasını, Amerikanın iqtisadiyyatında inkişaf etmiş təcrübəni, prinsipləri, nailiyyətləri öyrənmək və onları Azərbaycana gətirmək, hesab edirəm ki, Azərbaycanın gələcəyi üçün çox lazımdır, zəruridir. Bunlarla yanaşı, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək və bu əməkdaşlığı bütün sahələrə yaymaq da bizim həm dövlət quruculuğumuz üçün, həm də beynəlxalq aləmdə özümüzə layiq yer tutmaq üçün, Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çox əhəmiyyətlidir və çox vacibdir”.

2000-ci ilin sentyabrında Ulu Öndərin ABŞ-a işgüzar səfəri Azərbaycan və Birləşmiş Ştatlar arasında münasibətlərin yeni səhifəsini açdı. Xronologiyadan göründüyü kimi, bu səfər Azərbaycan Prezidentinin Minilliyin Zirvə görüşündə iştirakı və çıxışı, həmçinin ABŞ Prezidenti, bir sıra dövlət xadimləri və siyasətçilərlə görüşləri ilə yadda qaldı.

Sentyabrın 6-da Nyu-Yorkda BMT-nin Baş qərargahında GUÖAM (Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldova) dövlətləri başçılarının Zirvə görüşü baş tutdu. Görüşün yekunlarına əsasən prezidentlərin Nyu-York memorandumu qəbul olundu. Dövlət başçıları təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığı fəallaşdırmaq barədə razılığa gəldilər və müvafiq qərarlar qəbul edildi.

Sentyabrın 7-də Nyu-Yorkda Minilliyin Zirvə görüşü keçirildi. Tədbirdə çıxışı zamanı Heydər Əliyev qloballaşmanın meyilləri, bu mürəkkəb və heç də birmənalı olmayan prosesin perspektivləri barədə fikirlərini bölüşdü. Bildirdi ki, qloballaşma dövlətlərin sabit inkişafının, idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. Azərbaycanın qloballaşmanın müsbət mənada inkişafına verdiyi töhfələrdən danışan Ulu Öndər qeyd etdi ki, ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik coğrafi mövqeyindən, təbii ehtiyatlarından və potensialından istifadə edərək, Şərq-Qərb arasında zəngin tarixi keçmişdən başlanan və gələcəyə istiqamətlənən körpü rolunu səmərəli surətdə həyata keçirir.

Sitat: “Biz Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli üçün çox böyük səylər göstəririk. Dünyanın bir neçə regionunun dövlətlərinin azad və mükəmməl inkişafı üçün bu layihələrin həlledici əhəmiyyəti var, bunlar fövqəlmilli əməkdaşlığa təkan verəcək və qlobal şəraitin inkişafına müəyyənedici təsir göstərəcəkdir. Ancaq xaricdən olan təhlükələr və daxili problemlər, təzyiq göstərilməsi və nüfuz dairələri uğrunda mübarizəyə cəlbetmə hələ bərkiməmiş gənc demokratiyalara öz xalqlarının mənafelərinə və arzularına cavab verən xətlərini sərbəst şəkildə həyata keçirməyə, öz dövlətçiliyini möhkəmləndirməyə və inkişaf etdirməyə, dinc quruculuqla məşğul olmağa imkan vermir. Onlar mövcud olduqları ilk gündən özlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda amansız mübarizəyə başlamağa məcbur olmuşlar”.

Ümummilli Liderin Nyu-Yorka səfəri çərçivəsində Amerikanın nüfuzlu yəhudi təşkilatlarının – Yəhudi Komitəsinin, Prezidentlər Konfransının, Yəhudi Konqresinin, Sovet Yəhudiləri Milli Komitəsinin rəhbərləri ilə görüşü də diqqət çəkən tədbirlərdən biri oldu. Ulu Öndər bildirdi ki, Azərbaycanda yəhudilər əsrlər boyu, bəlkə minilliklər boyu yaşayıblar, çox dəyərli izlər qoyublar. Xüsusilə XX əsrdə Azərbaycanın sosial, iqtisadi inkişafında, mədəniyyətinin, elminin, təhsilinin, incəsənətinin inkişafında da yəhudi millətinə mənsub olan Azərbaycan vətəndaşları çox iş görüblər. Biz bunları həmişə yüksək qiymətləndirmişik. Zaman keçdikcə, hadisələrin bəziləri tarixə çevrildikcə onların qiyməti daha da çox artır.

Ulu Öndər, həmçinin görüş iştirakçılarını maraqlandıran sualları da cavablandırdı.

Sentyabrın 9-da Azərbaycan Prezidenti Heydər Əliyev ilə ABŞ-ın sabiq prezidenti Corc Buş arasında görüş oldu. Görkəmli dövlət xadimi Heydər Əliyev ilə görüşdən şərəf duyduğunu söyləyən Corc Buş Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlara, Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində görülən işlərə böyük maraq göstərdi. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşadığını diqqətə çatdıran Ulu Öndər ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışıqların gedişindən söhbət açdı. Vurğuladı ki, bu münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin, böyük dövlətlərin, xüsusən Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın səylərinin artırılmasına böyük ehtiyac var.

Sentyabrın 11-də Vaşinqtonda “Azərbaycan Avrasiyanın Qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir” mövzusunda beynəlxalq konfrans təşkil edildi. Ulu Öndər tədbirdəki çıxışında Amerika-Azərbaycan Ticarət Palatasının əhəmiyyətinə toxunaraq bildirdi ki, indi Azərbaycanda ABŞ-ın müxtəlif xarakterli 200-ə qədər şirkəti fəaliyyət göstərir. Onların bəziləri Amerika-Azərbaycan birgə şirkətləri, müəssisələridir. Azərbaycanda investisiya şəraiti indi çox yaxşıdır. Amerika-Azərbaycan Ticarət Palatasının artıq böyüdüyünü, ayaq üstə möhkəm dayanan bir təşkilat olduğunu məmnunluqla qeyd edən Ümummilli Lider dedi ki, bu palatanın gələcəkdə uğurla işləməsi üçün ona Amerikanın bütün şirkətləri, xüsusən Azərbaycanda fəaliyyət göstərən böyük neft kompaniyaları qatılmalıdır.

Heydər Əliyev konfrans iştirakçılarını Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi ağır problemdən - Ermənistan-Azərbaycan münaqişəsi barədə də məlumatlandırdı.

Sentyabrın 12-də ARDNŞ ilə ABŞ və Türkiyənin neft şirkətləri arasında “Mişovdağ” və “Kəlaməddin” yataqlarının birgə işlənməsi haqqında saziş imzalandı. Mərasimdə nitq söyləyən Ulu Öndər 1994-cü ildən etibarən ölkəmizin enerji ehtiyatlarının - həm Xəzər dənizinin Azərbaycan sektorunda olan neft və qaz yataqlarının, həm də quruda olan neft və qaz yataqlarının dünyanın böyük neft şirkətləri ilə, birinci növbədə ABŞ-ın böyük neft şirkətləri ilə müştərək işlənilməsi prosesinə başlandığını xatırlatdı. Artıq 20-ci müqavilənin imzalandığını söyləyən Ümummilli Lider bu işbirliyinin böyük gələcəyi olduğunu vurğuladı.

Sitat: “Son beş ildə Amerika Birləşmiş Ştatlarının şirkətləri Azərbaycana 1 milyard 600 milyon dollar investisiya qoyublar. Bunun 1 milyard 400 milyon dolları neft sektoruna aiddir. Ümumiyyətlə, beş ildə Azərbaycana 5,2 milyard dollar xarici investisiya gəlibdir. Yəni inkişafımız üçün çox gözəl əsas yaratmışıq. Bu işlərimizdə biz Amerika Birləşmiş Ştatlarına arxalanırıq, güvənirik. Hesab edirik ki, Amerika Birləşmiş Ştatlarının dövləti, hökuməti bizi heç vaxt çətinlikdə qoymayacaqlar”.

  • Paylaş: