Mütəmadi olaraq keçirilən “Bəşəriyyət üçün elmin inkişafı” tədbiri çərçivəsində Çinin paytaxtı Pekində ilk dəfə “Fundamental Elmlər Beynəlxalq Konqres”i (International Congress of Basic Science (ICBS)) keçirilib.
Konqresdə Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşlarının akademik Nazim Məmmədov, fizika-riyaziyyat elmləri doktorları Nadir Abdullayev, İmaməddin Əmiraslanov və kimya elmləri doktoru Ziya Əliyevin bir sıra ölkələrin alimləri ilə həmmüəllif olduqları “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator” adlı məqaləsi beynəlxalq mükafata layiq görülüb. Qeyd edək ki, laureatların həmmüəllif olduqları elmi məqalə 18 dekabr 2019-cu ildə "Nature" jurnalında nəşr olunub və məqaləyə olan istinadların sayı 100-ü keçib.
Qeyd edək ki, “Fundamental Elmlər Beynəlxalq Konqres”i son beş ildə çap olunmuş yüksək fundamental elmi dəyərə malik olan nailiyyətləri və ən yaxşı tədqiqatları qiymətləndirir. Konqres fundamental elmlərin 3 sahəsini - riyaziyyat, nəzəri fizika və kvant kompüter və informasiya elmlərini əhatə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.