Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2025 09:35
  • A-
  • A
  • A+

Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 4-cü beynəlxalq konfrans öz işini yekunlaşdırıb

Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 4-cü beynəlxalq konfrans öz işini yekunlaşdırıb

Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 4-cü beynəlxalq konfransın (PLMO 2025) növbəti sessiyası və bağlanış tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və kollektivi, AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən t.e.d., dosent Elxan Səbziyev, nümayəndə heyəti və xarici qonaqlar iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycan xalqının Ümummili Lideri, dahi şəxsiyyət Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşaraq canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov qonaqları salamlayaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz ölkələri arasında təhlükəsizlik, tənzimləmə və elmi-texniki məsələlərin həllinə istiqamətlənən beynəlxalq konfransın önəminə toxunub. Qeyd edib ki, açılış mərsimi Bakı şəhərində keçirilən bu mötəbər konfransın son sessiyasının və bağlanış tədbirinin Gəncə şəhərində keçirilməsi yerli və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı üçün olduqca böyük əhəmiyyətə malikdir.

Azərbaycanın coğrafi olaraq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində, dünyada baş verən qlobal xarakterli iqtisadi-siyasi proseslərin mərkəzində yerləşdiyini qeyd edən Y.Ömərov bu əlverişli mövqedən yararlanaraq tranzit potensialının inkişaf etdirilməsinin ölkənin geosiyasi təhlükəsizliyi, iqtisadi inkişafı və regionda sabitliyin bərqərar olması baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, Çindən başlayaraq Mərkəzi Asiya ölkələrindən keçən, daha sonra Azərbaycan, Gürcüstan, Türkiyə və digər Avropa ölkələrinə qədər uzanan bu dəhliz hazırda Asiya ilə Avropanı birləşdirən ən qısa və əlverişli nəqliyyat dəhlizdir. O, Alternativ dəhliz olan Şimal dəhlizi ilə müqayisədə yüklərin daha qısa zamanda və sürətli daşınmasına şərait yaradan Orta dəhlizin tərkib hissəsi kimi Bakı-Tiblisi-Qars dəmir yolunun önəmini qeyd edib. Bildirib ki, bu dəhliz Çin Xalq Respublikası tərəfindən elan olunan və Azərbaycan da daxil olmaqla bir sıra qabaqcıl ölkələr tərəfindən dəstəklənən “Bir Kəmər, Bir Yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.

Beynəlxalq nəqliyyat dəhlizlərinin milli dövlətlərin iqtisadi mövcudluğunun və davamlı inkişafının tərkib hissəsi olduğunu qeyd edən rektor ölkəmizdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən əməli tədbirlərdən bəhs edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan nəqliyyat strategiyasının hazırda uğurla davam etdirildiyini bildirən Y.Ömərov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün fəaliyyət planı” ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərində mövcud problemlərin aradan qaldırılması və prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından həlledici rol oynayır.

Beynəlxalq konfransın əsas istiqamətlərindən birinin məhz “Nəqliyyat sənayesində təhsil” olduğunu qeyd edən rektor nəqliyyat sahəsində yüksək ixtisaslı kadrların yetirişdirilməsi istiqamətində Azərbaycan Texnologiya Universitetində görülən işlərdən ətraflı şəkildə söz açıb, özəl və dövlət qurumları ilə aktiv əməkdaşlıq imkanları, beynəlxalq əlaqələr və təhsil mübadiləsi barədə məlumat verib.

Çıxışının sonunda göstərilən dəstəyə görə həmtəşkilatçılara, xüsusən də AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasova təşəkkürünü ifadə edən Y.Ömərov konfransın sözügedən qurumlar arasında müxtəlif sahələrdə gələcək əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov onlayn formatda çıxış edərək Şərq-Qərb nəqliyyat dəhlizi ölkələri arasında təhlükəsizlik, tənzimləmə və elmi-texniki məsələlərin həllinə istiqamətlənən beynəlxalq konfransın önəminə toxunub. O, AMEA-nın müşaviri, akademik Telman Əliyevin 90 illik yubileyinə həsr olunan konfransın əsas məqsədinin elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələrin bir araya gələrək Şərq-Qərb Nəqliyyat Dəhlizində mövcud elmi və praktiki problemlərin müzakirəsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi olduğunu bildirib. Konfransın plenar sessiyasında akademik Telman Əliyevin erkən diaqnostika və strateji obyektlərin qorunması üçün təklif etdiyi küyqarışıq siqnlların yeni nəzəriyyəsinin tətbiqi əsasında aldığı elmi nəticələrlə bağlı çıxışının elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşlandığını nəzərə çatdırıb.

Ə.Abbasov sözügedən konfransın Şərq-Qərb nəqliyyat dəhlizində təkcə elmi-texniki problemlərin həllinə deyil, həm də regionda geosiyasi sahədə aparılan işlərə böyük dəstək verdiyini qeyd edib. Son illərdə beynəlxalq miqyaslı transmilli layihələrin icrasında Azərbaycanın aktiv rola malik olduğunu bildirən akademik hazırda ölkə başçısı tərəfindən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və üzv dövlətlər arasında ticari əlaqələrin qurulmasında həyata keçirilən məqsədyönlü siyasətdən söz açıb. AR Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi baxımından nəticələrindən ətraflı şəkildə bəhs edən Ə.Abbasov bu istiqamətdə dünya alimləri öhdəsinə düşən vəzifələrdən bəhs edib. “Bir Kəmər, Bir Yol” iqtisadi inkişaf strategiyasının növbəti pilləsinin nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması olduğunu bildirən akademik həmsərhəd ölkələr arasında iqtisadi əlaqələrin inkişafı və mövcud konfliktlərin aradan qaldırılması baxımından elmi-texniki problemlərin həllinin dünya elmi ictimaiyyətinin qarşısında duran vacib məsələlərdən biri olduğunu vurğulayıb.

Ə.Abbasov ölkədə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mövcud elmi-texniki problemlərin aradan qaldırılması məqsədilə İSİ-nin müxtəlif yerli və beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrindən, həyata keçirilən meqalayihələrdən söz açıb. Nəqliyyat sahəsində yüksək ixtisaslı kadr potensialının inkişaf etdirilməsi baxımından Azərbaycan Texnologiya Universitetində həyata keçirilən təhsil siyasətini müsbət qiymətləndirən akademik bu istiqamətdə sözügedən qurumlar arasında birgə layihələrin həyata keçirilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib, göstərilən dəstəyə görə təşəkkür edib.

Sonra çıxış edən Polşanın Sileziya Texnologiya Universitetinin nümayəndəsi, “Nəqliyyat problemləri” beynəlxalq elmi jurnalının baş redaktoru, professor Aleksandr Sladkovski dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssisləri bir araya gətirən konfransın əhəmiyyətindən bəhs edib, həmtəşkilatçılara təşəkkürünü ifadə edib. Qeyd edib ki, hazırda nəqliyyat dəhlizlərinin istifadəsi zamanı müxtəlif faktorların təsiri ilə meydana gələn problemlərin aşkarlanması və aradan qaldırılması dünya elmi ictimaiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə Polşanın Sileziya Texnologiya Universiteti, İdarəetmə Sistemləri İnstitutu və Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universiteti arasında mövcud səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edən alim təmsil etdiyi qurumla Azərbaycan Texnologiya Universiteti arasında təhsil və təcrübə mübadiləsinin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib, gələcək prioritetləri nəzərə çatdırıb. Alim, həmçinin 25-27 iyun 2025-ci il tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək Polşanın Sileziya Texnologiya Universitetinin 80 illik yubileyinə həsr olunan Nəqliyyat Problemləri üzrə 17-ci beynəlxalq konfrans barədə məlumat verib, qarşıda duran hədəfləri nəzərə çatıdırıb.

Konfransın yekun sessiyasında Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universitetinin Vaqon və vaqon təsərrüfatı kafedrasının müdiri, professor Rüstəm Rəhimov  “Özbəkistan Respublikasının dəmir yolları üçün tutumu artırılmış sərnişin vaqonları” və Azərbaycan Texnologiya Universitetinin Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Şahin Quliyev “Şərq-Qərb nəqliyyat dəhlizində Azərbaycanın əhəmiyyəti və perspektivlər” mövzusunda elmi məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: