Şabran rayonunun Qalaaltı müalicə-istirahət kompleksində “Azərbaycanda transsərhəd geoparkların yaradılması perspektivləri və UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulmaq” mövzusunda beynəlxalq tədbir keçirilib.
Tədbirdə Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktor v.i.e. c.ü.f.d., dosent Zaur İmranı, elmi katib c.ü.f.d., dosent Səidə Zeynalova və aparıcı elmi işçi, c.ü.f.d. Rövşən Kərimov da olmaqla 50-dən çox alim və mütəxəssis - coğrafiyaçı, ekoloq, turizmçi, (onlayn rejimdə) Almaniyanın Gissen şəhərindən olan həmkarlar, həmçinin qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları qeyd ediblər ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında biosfer qoruğu və Alazan (Gənix) çayı vadisində - Samux və Qax rayonlarını, eləcə də Axar-Baxar dağ silsiləsini əhatə edən yeni geoparkın yaradılması planlaşdırılır. Bundan əlavə, Azərbaycanda transsərhəd geoparkların yaradılması perspektivləri də nəzərdən keçirilir. Belə layihələrdən biri Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində planlaşdırılan geoparkdır və bu geopark İranla birgə transsərhəd geoparkın bir hissəsi ola bilər.
Öz növbəsində, uzun müddətdir ki, geoparkların yaradılması məsələləri ilə məşğul olan Coğrafiya İnstitutunun direktoru v.i.e. Zaur İmrani bu məsələ ilə bağlı öz mövqeyini bildirib. O qeyd edib ki, bu sahə son dərəcə aktual və perspektivlidir. Geoparklar təbiətin elmi əhəmiyyəti olan, qorunması və turizmin inkişafı ilə birləşən görkəmli geoloji irsə malik xüsusi ərazilərdir. Zaur İmrani vurğulayıb ki, geoparklar ekskursiyalar, açıq hava muzeyləri, təhsil proqramları və elmi festivallar vasitəsilə coğrafiya elmini geniş kütlələrə tanıdır.
Səidə Zeynalova çıxışında potensial geopark ərazisi kimi öz unikal landşaftları ilə seçilən palçıq vulkanlarını qeyd edib. O bildirib ki, ən optimal geopark ərazisi məhz palçıq vulkanları və onların ətraf sahələri seçilə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.