Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin böyük Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvaniyə həsr olunan üçüncü buraxılışı yayımlanıb
03.07.2023 15:07
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin böyük Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvaniyə həsr olunan üçüncü buraxılışı yayımlanıb

“Mədəniyyət” kanalında “Vətənim” verilişinin böyük Azərbaycan səyyahı, alim və təsəvvüf xadimi Hacı Zeynalabdin Şirvaniyə həsr olunan növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə qeyd olunub ki, Hacı Zeynalabdin Şirvani 58 illik ömrünün 40 ilini səfərlərdə, səyahətlərdə keçirib. Onun insanlar arasındakı səfərləri əbədiyyət boyu davam edir.

Akademik Rafael Hüseynov böyük Azərbaycan səyyahı və alimi Hacı Zeynalabdin Şirvaninin ömrü boyu oxumaqdan, öyrənməkdən usanmadığını bildirib. Diqqətə çatdırıb ki, o, 3 məşhur səyahətnaməsində - Riyazüs-səyahət (Səyahət bağçaları), Hədaiqüs-səyahət (Səyahət bağları) və Bustanus-səyahət”də (Səyahət gülzarı) 500-dən çox mənbədən istifadə edib. Bundan başqa, böyük səyyah qaynaqlardan, insanlardan, böyük alimlərdən qeydlər yazıya alıb, özünün şəxsən gördüklərini də bura əlavə edirdi.

Hacı Zeynalabdin Şirvanini milli elmi tarixçiliyimizin, milli elmi salnaməçiliyimizin banisi saymaq olar. Onun əsərləri möhkəm bilik bünövrəsinə dayandığı üçün heç zaman köhnəlmir, - deyən akademik Rafael Hüseynov güclü hafizə sahibi olan Hacı Zeynalabdin Şirvaninin həm də şair kimi şeirlər qələmə aldığını bildirib.

O, səyyahın Şamaxı, Bakı, Quba səfərlərindən bəhs edib, Şirvaninin zərbülməsəllər yaratdığını bildirib. Hacı Zeynalabdin Şirvaninin 40 illik səyahəti müddətində çətinliklərlə də üzləşdiyini, onun Şirazdan Kərbalaya gedərkən Məmmədqasım Süleyman oğlu Qacarın zülmünə məruz qaldığını və 25 il ərzində apardığı qeydlərin toplandığı kağızların yandırıldığını diqqətə çatdırıb.

Verilişdə, həmçinin Rzaqulu xan Hidayətin Hacı Zeynalabdin Şirvani ilə münasibətlərindən bəhs olunub.

Qeyd edilib ki, 1838-ci ildə həyat yoldaşı ilə birlikdə çıxdığı həcc ziyarəti zamanı Zeynalabdin Şirvani yolda xəstələnib və Ciddə şəhəri yaxınlığında dünyasını dəyişib.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: