Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.11.2023 12:48
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı beynəlxalq konfransda sertifikata layiq görülüb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı beynəlxalq konfransda sertifikata layiq görülüb

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Tamilla Bayramova Hindistan Texnologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən “Təkamül Hesablamaları və Mobil Dayanıqlı Şəbəkələr üzrə 3-cü Beynəlxalq Konfrans”da (3rd International Conference on Evolutionary Computing and Mobile Sustainable Networks, ICECMSN 2023) onlayn formatda çıxış edib.

Konfransın materialları “Elsevier” nəşriyyatı tərəfindən kitab şəklində çap olunub. Həmin kitab nüfuzlu “Web of Science” və “Scopus” bazalarında indeksləşir.

Beynəlxalq konfransın əsas məqsədi təkamül hesablama texnologiyaları və mobil dayanıqlı şəbəkələrin elmi problemləri ilə bağlı aparılan son tədqiqat işlərini təbliğ etmək və əks etdirmək olub.

T.Bayramova konfransda “Neyron şəbəkələrin tətbiqi ilə proqram təminatının etibarlılığının qiymətləndirilmə metodunun işlənməsi” (Development of a method for software reliability assessment using neural networks) mövzusunda məruzə edib. O, çıxışında proqram təminatının etibarlılığının artım modelləri (Software Reliability Grows Models - SRGM) haqqında məlumat verib. Bildirib ki, bu modellər gələcəkdə baş verə biləcək qəzaların intensivliyini və proqram sistemində aşkar edilməmiş xətaların sayını qiymətləndirmək üçün istifadə edilir.

“SRGM proqram mühəndislərinə sınaq prosesinin sona çatması barədə qərarlar qəbul etməyə və proqram sistemini istifadəçiyə təqdim etməzdən əvvəl onun etibarlılığını qiymətləndirməyə imkan verir”, - deyə T.Bayramova qeyd edib. O, bildirib ki, etibarlılığın qiymətləndirilməsi üçün 250-dən çox ənənəvi SRGM təklif olunsa da, daha etibarlı modellərin hazırlanması üçün tədqiqatlar hələ də davam edir.

Son illərdə proqram təminatının etibarlılığının qiymətləndirilməsinin dəqiqliyini artırmaq üçün süni intellekt texnologiyalarına əsaslanan yeni metodların işlənildiyini vurğulayan məruzəçi tədqiqat işində proqram təminatının etibarlılığını qiymətləndirmək üçün neyron şəbəkə alqoritminin təklif edildiyini diqqətə çatdırıb. Tədqiqatçının sözlərinə görə, bu məqsədlə təkcə proqram təminatında müəyyən edilmiş xətalar və qəzalar deyil, proqram təminatının etibarlılığına təsir edən və onun həyat dövrünü əhatə edən digər amillər də qiymətləndirilmiş, onların əsasında üç laylı əks əlaqəli neyron şəbəkəsini öyrətmək üçün dəstlər yaradılmışdır.

T. Bayramova “Təkamül Hesablamaları və Mobil Dayanıqlı Şəbəkələr üzrə 3-cü Beynəlxalq Konfrans”da uğurlu iştirakına görə sertifikata layiq görülüb.

Qeyd edək ki, konfransın materiallarının “Elsevier” bazasına daxil olan “Procedia Computer Science” jurnalında da çap olunması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: