Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.10.2023 16:41
  • A-
  • A
  • A+

Professor Yavuz Akpınar Ədəbiyyat İnstitutunda Türkiyədə Azərbaycan ədəbi irsinin öyrənilməsinə dair seminar keçirib

Professor Yavuz Akpınar Ədəbiyyat İnstitutunda Türkiyədə Azərbaycan ədəbi irsinin öyrənilməsinə dair seminar keçirib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda türkiyəli professor Yavuz Akpınarla “Türkiyədə Azərbaycan ədəbi irsinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib.

İnstitut əməkdaşlarının iştirak etdiyi seminarı giriş sözü ilə müəssisənin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq türkiyəli yazıçı və tədqiqatçı Yavuz Akpınarla görüşün əlamətdar günlərə təsadüf etdiyini bildirib. İcraçı direktor vurğulayıb ki, Azərbaycan “Heydər Əliyev İli”ndə və Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ilində növbəti dəfə tarix yazıb. Şanlı Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəngdə ucaldılıb. O, Azərbaycan bayrağının azad olunmuş ərazilərimizdə ucaldılmasının bütün Türk dünyasında qürur və sevinc doğuran tarixi hadisə olduğunu qeyd edib. 

Professor Yavuz Akpınarı yenidən Ədəbiyyat İnstitutunda görməkdən məmnunluq duyduğunu deyən Mehman Həsənli türkiyəli yazıçının Şuşada Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda iştirak üçün Bakıda səfərdə olduğunu diqqətə çatdırıb.

O, Yavuz Akpınarın hələ sovet dövründə Azərbaycan ədəbiyyatı ilə bağlı apardığı araşdırmalardan bəhs edib. Bildirib ki, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin araşdırılmasında mühüm xidmətləri olan professor Yavuz Akpınar Mirzə Fətəli Axundzadənin komediyalarının, bir çox bədii əsərlərin Türkiyədə nəşrində və üniversitetlərdə tədqiq olunmasında böyük işlər görmüşdür.

Daha sonra türkiyəli tədqiqatçı “Türkiyədə Azərbaycan ədəbi irsinin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin mövcud vəziyyətindən və qarşıda duran vəzifələrdən danışıb. Yavuz Akpınar Türkiyədəki Azərbaycan ədəbiyyatı, Anadolu türklərinin ədəbiyyatı və Osmanlı ədəbiyyatının fərqli cəhətlərindən, bu ədəbiyyatları bir-birindən ayırmağın yollarından danışıb. Qeyd edib ki, qıpçaq türkcəsi, Anadolu və onun ətraf bölgələrində Oğuz türklərinin danışıq dili türk ədəbi-yazı dilləri olmuşdur. 

Məruzəçi, həmçinin 1905-ci ildə işıq üzü görən və Azərbaycan türkcəsində nəşr olunan “Həyat” qəzetindən, qədim tarixə malik Azərbaycanın mühacirət ədəbiyyatından, eləcə də Türkiyədə ilk dəfə “Vətən şairi” kimi şöhrət qazanan Namiq Kamalın yaradıcılığından bəhs edib. O, Namiq Kamalın əsərlərində olan vətən sevgisini və bunun timsalında milli azadlıq ruhunu yüksək qiymətləndirib, xalqın mübarizə əzminin artırılmasında Namiq Kamalın rolunu xüsusi qeyd edib.

Yavuz Akpınar Azərbaycanın tarixinə, qəzet-jurnallarına, eləcə də görkəmli ədəbiyyatçılarına dair Türkiyə mənbələrində önəmli faktların olduğunu və onların tədqiqinə zərurət yarandığını bildirib. Türkiyəli professor gənclərə Türkiyədə Azərbaycan ədəbi irsinin öyrənilməsi ilə bağlı tədqiqatları davam etdirməyi tövsiyə edib.

Seminarda institut əməkdaşlarından – professor Asif Rüstəmli, filologiya elmləri doktorları Abid Tahirli, Məmməd Əliyev, Fəridə Əzizova, İmamverdi Həmidov, Salidə Şərifova, İslam Qəribli, Tahirə Məmməd, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, Zəkulla Bayramlı və Aslan Salmansoy çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər. Həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin dosenti Nazim Muradov da seminarın mövzusu ilə bağlı mülahizələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: