Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.06.2023 16:25
  • A-
  • A
  • A+

Botanika İnstitutunun gənc alimləri beynəlxalq seminarda iştirak ediblər

Botanika İnstitutunun gənc alimləri beynəlxalq seminarda iştirak ediblər

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun gənc alimləri b.ü.f.d. Aydan Zeynalova və b.ü.f.d. Nigar Mürsəlqızı Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilən “Biomüxtəlifliyin öyrənilməsi” adlı beynəlxalq seminarda iştirak ediblər.

N.Mürsəlqızı “Böyük Qafqazın şimal-şərq hissəsində yayılan bəzi nadir növlərin senopopulyasiyalarının vəziyyəti”,  A.Zeynolva isə “Azərbaycanda yayılan yabanı narın tədqiqi” adlı məruzə ilə seminarda çıxış edib. Müxtəlif ölkələrdən 40-a yaxın gənc alimin iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd ölkələr arasında elmi yeniliklərin paylaşılması, gənc alimlərin gələcəkdə daha sıx əməkdaşlıq etməsi olub.

Səfər müddətində azərbaycanlı gənc alimlər Tacikistan Respublikası Elmlər Akademiyası Botanika, Fiziologiya və Genetika İnstitutunun direktoru Bobozoda Bakohoca Giyeseddin  ilə görüşüblər. Görüş zamanı Botanika İnstitutunun əsas elmi istiqamətləri, beynəlxalq əlaqələri, eyni zamanda dövri elmi nəşrlər olan “Plant&Fungal Research” və “Azerbaijan Journal of Botany” jurnalları barədə geniş məlumat verilib və onların yeni çap olunmuş nömrələri instituta təqdim olunub. Həmçinin iki qurum arasında gələcək elmi əməkdaşlıq müzakirə edilib, anlaşma memorandumu barədə qərar qəbul olunub.

Bundan əlavə, seminar günləri çərçivəsində iştirakçılar “Kondara” Varzob dağlıq-botaniki stansiyasına, “Siyekux” yüksək dağlıq bioloji stansiyasına ekspedisiyaya gediblər. Həmin ərazilərin flora və bitkilik tipləri ilə yaxından tanış olublar.

Seminarın yekununda Tacikistan Elmlər Akademiyasının prezidenti, akademik Farhod Rahimi gənc alimlərə sertifikatları təqdim edib. Akademik, həmçinin Tacikistan və Azərbaycan arasında dostluq əlaqələrindən söz açıb, qarşılıqlı elmi mübadilələrə hər zaman hazır olduqlarını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: