30 noyabr - 3 dekabr 2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərində “4-cü Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn elmləri Konqresi” keçirilib.
Tədbirdə ABŞ, İngiltərə, Uels, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İran, Kosovo, Livan, Fələstin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, o cümlədən Azərbaycan və Türkiyədən nüfuzlu elm adamları qatılıblar.
Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan beynəlxalq konqresdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Müasir folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Orta əsr İslam ölkələrində riyaziyyat: yeni yanaşmalar və inkişafa doğru” və Mərasim folkloru şöbəsinin böyük elmi işçisi Xəzangül Məmmədova “İslam dinində və elmdə riyaziyyat: ədədlər, rəqəmlər, onların sirli və mistik mənaları” adlı məruzələrlə çıxış ediblər.
Məruzələr maraqla qarşılanıb və çıxışlar ətrafında müzakirələr aparılıb.
Folklorşünas alimlər konqresin təşkilat komitəsi tərəfindən Təşəkkürnamə və sertifikata layiq görülüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.