ETN Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri, b.e.d. Dilzarə Ağayeva və İsveçrə Meşə, Qar və Landşaft Federal Tədqiqatlar İnstitutunun Meşə sağlamlığı və biotik qarşılıqlı əlaqələr şöbəsinin müdiri Dr. Simone Prosperonun rəhbərliyi ilə İsveçrə Elm Fondunun maliyyələşdirdiyi üçillik layihə üzrə işlər davam edir.
Layihənin isveçrəli iştirakçılarından olan elmi işçi Dr. Karolina Korneco və PostDok Luiz Ever Vega Gabrera Botanika İnstitutunun qonağı olublar. İnstitutun baş direktoru, b.e.d., prof. Səyyarə İbadullayeva qonaqlarla görüşüb, institutun fəaliyyət istiqmətləri və yerinə yetirilən işlər barədə geniş məlumat verilib, müxtəlif məsələlər üzrə fikir mübadiəsi aparılıb. İnstitutun rəhbərliyinin səyi nəticəsində laboratoriyalar vacib avadanlıqlar və vəsaitlərlə təchiz edilib.
Layihə iştirakçıları plana əsasən birinci il üzrə müəyyənləşdirilmiş məqsəd və vəzifələri geniş müzakirə edib və üç həftə ərzində müəyyən birgə işlər yerinə yetiriblər. Layihənin məqsədi Azərbaycanın bir sıra meşələrində ağaclarla əlaqəli göbələklərin və oomisetlərin monitorinqini aparmaqdan ibarətdir. Müxtəlif iqlim və torpaq tipləri ilə seçilən ərazilərdə bitən bir sıra ağaclardan və torpaqlardan protokola uyğun nümunlər toplanılıb, növbəti mərhələlərdə onların klassik və müasir bioloji yanaşmalarla tədqiqi planlaşdırılır.
Bu elmi məqsədlərlə yanaşı, Azərbaycanda mikoloji tədqiqatların səviyyəsini yaxşılaşdırmaq üçün yeni laboratoriyanın qurulması və gənc tədqiqatçılardan k.e.i. Xədicə Apbayeva və böyük laborant Turanə Həsənlinin mikologiya sahəsində “nou-hau” və texniki bacarıqlarının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.