Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“İslam dünyasının və Azərbaycanın klassik poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin “ipək yolu” kimi” mövzusunda beynəlxalq konfrans keçirilib
28.11.2023 15:46
  • A-
  • A
  • A+

“İslam dünyasının və Azərbaycanın klassik poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin “ipək yolu” kimi” mövzusunda beynəlxalq konfrans keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Səfiəddin Ürməvinin 825, Əbdülqadir Marağayinin 670, Mir Möhsün Nəvvabın 190 illiyinə həsr olunmuş “İslam dünyasının və Azərbaycanın klassik poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin "ipək yolu" kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Elmi konfransı giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə və xaricdə geniş şəkildə qeyd olunduğunu söyləyib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm və mədəniyyət xadimlərinin, klassiklərinin yaradıcılığına yaxından bələd olduğunu və onların yubileylərinin yüksək səviyyədə qeyd edilməsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.

Azərbaycanın üç böyük şəxsiyyətinin adı ilə qovuşan elmi konfransın əhəmiyyətini vurğulayan akademik Rafael Hüseynov bildirib ki, Azərbaycanın Səfiəddin Ürməvi, Əbdülqadir Marağayi və Mir Möhsün Nəvvab kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanıb, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilib.

“XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Ürməvi və Əbdülqadir Marağayinin adları ilə bağlıdır”, - deyən akademik Rafael Hüseynov Ürməvinin yazdığı "Kitab əl Ədvar" və "Şərəfiyyə" risalələrinin Azərbaycanda musiqi elminin əsasını qoyduğunu və onun gələcək inkişafı üçün zəmin yaratdığını bildirib. O, həmçinin Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvabın zəngin ədəbi irsi haqqında məlumat verib.

Daha sonra akademik Rafael Hüseynov “Müsəlman Şərqi ədəbiyyatı və musiqişünaslığında Azərbaycan məktəbləri” mövzusunda məruzəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın plenar iclasında professor Şəfəq Əlibəyli “Məhəmməd Füzuli nəzmində musiqi alətləri akustik obrazlarının funksional-stilistik xüsusiyyətləri” adlı məruzəsini təqdim edib. O, Məhəmməd Füzulinin “Saqinamə” əsərini təhlil edərək bildirib ki, Füzuli nəzmində musiqi alətləri adlarının yaratdığı akustik obrazların struktur-semantik və funksional-stilistik xüsusiyyətləri maraqlı linqvopoetik məqamlardandır. Məruzəçi qeyd edib ki, həmin akustik obrazların semantik çalarları, məcazlığı, emosionallığı, mətndə xüsusi ahəng yaratması, şairin arifanə, fəlsəfi, poetik fikirlərinin ifadəsi üçün bədii ifadə vasitəsinə çevrilir.

Tədbirdə professor Kamil Allahyarov İslamda musiqinin qadağan olunma səbəbləri haqqında danışıb, hədislərdən və tarixi mənbələrdən istifadə edərək fikirlərini açıqlayıb.

Plenar iclasın növbəti məruzəsi “Səs təqlidi leksemlər və idiofonlar söz yaradıcılığı müstəvisində” mövzusunda olub. Məruzəni təqdim edən Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova dilin necə yaranması, mənşəyi haqqında filosofların fikirlərini səsləndirib, dilin yaranması haqqında “səs təqlidi” nəzəriyyəsi haqqında məlumat verib.

Filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq “Əbdülqadir Marağayinin əsərlərinin müasir musiqişünaslıqda tətbiqi” adlı məruzəsində Şərq musiqi tarixinin ən böyük alimlərindən biri olan Əbdülqadir Marağayinin xəttatlıq, rəssamlıq, şairliklə yanaşı, musiqilər də bəstələdiyini qeyd edib. Məruzəçi bildirib ki, Ə.Marağayinin üç dildə - ərəb, fars və türk dillərində yazdığı şeir və nəğmələr Şərq klassik musiqi ədəbiyyatının ən zəngin sərvətlərindən hesab olunur. Alim təəssüf hissi ilə vurğulayıb ki, indiyədək bir neçə elmi məqalə və şərhlər istisna olmaqla, Marağayinin musiqi nəzəriyyəsinə aid əsərlərinin üslubu, ədəbi dəyəri və əhəmiyyəti geniş və hərtərəfli araşdırılmamışdır.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Gülarə Əliyeva Əbdülqadir Marağayi məktəbinin davamçısı olan XIX əsr Qarabağ şairi, ədəbiyyat, musiqi, rəssamlıq, nəqqaşlıq, xəttatlıq, astronomiya və s. kimi sahələrinə dəyərli töhfələrini vermiş böyük alimi, mütərəqqi ziyalısı Mir Möhsün Nəvvab haqqında məruzəsini təqdim edib. Bildirib ki, Mir Möhsün Nəvvab yaradıcılığını izlərkən onun musiqişünas, musiqi nəzəriyyəçisi olduğu aydın görünür. O, şeirin qaydalarını bildiyi qədər musiqinin də qanunlarına yaxşı bələd idi.

Beynəlxalq konfrans daha sonra “Orta əsrlər Azərbaycan və müsəlman Şərqi musiqişünaslığının şah əsərləri inteqrasiya fenomeni kimi”, “Səfiəddin Ürməvi, Əbdülqadir Marağayi və Mirmöhsün Nəvvabın irsi fərqli mədəni epoxaları qovuşduran körpü kimi”, “Azərbaycan poeziyası və klassik musiqi irsi”, “Əruz, muğam və Şərq poetikasının Orta əsrlər Şərq ədəbi-mədəni mühitini qovuşdurma funksiyası”, “Klassik musiqi və poeziya abidələrinin elmi və ədəbi-mədəni inkişafa təsiri” bölmələrində işini davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: