Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.07.2023 09:10
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin noyabrı

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin noyabrı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1 noyabr. Prezident Heydər Əliyev Lökbatan qəsəbəsində şəhid ailələri və Qarabağ əlilləri üçün tikilmiş yeni yaşayış binasının istifadəyə verilməsi mərasimində nitq söylədi.

2 noyabr. Xətai rayonu ərazisində "Bakı SOS Uşaq Kəndi"nin açılış mərasimində çıxış etdi.

3 noyabr. "Azərneftyağ" İstehsalat Birliyində bitum qurğusunun istifadəyə verilməsi mərasimində iştirak etdi.

5 noyabr. Səbail rayonundakı 17 nömrəli seçki məntəqəsinə gələrək Milli Məclisə seçkilərdə səs verdi.

9 noyabr. ABŞ Prezidentinin və dövlət katibinin Xəzər hövzəsinin enerji məsələlərinə dair xüsusi nümayəndəsi səfir Con Vulfu qəbul etdi.

15 noyabr. XI Yay Paralimpiya Oyunlarında iştirak etmiş əlil idmançılarımızla görüşdü.

25 noyabr. “Azərbaycan mədəniyyətinin dostları” fondunun təşəbbüsü ilə “Uşaqlar gələcəyimizdir” devizi ilə keçirilən xeyriyyə konsertindən sonra görkəmli sənətkarlarla görüşdü.

26 noyabr. Noyabrın 25-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş müşavirədə nitq söylədi.

30 noyabr. MDB üzvü olan ölkələrin dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Minsk şəhərində səfərdə oldu.

2000-ci il noyabrın 2-də “Bakı SOS Uşaq Kəndi” istifadəyə verildi. Açılış mərasimində çıxış edən Ulu Öndər Azərbaycanda son illər uşaqlara, gənclərə qayğının daim artdığını bildirdi. Qeyd etdi ki, mövcud imkanlardan uşaqlar, gənclər üçün maksimum istifadə olunur və bunun nəticəsi göz qabağındadır. Hər bir millət gərək özünün bu günü, gələcəyi olan uşaqlara, gənclərə qayğı göstərsin. Azərbaycanda kimsəsiz, valideynsiz uşaqlara göstərilən qayğı da ən ümdə vəzifələrdən biridir. Biz çalışırıq ki, bu qayğı günbəgün artsın.

Sitat: “Həm Bakıda, həm də Azərbaycanın başqa məntəqələrində kimsəsiz uşaqlar üçün gözəl uşaq evləri var. Mən şəxsən o uşaq evlərinin bir neçəsində olmuşam... Sizə deyim ki, məni həyatımda bunun qədər sevindirən heç bir şey olmayıbdır. Ancaq deyə bilmərəm ki, biz uşaqlar üçün, yəni bu kimsəsiz, valideynsiz uşaqlar üçün hər şey edə bilmişik. “SOS Kinderdorf İnternəşnl” təşkilatının Azərbaycana gəlməsi – burada deyildi ki, artıq bunlar 140-a qədər ölkədə fəaliyyət göstərirlər, onların qurduqları, yaratdıqları uşaq şəhərcikləri vardır – bizim uşaqlara göstərdiyimiz qayğının və Azərbaycanın beynəlxalq aləmdə artan hörmətinin, ölkəmizə olan diqqətin təzahürüdür”.

Noyabrın 3-də “Azərneftyağ” İstehsalat Birliyində nəhəng bitum qurğusunun istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirildi. Ulu Öndər tədbirdəki çıxışında bu qurğunun istifadəyə verilməsini müəssisənin həyatında daha bir əlamətdar hadisə adlandıraraq Azərbaycanın neft sənayesinin dirçəldilməsi istiqamətində görülən işlərdən danışdı.

Sitat: “Azərbaycanda neft sənayesi qədim tarixə malikdir və əgər ilk dövrlərdə nefti hasil edənlər bazara, sadəcə, xam neft çıxarırdılarsa, sonralar onu emal edib, neft məhsulları əldə edib dünya bazarına çıxardılar. Biz neft emalı sənayesinə ikinci nəfəs verdik. Neft emalı sənayesini dirçəltmək və dənizdən neft çıxarmanın, ümumiyyətlə, neft və qaz yataqlarının geniş miqyasda işlənilməsi üçün 1994-cü ildə bağlanan ilk müqavilədən sonra Azərbaycanın neft sənayesi müasir səviyyədədir və bundan sonra da inkişaf edəcəkdir”.

Noyabrın 25-də axşam saatlarında Bakı şəhərində 6,8 bal gücündə zəlzələ baş verdi. Bu, Azərbaycanda son yüz ilin ən güclü zəlzələlərindən biri idi. Ulu Öndər zəlzələdən dərhal sonra iş yerinə, Prezident Sarayına gəldi, ertəsi gün isə təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar müşavirə keçirdi. Müşavirədə zəlzələdən sonra yaranmış vəziyyət, dəymiş ziyanın aradan qaldırılması kimi məsələlər müzakirə edildi, aidiyyəti təşkilatlara bununla bağlı konkret tapşırıqlar verildi.

Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət qayğısı ilbəil artmağa başladı. Həmin dövrdə onların mənzillə, minik avtomobilləri ilə təmin edilməsi kimi nəcib ənənənin təməli qoyuldu. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərin reabilitasiyası və müalicəsi istiqamətində də davamlı addımlar atıldı.

Qarabağ əlilləri üçün tikilən binalardan biri də 2000-ci il noyabrın 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində istifadəyə verildi. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Ümummilli Lider Azərbaycan torpaqlarının müdafiəsi uğrunda vuruşmuş gənclərin qəhrəmanlığından söhbət açaraq bunun bütün gənclərimiz, xalqımız üçün örnək olduğunu vurğuladı. Qeyd etdi ki, döyüşlərdə yaralanaraq əlil olmuş vətəndaşlara qayğı göstərmək dövlətimizin əsas vəzifələrindən biridir.

Azərbaycanın hər bir vətəndaşı tək özü haqqında yox, həm də qaçqın vəziyyətində, çadırlarda yaşayan insanlar haqqında düşünməlidir.

Heydər Əliyevin Qarabağ əlilləri üçün tikilmiş yeni yaşayış binasının istifadəyə verilməsi mərasimindəki nitqindən

• Bu ev də, bundan əvvəl tikilmiş yaşayış evi də, başqa işlər də Qaradağ rayonundan Milli Məclisə seçdiyiniz deputat İlham Əliyevin təşəbbüsü, fəaliyyəti nəticəsində, onun yaratdığı Sosial-İqtisadi İnkişaf Fondunun hesabına olmuşdur. Mən arzu edərdim ki, bu təcrübə geniş yayılsın. Mən arzu edərdim ki, insanlar bu təcrübədən faydalansınlar. Çünki indi Azərbaycanda çətin şəraitdə yaşayan vətəndaşlarımızla bərabər imkanlı iş adamları, zənginləşmiş insanlar, şəxsi firmaları olanlar vardır. Biz bunu Azərbaycanda bazar iqtisadiyyatının inkişafının nəticələri kimi qiymətləndiririk. Hesab edirik ki, məhz dövlət mülkiyyətini şəxsi mülkiyyətə çevirmək, özəlləşdirmə prosesini aparmaq, sahibkarlara səmərəli iş görmək imkanı yaratmaq vasitəsilə biz iqtisadiyyatımızı inkişaf etdiririk və sosial məsələlərin həll olunması üçün də çox işlər görə bilirik.

• Ölkəmizin, dövlətimizin problemləri çoxdur. Ancaq bir şeyə əmin ola bilərsiniz ki, son yeddi ildə, xüsusən ötən beş il müddətində gördüyümüz işlər və əldə etdiyimiz nəticələr tam əsas verir mən sizə bəyan edim, sizin qarşınızda deyim ki, biz bir dövlət kimi Azərbaycanı aybaay, ilbəil inkişaf etdirəcəyik, respublikamızın problemlərini həll edirik və həll edəcəyik, öz vətəndaşlarımızın həyat şəraitini, güzəranını yaxşılaşdıracağıq. Azərbaycan vətəndaşlarının hamısının firavan həyat səviyyəsinə gəlib çatacağı gün də çox uzaqda deyildir.

• Hamımızı narahat edən bir məsələ işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, Ermənistanın təcavüzünə son qoyulması və yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızın öz yerinə qayıtmasıdır. Bu, hamımızın arzusudur. Bu, didərgin düşmüş insanların arzusudur. Bu, eyni zamanda, bütün Azərbaycan xalqının arzusudur. Çünki birincisi, torpaqlarımızın bir hissəsi təcavüz altındadır. İkincisi isə Azərbaycanın hər bir vətəndaşı tək özü haqqında yox, eyni zamanda, ağır vəziyyətdə, qaçqın vəziyyətində, çadırlarda yaşayan insanlar haqqında düşünür və düşünməlidir. Azərbaycanın Prezidenti kimi mən demək olar ki, gecə də, gündüz də bu işlə məşğulam və bu iş məni düşündürür.

  • Paylaş: