AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə Mərkəzin direktoru, fiz.ü.f.d., dosent Yusif Şükürlü gündəlikdəki məsələlər barədə iştirakçıları məlumatlandırıb.
Dosent Yusif Şükürlü çıxışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 26 iyun tarixində Şəki Regional Elmi Mərkəzinə səfərindən bəhs edib, AMEA rəhbərinin Mərkəzdə görülən işlərlə yaxından tanış olduğunu bildirib. O, akademik İsa Həbibbəylinin Tarixi irs və etnoqrafiya şöbəsinin adının dəyişdirilərək Tarix, arxeologiya və etnoqrafiya adlandırılması, eləcə də Folklorşünaslıq və el sənətləri şöbəsinin adının Ədəbi mühit və folklor adı ilə əvəz olunmasıyla bağlı təklif irəli sürdüyünü diqqətə çatdırıb.
Yusif Şükürlü, həmçinin AMEA prezidentinin Şəki REM-in əməkdaşları ilə görüşü barədə “Elm” qəzetinin sonuncu buraxılışında geniş şəkildə məlumatın təqdim edildiyini qeyd edib.
Direktor Şəkidə beynəlxalq elmi konfransın təşkil edilməsi, Şəki REM-in 50 illiyinə həsr edilmiş kitabın nəşr olunması barədə məlumatları Elmi şura iştirakçılarının nəzərinə çatdırıb, müvafiq tapşırıqlarını verib.
Sonra Mərkəzin elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Fərhad Əzizov 2021-2025-ci illər üzrə tədqiqat planına əsasən 19-24 iyun tarixlərində Şəki REM-in I yarımil üçün hesabatlarının dinlənildiyini və tədqiqat nəticələrinin lazımi səviyyədə aparıldığını vurğulayıb. O, hesabatların dinlənilməsi zamanı müvafiq şöbələrin elmi-tədqiqat planlarının icrası ilə bağlı ortaya çıxan problemlərə münasibətini bildirib.
Tədbirdə Şəki REM-in aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Kamil Adışirinov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Mərkəzin hazırladığı Tədbirlər Planına əsasən “Bölgə yazarlarının yaradıcılığında Heydər Əliyev obrazı” adlı regional tədbirin təşkili barədə məlumat verib. Müzakirələrdən sonra tədbirin Bəxtiyar Vahabzadənin ev muzeyində təşkil edilməsi, bölgə yazarlarının konfrans haqqında məlumatlandırılması və onların iştirakının təmin edilməsi barədə qərar qəbul olunub.
Daha sonra Şəki REM-in Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Tural Adışirinov 26 iyun - 1 iyul 2023-cü il tarixlərində Şəkidə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş “Gənc alimlərin innovativ ideya düşərgəsi” haqqında məlumat verib. Qeyd edib ki, düşərgədə 7 mövzu üzrə maarifləndirici seminarlar təşkil edilib. Tural Adışirinov yay düşərgəsində iştirak edən Şəki REM-in iki əməkdaşının sertifikatlarla təltif edildiyini diqqətə çatdırıb.
İclasda Şəki REM-in Texniki informasiya şöbəsinin baş mütəxəssisi Günel Musayeva Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə əməkdaşlığın perspektivliyi haqda məlumat verib. Bildirib ki, həmin institutda Torpaqların ekologiyası beynəlxalq laboratoriyası, eyni zamanda səyyar laboratoriya mövcuddur və onlar qarşılıqlı əməkdaşlıq çərçivəsində bir sıra analizlərin aparılmasında Şəki REM-ə köməklik göstərə bilərlər.
Elmi şura üzvlərinin çıxış və təkliflərindən sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə əməkdaşlığın genişləndirilməsi barədə qərar qəbul edilib.
Sonda Tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisi Reyhan Mənəfovanın Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbər təyin olunması münasib hesab edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.