Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Muğanın qədim arxeoloji mədəniyyəti
29.08.2023 11:08
  • A-
  • A
  • A+

Muğanın qədim arxeoloji mədəniyyəti

Azərbaycanın tarixi abidələrlə zəngin bölgələrindən biri də Muğandır. Bu düzənlik bölgənin xeyli hissəsi hazırda Cənubi Azərbaycan (indiki İran) sərhədləri daxilindədir. Bu vaxta qədər aparılmış arxeoloji tədqiqatlar nəticəsində Muğan düzündə, xüsusilə də Cəlilabad rayonu ərazisində Xalkolit (Eneolit) dövründən başlayaraq Orta əsrlərədək bütün tarixi mərhələlərə aid abidələrin olduğu müəyyən edilmişdir. Bölgədə arxeoloji abidələrin - qədim yaşayış yerlərinin və qəbir abidələrinin sıx yerləşməsi burada qeyd edilən tarixi mərhələlərdə yaşayışın intensiv olduğunun göstəricisidir.

Muğanda əsas arxeoloji tədqiqatlar Cəlilabad rayonu ərazisində aparılmışdır. İlk geniş, uzun müddətli qazıntı işləri Azərbaycan arxeologiya elmində mühüm xidmətləri olmuş mərhum arxeoloq Fərman Mahmudovun adı ilə bağlıdır. Onun bu bölgədəki başlıca tədqiqatları Əliköməktəpəsi yaşayış yerində apardığı arxeoloji qazıntılar olmuşdur. Abidə 1966-cı ildə qeydə alınmış, 1971-ci ildən başlayaraq on il müddətində geniş qazıntı işləri aparılmışdır. 1980-cı ildə Əliköməktəpəsində qazıntı işləri müvəqqəti dayandırılmış və yalnız 1990-cı illərin əvvəllərində qısa müddətə davam etdirmək mümkün olmuşdur. Ümumilikdə 600 m2 sahə qazılmışdır ki, bu da Xalkolit dövrü abidələrinin tədqiqatları üçün olduqca böyük göstəricidir. Mədəni təbəqənin ümumi qalınlığı isə 5 m-dən artıq olmuşdur.

Bu, olduqca maraqlı abidə Muğanın Xalkolit dövrü tarixinin böyük bir mərhələsinin – e.ə. V minilliyin ortaları-ikinci yarısının başlıca xüsusiyyətlərini müəyyən etməyə imkan vermişdir. F.Mahmudov Əlikömək təpəsinin qazıntılarının nəticələri əsasında 80-ci illərdəki nəşrlərində düzgün istiqamət müəyyən edərək “Muğanda Zaqafqaziya eneolitinin yerli variantının olduğunu” yazmış və bunu e.ə. V minilliyin sonu - əvvəllərinə aid etmişdir. Lakin son illərin elmi araşdırmaları kontekstində bu nəticələrə düzəlişlərin edilməsi qaçılmazdır.

İlk növbədə qeyd edilməlidir ki, keçən əsrin 70-80-ci illərində Cənubi Qafqazda erkən əkinçilik mədəniyyətləri abidələrinin hamısı bir qayda olaraq Eneolit dövrünə, onların xronologiyası isə e.ə. V-IV minilliklər çərçivəsinə daxil edilirdi. Əliköməktəpəsi abidəsi də elmdəki bu mədəni ənənələrlə bağlı olaraq Qarabağın İlanlıtəpə, Çalağantəpə, Naxçıvanın I Kültəpə kimi yaşayış yerləri ilə müqayisəli təhlil edilirdi və bu abidələrin mədəni ənənələri kontekstində seçilirdi. Buna görə də F.Mahmudov Əliköməktəpəsini Cənubi Qafqaz Xalkolitinin yerli variantı hesab etmişdir.

Lakin qeyd etmək vacibdir ki, son iyirmi ildə aparılmış arxeoloji tədqiqatlar Qarabağın və Naxçıvanın yuxarıda qeyd edilən abidələrinin Əliköməktəpəsindən bir neçə yüz il daha qədimə – Neolit dövrünə və fərqli ənənələrə aid olduğunu göstərmişdir. Əliköməktəpəsinin memarlıq qalıqları, arxeoloji materialları həmin Neolit abidələrinin belə tapıntılarından əsaslı şəkildə fərqlənir. Bu səbəblərdən Əliköməktəpəsi bütün bu abidələrin mənsub olduqları xronoloji və mədəni baxımdan tam fərqli arxeoloji komplekslərin lokal variantı ola bilməzdi.

Fikrimizcə Əliköməktəpəsində aşkara çıxarılmış erkən əkinçilik dövrü maddi mədəniyyət qalıqları müstəqil arxeoloji mədəniyyətdir. Xalkolit dövrünün orta mərhələsinə aid bu mədəniyyəti “Muğan arxeoloji mədəniyyəti” adlandırmaq daha düzgündür. Son illər Əliköməktəpəsinə yaxın sahədə qazılmış Polutəpə yaşayış yeri də (T.Axundovun qazıntıları) bu mədəniyyətə aiddir. Polutəpədə aşkar edilmiş bütün tapıntılar az fərqlərlə Əliköməktəpəsi materiallarını təkrarlayır. Buna görə də daha zəngin olan Əliköməktəpəsi abidəsinin qazıntılarının nəticələri əsasında Muğan Xalkolit mədəniyyətinin əsas xüsusiyyətləri müəyyən edilir.

Əliköməktəpəsi və ümumiyyətlə Muğan mədəniyyəti onunla həmdövr olan Naxçıvandakı Ovçulartəpəsi, Gəncə-Qazax bölgəsində Keçili, Menteştəpə kimi abidələrin memarlıq qalıqları və arxeoloji materialları ilə müqayisəli təhlil edilə bilər. Muğan mədəniyyəti bu göstəriciləri, əhalinin həyat tərzi ilə həmin bölgələrin abidələrindən oxşar cəhətlərdən daha çox fərqli cəhətləri ilə seçilir. Bunu xüsusilə də əsas amillərdən biri olan tikinti ənənələrinin müqayisələrində aşkar müşahidə etmək olur. Belə ki, Əliköməktəpəsində çiy kərpiclə inşa olunmuş 100-ə qədər tikililər başlıca olaraq oval-düzbucaqlı planlıdırlar. Az sayda dairəvi tikililər yalnız alt qatlarda aşkar edilmişdir. Bir neçə tikili (yaşayış və ya təsərrüfat təyinatlı binalar) bir tərəfdən ümumi bir divara bitişik inşa edilmişdir. Yarımqazma tipli 22 №-li tikilinin divarı suvaq üzərindən əhənglə ağardılmış, bu ağ fonun səthi isə qırmızı oxra ilə naxışlanmışdır. İbadət yeri olan bu binanın və ümumiyyətlə Əliköməktəpəsi tikililərinin mütləq əksəriyyətinin analoqları Cənubi Qafqazın həmdövr abidələrindən məlum deyildir.

Tikintidə dayaq sütunlarının qurulması Əliköməktəpəsinin fərqləndirici cəhətlərindən biridir. Evlərin içərisində və həyətlərdə divar diblərində aşkar edilmiş, üzərinə saxsı döşənmiş tumbaların oxşarları Qafqaz və Yaxın Şərq abidələrindən aşkar edilməmişdir. Cənubi Qafqazın və yaxın Şərqin Neolit və Xalkolit dövrləri yaşayış yerlərinin hamısı üçün ərzaq ehtiyatının saxlanması məqsədilə istifadə olunan təsərrüfat quyuları səciyyəvidir. Əliköməktəpəsində isə bunlardan fərqli olaraq təsərrüfat quyularından deyil, bu quyuları əvəz edən iri ölçülü gil küplərdən istifadə olunmuşdur.

Polutəpədə 450 m2 sahədə Xalkolit dövrünə aid 4 m qalınlığında mədəni təbəqə qazılsa da burada bəzi divar fraqmentləri istisna olmaqla tikili qalıqları aşkar edilməmişdir.

Muğan mədəniyyəti əhalisinin təsərrüfatı da müəyyən göstəriciləri ilə Azərbaycanın və ümumiyyətlə Cənubi Qafqazın erkən əkinçilik mədəniyyətlərində olduğundan fərqlidir. Bu ilk növbədə Muğanın Avrasiyada ən qədim atçılıq mərkəzlərindən biri olmasıdır. Əliköməktəpəsi bütövlükdə Qafqazda və Yaxın Şərqdə atların əhliləşdirildiyi ən qədim yaşayış məskənidir.

Əliköməktəpə yaşayış yerinin e.ə. V minilliyin ortaları-ikinci yarısına (Xalkolit dövrü Muğan mədəniyyətinə) aid təbəqəsindən çoxsaylı əhliləşmiş at sümükləri, o cümlədən atların bütöv kəllə və çənə sümükləri aşkar edilmişdir. Belə tapıntılardan biri daha maraqlıdır. Yaşayış yerinin qazıntı sahəsində, ikinci inşaat qatında qarşıya yönəlmiş iri buynuzları olan iki öküz kəlləsi aşkar edilmişdir. Nisbətən kiçik kəllənin buynuzlarının üzərində qırmızı oxra qalıqları saxlanmışdır. Məhz bu buynuzların arasında atın alt çənəsi qoyulmuşdur.

Fikrimizcə Əliköməktəpəsi yaşayış yerində belə bir vəziyyət, yəni öküz və at kəllə/çənə sümüklərinin məqsədli şəkildə yığcam yerləşdilirilməsi kult təsəvvürləri ilə bağlı olmuşdur. Bu kəllə və çənə sümüklərinin bütöv halda aşkar edilməsi, onların məqsədli olaraq müəyyən qaydalara uyğun yerləşdirilməsi, burada oxradan istifadə belə düşünməyə əsas verir. Bu tapıntılar həmin dövrdə Muğanda atdan təsərrüfatda geniş istifadə ilə yanaşı atla bağlı sitayişin meydana çıxdığını göstərir.

Abidənin keramika məmulatı tipoloji xüsusiyyətlərinə və ornamentlərinə görə müəyyən yerli fərqlərə malikdir. Qabların yumruq şəkilli çıxıntılı qulpları arxeologiya elmində artıq “Əliköməktəpə tipli qulplar” statusunu almışdır. Burada aşkar edilmiş çəkmə formalı saxsı qabın bənzəri yalnız Mesopotamiyadakı III Yarımtəpə yaşayış yerindən məlumdur. Cənubi Qafqazın digər erkən əkinçilik dövrü abidələrindən çay daşlarından olan “sapand daşları (mərmiləri)” aşkar edildiyi halda Muğan mədəniyyəti üçün yumurtaşəkilli gil “sapand mərmiləri” səciyyəvi olmuşdur.

Daşdan hazırlanmış alətlərin də xammal növü diqqəti cəlb edir. Belə ki, Cənubi Qafqazın həmdövr yaşayış yerlərində obsidiandan hazırlanmış kəsici alətlər çaxmaq daşından olan alətlərdən dəfələrlə çoxdur. Əliköməktəpəsində isə bunun tam əksi müşahidə edilir: çaxmaq daşından alətlər obsidiandan olan alətlərdən qat-qat çoxdur. Bu vəziyyəti yalnız yaşayış yerinin obsidian yataqlarından (Kəlbəcər) nisbətən uzaq məsafədə yerləşməsi ilə izah etmək doğru olmazdı. Bu, həm də çaxmaq daşından alət hazırlanmasının yerli ənənələri ilə bağlı idi.

Maraqlı faktlardan biri yaşayış yerinin sümük məmulatının özünəməxsus xüsusiyyətidir. Belə ki, xırdabuynuzlu heyvanın dirsək sümüyündən hazırlanmış biz tipli alətlər yalnız Əliköməktəpəsi üçün səciyyəvidir. Toxaların da yalnız maral buynuzundan düzəldilməsi məhz bu yaşayış yerinin fərqləndirici xüsusiyyətlərindən biridir. İlk dəfə Əliköməktəpəsində aşkar edilmiş qoyunun kürək sümüyündən düzəldilmiş qaşovvari bıçaqlar, öküzün kürək sümüyündən hazırlanmış biçin aləti yalnız Muğan mədəniyyəti üçün xasdır.

Muğan Xalkolit mədəniyyətinin əhalisi təkərli nəqliyyatla tanış idilər. Polutəpə yaşayış yerindən aşkar edilmiş araba təkərinin gildən hazırlanmış modeli bunu sübut edir. Bu model Cənubi Qafqazda və Yaxın Şərqdə bu qəbildən olan ən qədim tapıntıdır.

Beləliklə, Əliköməktəpəsi yaşayış yerinin qazıntılarının nəticələri Muğanın Xalkolit dövrü mədəniyyətini, o dövr əhalinin həyat tərzinin başlıca lokal xüsusiyyətlərini səciyyələndirir. Təəssüflər olsun ki, mühüm elmi əhəmiyyətə malik belə bir abidənin materialları, abidə ilə bağlı elmi informasiyalar bu günə qədər tam olaraq nəşr edilməmişdir. Fərman Mahmudovun həyatdan vaxtsız getməsi səbəbindən bu iş sona çatdırılmamışdır. Hazırda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun qarşısında duran elmi vəzifələrdən biri də budur. Ümid edirik ki, Əliköməktəpəsi yaşayış yerinin qazıntılarının bütün nəticələri sanballı bir monoqrafiya halında, Fərman Mahmudovun adının müəllif kimi saxlanması şərtilə nəşr ediləcəkdir. Bu, Azərbaycan arxeologiya elmində zəruri bir tədbir olmaqla yanaşı abidəni uzun illər tədqiq etmiş alimin xatirəsinə hörmət əlamətinin ifadəsi olardı.

Nəcəf MÜSEYİBLİ, tarix elmləri doktoru, professor

aznews.az

  • Paylaş: