Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.08.2023 10:38
  • A-
  • A
  • A+

Goranboyun Meşəli kəndində yerləşən alban məbədi tədqiq edilib

Goranboyun Meşəli kəndində yerləşən alban məbədi tədqiq edilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin bərpası və qorunması problemləri şöbəsinin müdiri, memarlıq doktoru Rahibə Əliyeva avqust ayında Goranboy rayonunda mövcud olan bir sıra abidələri tədqiq edib.

Bu abidələrdən biri Goranboy rayonunun Meşəli kəndində yerləşən alban abidəsidir.

Məbəd Meşəli (Mənəşli) kəndinin tarixi mərkəzində, meydanda yerləşir. Abidə Nazirlər Kabinetinin 2001-ci ildə nəşr olunmuş “Abidələrin əhəmiyyət dərəcəsinə görə bölgüsü” kataloqunda yerli əhəmiyyətli abidə kimi qeydə  alınıb.

Düzbucaqlı plan quruluşlu, 3 nefli, bazilikalı dini tikilinin VI-XII əsrlərdə inşa olunması barədə məlumat verilsə də, abidənin VI əsrdə tikilərək, XII əsrdə bərpa olunduğu göstərilir.

Baş fasadın, qərb istiqamətdən əsas girişi şərqə, altara doğru, baş nef boyu istiqamətlənib.  Bu giriş apostolun və digər din xadimlərinin girişi üçün nəzərdə tutulsa da, şimal giriş ibadətə gələn əhali üçün nəzərdə tutulub. Baş nef öz  ölçüləri- eni və hündürlüyü ilə şimal və cənub neflərini üstələyir. Yan neflərin hündürlüyünün az olması, örtük konstruksiyasının maili  həll olunmasına şərait yaradıb.  Yan neflərin şərq  divarları kiçik apsidalı otaqlarla  tamamlanıb. 

Tikinti materialı kimi qaya parçalarından və gil-kəc materialından yapışdırıcı kimi istifadə  olunub. Tikilinin bir hissəsi aqlayla üzlənib. Şimal giriş qapısı üzərində və cinahlarda həkk olunmuş alban xaçları, ermənilərin bu kənddə yaşadıqları müddətdə təhrifə məruz qalıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: