Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.04.2024 18:00
  • A-
  • A
  • A+

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Direktorlar Şurasının növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, vitse-prezidentləri xidmətinin elmi katibləri, elmi müəssisə və təşkilatların direktorları, elmi katibləri və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan akademik İsa Həbibbəyli Akademiyada idarəetmənin yüksək səviyyədə təşkilində və elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsində Direktorlar Şurasının iclasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

AMEA-da “Elektron sənəd dövriyyəsinin təşkili haqqında” çıxış edən akademik İsa Həbibbəyli ilk dəfə olaraq yaradılan bu sahənin inkişaf etdirilməsinə Rəyasət Heyəti aparatından başlanıldığını və artıq texniki infrastrukturun yeniləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, aparatın zəruri strukturlarına ən son nəsil masaüstü kompüterlər və noutbuklar, “Cisco” şəbəkə avadanlıqları alınıb, binanın optik kabelləri yenilənib və növbəti aylarda Rəyasət Heyətinin aparatı respublikanın elektron sənəd dövriyyəsinə qoşulacaqdır.

Akademik İsa Həbibbəyli elektron sənəd dövriyyəsinin təşkilinin AMEA-da həyata keçirilən elektron hərəkatın bir hissəsi olduğunu və bu sistemin tezliklə Akademiyanın bütün elmi müəssisə və təşkilatlarında da qurulacağını söyləyib.

Bundan əlavə, AMEA-nın elmi jurnallarının Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) Dərgi Park elektron baza reyestrinə daxil edilməsi ilə bağlı işlərin davam etdirildiyini, ULAKBİM-in tələblərinə cavab verən Akademiyanın 17 nəşrinin əməkdaşları üçün seminarların keçirildiyini və artıq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Dərgi Park elektron reyestrinə daxil olduğunu vurğulayıb.

Eyni zamanda, Akademiyanın elmi jurnallarının dünyanın nüfuzlu elmi bazalarına daxil edilməsi, alimlərimizin istinad göstəricilərinin yüksəldilməsi, akademik sosial şəbəkələrdən istifadənin genişləndirilməsi, “Vikipediya”da Azərbaycanın mövqeyinin gücləndirilməsi, həmçinin Mərkəzi Elmi Kitabxanada elektron kitabxananın yaradılması və elektron arxivin qurulması və digər bir çox istiqamətdə yeniləşən Akademiyada elektron hərəkatın davam etdirildiyini və bu işlərin dərinləşməkdə olduğunu bildirib.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva AMEA Rəyasət Heyəti aparatında və elmi müəssisələrdə sənəd dövriyyəsinin vəziyyəti haqqında məlumat verib. Ə.Əliyeva qeyd edib ki, rəhbərlik etdiyi şöbə il ərzində daxil olmuş məktub və sənədlərin icrasını həyata keçirib, sənəd dövriyyəsi ilə bağlı mövcud qanunvericiliyi və tələbləri elmi müəssisə və təşkilatlara çatdırıb.

Şöbə müdiri 2024-cü ilin ilk dörd ayı ərzində Akademiyaya 605-i sənəd, 68-i vətəndaş müraciəti olmaqla ümumilikdə 673 sənədin daxil olduğunu deyib və onların cavablandırılmasını qənaətbəxş qiymətləndirib.

Məruzəçi, həmçinin 2024-cü il ərzində AMEA-nın vitse-prezidentlərinin xidmətinə, Rəyasət Heyəti aparatının şöbələrinə, AMEA-nın elmi müəssisə və təşkilatlarına, regional bölmələrinə və regional elmi mərkəzlərinə daxil olmuş sənədlərin statistikasını və icra vəziyyətini diqqətə çatdırıb.

Məruzə ətrafında çıxış edən akademik İsa Həbibbəyli sənəd dövriyyəsi ilə bağlı statistikanın ilk dəfə təqdim edildiyini, daxil olmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında cavablandırılmasının vacibliyini bildirib və bu fəaliyyətin kargüzarlıq və idarəçilik mədəniyyətinin tərkib hissəsi olduğunu vurğulayıb.

İclasda həmçinin AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud AMEA-da işə davamiyyətin və məzuniyyətlərin cari vəziyyəti haqqında məlumatı təqdim edib, həlli vacib olan məsələləri diqqətə çatdırıb.

Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov, AMEA-nın vitse-prezidentləri akademiklər İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyeva, Mərkəzi Elmi Kitabxananın direktoru texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov və başqaları çıxış edərək təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: