Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin IV kurs tələbələri 2024-2025-ci tədris ilinin yaz semestri çərçivəsində AMEA-nın Folklor İnstitutunda folklor elmi-tədqiqat təcrübəsini uğurla başa vurublar.
Təcrübə tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərin müasir elmi yanaşmalar kontekstində tətbiqi, onlarda tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması məqsədilə həyata keçirilib.
Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev tələbələri salamlayaraq təcrübənin onların universitetdə əldə etdikləri nəzəri biliklərin tətbiq olunması bacarıqlarını formalaşdırmaq və praktiki səriştələrini ölçmək üçün vacib olduğunu vurğulayıb. Alim qeyd edib ki, Folklor İnstitutunda bir tərəfdən folklor nümunələrinin bölgələrdən toplanılması, sistemləşdirilməsi və nəşri, digər tərəfdən isə müasir dünyanın çağırışlarına müvafiq elmi-nəzəri tədqiqatlar aparılmaqdadır. Folklor örnəklərinin toplanılıb nəşr olunması bütövlükdə xalqa xidmətdir, onun yaradıb yaşatdığı biliyi, mədəni və mənəvi xəzinəsini zənginləşdirməkdir.
Sonra təcrübəçi tələbələrin təhkim olunduğu Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova çıxış edərək bildirib ki, tələbələr bir ay müddətində sözügedən şöbədə təcrübə keçərək elmi və praktiki biliklərini artırıblar. Təcrübə dövründə onlara elmi-tədqiqat prosesində yaxından iştirak və araşdırma vərdişləri mənimsədilib. Qeyd olunub ki, təcrübə müddətində tələbələr topladıqları folklor materiallarını şöbəyə təqdim ediblər.
Daha sonra təcrübəçi tələbələr adından çıxış edən Səfərova Leyla, Vəliyeva Ulduz və Həşimova Minəxanım səmərəli və keyfiyyətli folklor elmi-tədqiqat təcrübəsi keçmələri üçün yaradılan şəraitə görə institut rəhbərliyinə və təhkim olunduqları şöbənin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda institutun direktoru, dosent Hikmət Quliyev təcrübəçi tələbələrə sertifikatlar təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.