Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (AR ETN) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nümayəndə heyəti baş direktor, akademik Əli Abbasovun rəhbərliyi ilə Çin Xalq Respublikasında səfərdə olublar.
Səfərin məqsədi uzaqdan zondlama və müşahidə metodları ilə Yer haqqında aerokosmik informasiyanın toplanması, İpək Yolu ölkələrində Data mərkəzlərdə yerləşdirilməsi və emalı vasitəsilə BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” proqramı çərçivəsində XXI əsrin qlobal Yer problemlərinin, o cümlədən təbii fəlakətlər, iqlim dəyişiklikləri, su resurslarının idarə olunması və digər təbiət problemlərinin həllində Çin alim və mütəxəssisləri ilə əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi olub.
İSİ əməkdaşları Çin Elmlər Akademiyasının (ÇEA) Aerokosmik İnformasiya Tədqiqatları İnstitutunda və tədqiqat mərkəzlərində, Çin Milli Kosmik Admnistrasiyasının Yer Müşahidə Sistemi və Məlumat Mərkəzində, Şimali Çin (Pekin) Aerokosmik Mühəndislik Universitetində, Quançjou Universitetində və universitetlərin elmi-tədqiqat institutlarında, Şençjen şəhərində Süni İntellekt Assosiasiyasında görüşlər və müzakirələr aparıblar. Qonaqlar, həmçinin elm-sənaye platformasına əsaslanan aşağı orbitli peyklərin Yer haqqında informasiya xidmətləri verən IPLOOK Technologies Co., Ltd, China Communication Sevices Corporation, XXI Əsr Aerospace Technology Co. (21AT) və intellektual robotların istehsalı ilə məşğul olan DOBOT şirkətini ziyarət edib və yaxından tanış olublar. Görüşlərdə əsasən aerokosmik informasiyanın emalı, birgə elmi-tədqiqat layihələrinin yerinə yetirilməsi və kadr hazırlığı üzrə əməkdaşlığın həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Səfər müddətində Azərbaycan və Çin alimləri “Bir kəmər - Bir yol” təşəbbüsü platformasında Çin Elmlər Akademiyasının Elm Proqramı çərçivəsində fəzadan Yer kürəsinin tədqiqi məsələlərində, o cümlədən Avropa və Asiya arasında Azərbaycan Respublikasının da aktiv iştirakçısı olduğu “Orta Koridor” boyunca nəqliyyat və logistika məsələlərində elmi tutumlu problemlərin həllində birgə əməkdaşlıq üzrə müzakirələr aparıblar.
ÇEA-nın Aerokosmik İnformasiya Tədqiqatları İnstitutu və ETN İdarəetmə Sistemləri İnstitutu arasında uzaqdan zondlama ilə aerokosmik informasiyanın emalı sahəsində elmi-texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sözügedən birgə işlərin həyata keçirilməsində yuxarıda qeyd olunan Çin aerokosmik müəssisələri ilə birlikdə Azərbaycan Azərkosmos ASC, Milli Aerokosmik Agentliyi (MAKA), Milli Aviasiya Akademiyasının və ETN İnformasiya Texnologiyaları İnstitutunun da alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.