Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

27.08.2024 16:38
  • A-
  • A
  • A+

Kembricdə nəşr olunan kitabın bir fəslinin müəllifi azərbaycanlı alimdir

Kembricdə nəşr olunan kitabın bir fəslinin müəllifi azərbaycanlı alimdir

2024-cü il avqustda Beynəlxalq Cambridge Scholars Publishing akademik nəşriyyat evi Avrasiya kurqanları və meqalitlərinə həsr edilmiş tədqiqat əsərini (Tumuli and Megaliths in Eurasia) çap edib.

Dünyanın 16 ölkəsindən 74 müəllif əsər üzərində çalışıb. Əsərdəki 31 fəslin hər biri müxtəlif ölkədən olan alimlər tərəfindən yazılıb. Beynəlxalq elmi kollektivin əməyinin birgə nəticəsi olan bu nəşrdə tarix, arxeologiya, antropologiya və mədəni irs sahələrində çalışan tədqiqatçılar üçün aktual olan regional xüsusiyyətlərin rəngarəngliyi, nəzəri perspektiv və elmi yanaşmalar təqdim edilir.

Zəngin illüstrasiyalara malik əsər itmiş mədəniyyətlər, erkən dini baxışlar və qədim memarlıq üzrə Portuqaliyada təşkil olunmuş beynəlxalq konqresə təqdim olunan yeni tədqiqatları əks etdirir.

Əsərin 12-ci fəslinin müəllifi AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımovdur. P.Qasımov Tovuz bölgəsindəki Topdağdağan kurqanlarının misalında orta tunc dövrünün sonu və erkən dəmir dövründə Avrasiyadakı Srubnaya, Cənubi Uraldakı erkən iskit və Mərkəzi Asiyadakı erkən sak mədəniyyətlərinin kurqanları arasında konstruktiv oxşarlıqları qeyd etmiş və bu analogiyaların mənbələri probleminin elm qarşısında durduğunu göstərmişdir. 

İngilis dilində olan əsər dünya üzrə universitetlər, elmi-tədqiqat mərkəzləri və ixtisaslaşmış kitabxanalar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: