Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.10.2023 14:35
  • A-
  • A
  • A+

Gənc alim Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Gənc alim Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarov Türkiyədə keçirilən “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi II” simpoziumunda iştirak edib.

Alim tədbirdə “Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində birgəyaşayış, tolerantlıq və insan konsepsiyası” mövzusunda məruzə edib.

Simpozium Kırıkkale Universitetinin İslam Elmləri Fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, İndoneziya Kalicaga Yogyakarta Dövlət İslam Universiteti və Azərbaycan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 2-7 oktyabr tarixləri arasında Türkiyənin Kırıkkale şəhərində təşkil edilib.

14 ölkədən 100-dən artıq alimin iştirak etdiyi simpoziumda Azərbaycandan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov və prorektoru, dosent Mirniyaz Mürsəlov, Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru, i.f.d. Mehman İsmayılov, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarov, Mənəvi dəyərlərin Təbliği Fondunun İcraçı direktorunun müavini Hatəm Gülməmmədov, Azərbaycan İlahiyyat İnstitutunun  Xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov, Mənəvi Dəyərlərin Təbliği Fondu Mənəvi dəyərlərin təbliği şöbəsinin baş mütəxəssisi Aynur Süleymanlı iştirak ediblər.

Əlimuxtar Muxtarov məruzəsində Azərbaycan xalqının dünya ədəbiyyatına, mədəniyyətinə bəxş etdiyi dahi mütəfəkkir Nizami Gəncəvinin əsərlərində təbliğ və təsvir edilən tolerantlığın, birgəyaşayışın, multikultural ənənələrin dahi şairin mənsub olduğu Azərbaycan xalqının tarixi keşçişindən süzülüb gəldiyini və bu ideyaların da bu gün  Azərbaycan cəmiyyətində mehribanlıqla birgə yaşayan müxtəlif xalqların  bir həyat tərzi olduğunu vurğulayıb.

Alim simpozium çərçivəsində Türk dünyasından, İslam ölkələrindən gələn həmkarları ilə fərdi qaydada görüşlər keçirərək, dahi mütəfəkkirin əsərlərinə, qədim təzkirələrə, mənbələrə istinad etməklə Nizami Gəncəvinin Gəncədə əsilli-nəsilli Azərbaycan türkünün ailəsində düyaya gəldiyini, dünya poeziyasının nadir inciləri olan "Xəmsə" sini bu diyarda, bu şəhərdə qələmə aldığını, həm ata-anasının, həm də özünün məzarlarının, məqbərəsinin bu gün də Azərbaycan xalqı ilə yanaşı, ölkəmizə gələn qonaqların müqəddəs bir məkan kimi ziyarət edildiyini bildirib.

Azərbaycanda dövlət səviyyəsində Nizami Gəncəvi ilə bağlı həyata keçirilən tədbirlərdən söz açan alim qonaqların nəzərinə çatdırıb ki: Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmiş, 2021-ci il isə Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” kimi qeyd edilmişdir.

Alim eyni zamanda Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı Azərbaycanda nəşr edilən bəzi kitabların elektron versiyalarının qonaqlar üçün əlçatanlığını təmin etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: