AMEA yarandığı vaxtdan bu günə qədər həqiqi, müxbir və fəxri üzvləri olmuş alimlərin geniş elmi tərcümeyi-halını əks etdirən “Akademiya simalarda” adlı kitab çapdan çıxıb.
AMEA-nın 70 illik yubileyi ərəfəsində işıq üzü görmüş və geniş oxucu auditoriyasının diqqətini cəlb edən bu kitab elmi ictimaiyyətə böyük töhfə kimi olduqca əhəmiyyətlidir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin kitaba yazdığı ön sözdə deyilir: “Bu kitabın hər səhifəsindən həyatını və ömrünü elmi yaradıcılığa sərf etmiş görkəmli bir alimin nurlu siması canlanmaqdadır. Onlar qədim və zəngin elmi irsimizin möhkəm bünövrəsi üzərində ucalan elm məbədinin – Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olmuş böyük alimlərdir. Bu alimlər həyat və fəaliyyətləri ilə gənc nəslə ən parlaq nümunə olmaqla bərabər, xalqımızın yaddaşında silinməz izlər buraxmış şəxsiyyətlərdir. İllər ötəcək, hər biri böyük bir xalq üçün örnək ola bilən bu alimlərin parlaq obrazı insanların yaddaşından silinməyəcək, xalqımızın qürur mənbəyi olaraq qalacaqdır”.
Kitabda 450-yə yaxın alimin hər biri haqqında bir səhifəlik tərcümeyi-hal fotoları ilə birgə oxucu auditoriyasına təqdim olunur. Eyni zamanda, kitabın ilk səhifələrində “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı öz əksini tapır.
AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr edilən və Akademiyanın “Elm” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan kitab oxuculara Azərbaycan dilində təqdim edilir. 1000 nüsxə tirajla çap olunması nəzərdə tutulan kitabın 500 nüsxəsi artıq işıq üzü görüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir