Tanınmış torpaqşünas alim, Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Mahmud Abdullayev ömrünün 82-ci ilində vəfat etmişdir.
Mahmud Abdulla oğlu Abdullayev 30 iyun 1941-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirmişdir. 1964-cü ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin ET Əkinçilik İnstitutunun aspiranturasına daxil olaraq 3 il müddətinə keçmiş SSRİ Elmlər Akademiyasının Moskvadakı Biofizika İnstitutunda radiobiologiya ixtisası üzrə aspiranturaya göndərilmişdir.
Mahmud Abdullayev 1980-ci ildə Moskva Dövlət Universitetində “Torpaqşünaslıq” ixtisası üzrə dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcəsini, 1998-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildə “Torpaqşünaslıq” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
Mahmud Abdullayev Azərbaycan SSR Elmlər Akademiyasının Bakı Torpaq Ekspedisiyasında texnik-kartoqraf, mühəndis-torpaqşünas vəzifəsində çalışmışdır.
1967-1971-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin ET Əkinçilik İnstitutunun Cəlilabad Zona Təcrübə Stansiyasında Aqrokimya və torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmış, burada respublikanın torpaq-bitki örtüyünün süni və təbii radionuklidlərlə (radioizotoplarla) çirklənməsinə dair elmi tədqiqat işləri aparmışdır. O, 1989-cu ildən Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin ET Əkinçilik İnstitutunda böyük elmi işçi, qrup rəhbəri və aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
Mahmud Abdullayev 1999-cu ildən Dövlət Torpaq Kadastrı Monitorinqi və Elmi-İstehsalat Mərkəzində şöbə rəisi vəzifəsində çalışmış, o dövrdən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun və AR KTN ET Əkinçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış doktorluq dissertasiyalarının Müdafiəsi Şurasının üzvü olmuşdur. 2009-cu ildə müsabiqə yolu ilə AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasına müdir vəzifəsinə seçilmiş, 2021-ci ilə qədər bu vəzifədə çalışmışdır.
Mahmud Abdullayev AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibinin müavini (2012-2016) işləmişdir.
M.A.Abdullayevin elmi fəaliyyəti torpaq ehtiyatlarının öyrənilməsinin çox sahələrini əhatə edir. Belə ki, o mineral gübrələri müxtəlif normalarda tətbiq edərək, məhsuldarlığın artması ilə yanaşı, məhsulda süni və təbii radionuklidlərin toplanmasının xeyli miqdarda azalmasına nail olmuşdur. Onun tərəfindən stronsium-90 və sezium-137 radionuklidlərinin Azərbaycan torpaqlarında yayılmasını göstərən xəritələr tərtib edilmiş və onlar Azərbaycanın Ekoloji Atlasına daxil edilmişdir.
Alimin 100-ə qədər elmi əsəri, o cümlədən 4 monoqrafiyası ölkəmizdə və xaricdə dərc olunmuşdur.
AMEA-nın müxbir üzvü Mahmud Abdulla oğlu Abdullayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
AMEA-nın Rəyasət Heyəti
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.