Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.07.2023 16:11
  • A-
  • A
  • A+

Xarici ölkələrin Konstitusiya məhkəmələrinin nümayəndə heyəti Ədəbiyyat Muzeyində olub

Xarici ölkələrin Konstitusiya məhkəmələrinin nümayəndə heyəti Ədəbiyyat Muzeyində olub

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə ölkəmizə səfər edən bir sıra xarici ölkələrin Konstitusiya məhkəmələrinin nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.

Muzeylə yaxından tanışlıq zamanı qonaqlara bildirilib ki, 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilmiş bina 1915-ci ildə ikinci mərtəbə artırılaraq mehmanxana kimi fəaliyyət göstərib. 1918-1920-ci illərdə burada Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti, 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqı yerləşib. 1939-cu ilin noyabrında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə respublika Nazirlər Kabinetinin qərarı ilə Nizami Muzeyi yaradılıb. Muzeyin həmin binada yerləşdirilməsi məqsədi ilə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsinə əsasən burada yenidənqurma işləri aparılıb, fasadda heykəllər qoyulub, daha iki mərtəbə əlavə edilib.

Qonaqları ingiliscə muzeyin  Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlı, rusca həmin şöbənin elmi işçisi Aygün Abbasquliyeva, türkcə isə Doktorantura və elmi inkişaf şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova müşayiət ediblər.

Muzeyin zəngin ekspozisiyası ilə tanış olan nümayəndə heyətinə Azərbaycan xalqının zəngin ədəbiyyatı, görkəmli ədəbiyyat xadimlərinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.

Muzeyin qiymətli eksponatlarını – əlyazmaları, klassik əsərlərə toxunmuş süjetli xalçaları, miniatürləri, şair və yazıçılarımızın əsərləri əsasında çəkilmiş tablo və illüstrasiyaları izləyən qonaqlar sonda təəssüratlarını “Rəylər kitabı”na yazıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: