Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

30.10.2023 09:56
  • A-
  • A
  • A+

“Sehrli planşet” uşaq pyesi Rusiyada səhnələşdirilir

“Sehrli planşet” uşaq pyesi Rusiyada səhnələşdirilir

AMEA-nın “Elm” nəşriyyatının direktor müavini, tanınmış uşaq yazarı və dramaturqu Vüqar Haqverdiyevin müəllifi olduğu “Sehrli planşet” nağıl-pyesi Rusiyanın Krasnoyarsk vilayətinin Kozul “Solneçnıe luçiki (az. Günəş Şüaları)” Uşaq Musiqili Teatrında səhnələşdirilir.

Balaca aktyorların ifasında hazırlanan musiqili tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri Еkaterina Kukinadır.

Sözügedən səhnə əsəri bu ilin noyabrında Kozulda keçiriləcək “Dünya xalqlarının nağılları” teatr festivalında nümayiş olunacaq. Əsərin başlıca ideyası uşaqlara dostluq, yoldaşlıq, xeyirxahlıq kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, həm də onlara qarşıya qoyulan məqsədə düzgün yolla getməyin, pis əməllərdən çəkinməyin, dürüst və ədalətli olmağın, eləcə də çətin məqamlarda bir-birilərinə kömək etməyin vacibliyini və əhəmiyyətini göstərməkdir.

Qeyd edək ki, əsərdəki hadisələr qeyri-adi bir məkanda, yeni nəsil ağıllı cihazlar qrupuna aid olan geniş ekranlı rəqəmsal planşetdə baş verir. Lakin bu planşet ağıllı olmaqla bərabər, həm də sehrlidir, nağıllar aləminə giriş portalıdır. Əsərin qəhrəmanı balaca Aylin bu portaldan keçərək onu köməyə çağıran dovşan balalarının yanına düşür və onlarla bərabər sehrli aləmdə qeyri-adi macəralar yaşayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: