Üçüncü məqalə
Milli-mənəvi dəyərlər üzərində həyatını quran, davam etdirən xalq və millətlər isə təbii olaraq öz əcdadlarından qaynaqlanan milli ideyanı formalaşdırıb, inkişaf etdirirlər. Milli ideyanın kökündə bu və ya digər xalqın tarixi milli etno-identiklik meyarları, deməli milli “mənlik” şüuru dayandığı kimi, onun üst qatında artıq həmin əsaslara bağlı vətən, dövlət, xalq, millət maraqları dayanır. Bunsuz milli ideyanın yaşarılığı təsəvvürə gələ bilməz və digər bir məsələ milli ideya xalqın uzun əsrlər boyu formalaşmış etik normalarının, ədəb-əxlaq tərzinin, fəlsəfi təfəkkürünün, yaradıcı estetik şüurunun məhsulu bədii əsərlərdə öz dolğun ifadəsini tapır ki, bu mənəvi irs birincisi, yeni insan, şəxsiyyət, milli ruh yetişdirir, ikincisi, bu yeniliklə milli məfkurənin güclənməsini şərtləndirir, üçüncü, ayrı-ayrı yaradıcılıq sahələrinin inkişafını müəyyənləşdirməklə, həmçinin də bu təsir vasitələri ilə dövrü ideyaları irəli sürür.
Heydər Əliyev ikinci dəfə və ümumxalq səsverməsi ilə siyasi hakimiyyətə gəldikdən sonra hələ sovet dövründə həyata keçirdiyi milli-mənəvi dəyərlər sahəsində də hər şeyin başlanğıcdan, ənənədən yenidən öyrənilməsi, dəyərləndirilməsi məqsədilə mühüm əhəmiyyət kəsb edən dövlət qərarları, fərmanlar, sərəncamlar qəbul etmişdir ki, bunlar vaxtilə sırf marksist-leninçi ideoloji mövqedən məqsədli surətdə qərəzlə qiymətləndirilmiş, təntənə ilə qeyd edilməsinin qarşısı alınmış ümumxalq bayramları və eləcə də hüzn günlərinin bərpa olunmasına, elmi tədqiq-təhlillərdən kənarda qalmış xalq yaradıcılığı irsi sahəsində canlanmaya səbəb olmuşdur.
Milli tarixi, milli tarixi yaddaşı təmsil edən miras mənəvi irsi ilk növbədə bir milli Lider və əsl vətəndaş olaraq hifz etmək amalı ilə yaşayan Heydər Əliyevin hər bir milli ənənənin yaşaması, gənclərə, gələcək nəsillərə ərmağan edilməsi üçün dövlət səviyyəsində həyata keçirdiyi işlər sırasında Azərbaycan xalqının fəlsəfi dünyagörüşünün, estetik və etik şüurumuzun əsas qaynaqlarından olan Novruz Bayramının təntənəli surətdə qeyd olunması əyani misallardan biridir. Heydər Əliyevin Novruz Bayramının milli Bayram kimi qeyd edilməsi haqqında rəsmi Fərman imzalaması, hər il özünün də Bakının Gənclər meydanında, Qoşa Qala qapısının önündə ənənəvi olaraq keçirilən bu kütləvi el şənliyinə qoşulması, baharın ilk günündə Bakı zəhmətkeşləri ilə birlikdə Novruzu qarşılaması xalqımızın yaddaşında ən unudulmaz xatirə kimi yaşamaqdadır.
Ulu Öndər Novruz Bayramını ənənəvi el şənliyi kimi qiymətləndirməklə bərabər, onu milli həmrəylik, sabitlik, əmin-amanlıq, dostluq, birlik fəlsəfəsi olaraq dəyərləndirirdi. Təsadüfi deyil ki, Heydər Əliyevin Novruz bayramı şənliklərində söylədiyi nitqlərindəki fikirlər milli mədəniyyətimiz, estetik fikir tariximizdə dəyər kəsb edən səhifələr kimi öyrənilir.
Belə nitqlərinin birində Heydər Əliyev deyirdi: “Bu bayram əsirlərdən əsirlərə bizim milli, dini adət və ənənələrimizi yaşadıb bu günlərə çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümumilli bayramımızdır. O da məlumdur ki, ümumxalq, ümumdövlət, ümumölkə alimləri hər bir insan ilə, hər bir vətəndaşla bir olanda bayram da daha yüksək səviyəyə qalxır, insanlar da bir-biri ilə sıx ünsiyyətdə olurlar. Bu bayram bizim ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi bu gün də bizi birləşdirir, daha da həmrəy edir, xalqımızda daha möhkəm birlik yaradır və birlik yaratmağa xidmət edir” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 5-ci kitab, Bakı; Azərnəşr-1998. səh.11. 500 s.).
Heydər Əliyev, həmçinin Novruz bayramını milli ənənə, tarixi miras kimi yüksək dəyərləndirdiyi kimi, onun milli-bəşəri hadisə mahiyyətini də xüsusi vurğulayırdı. Ulu Öndərin aşağıdakı fikirləri Novruz bayramının məhz bu bəşəri fəlsəfi təhlili baxımından səciyyəvidir:
“Novruz bayaramı həm bu dünyada yaşayanların, həm də bu dünyanı tərk edən insanların ruhunun bayramıdır. Ona görə təsadüfi deyil ki, bu bayram ərəfəsində və günlərin birində hər bir insan öz əcdadını, babasını, dünyadan getmiş qohum-əqrabalarını yada salır, dünyadan köçmüş insanların qəbri üstünə gedir, onların ruhlarına dua oxuyurlar.Yenə də deyirəm bunla hamısı Novruz bayramının nə qədər insani bayram olduğunu, hər bir azərbaycanlı üçün əziz bayram olduğunu göstərir” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 5-cikitab, Bakı;Azərnəşr-1998. səh.11. 500 s.).
Məqamı olduğu üçün Azərbaycan xalqının tarixi Poliolit dövrünə, 15000 il əvvəlin tarixi abidəsi Qobustan qayalarına gedib çıxan milli-mənəvi və ədəbi-estetik dəyərlərinə də Heydər Əliyevin siyasi idarəçilik strategiyasının bir sahəsi kimi xüsusi diqqətini yada salmaq yerinə düşər.
Üzərindəki rəsmlər, yazılar sözsüz olaraq Azərbaycanda hələ minillər əvvələ aid ilk bəşər incəsəntindən, habelə qədim Azərbaycan türklərinin dialoq mədəniyyətindən xəbər verən Qobustan qayaları (“Quliyeva Xatirə. Azərbaycanın Qobustan Qayaüstü Abidələrində Qədim Türk Ailəsinin Dialoq Fəlsəfəsi” (Multikulturalizm Kontekstində)http://dergipark.gov.tr/download/article-file/285753) fenomeninə Heydər Əliyevin dövlət rəbəri diqqətini diqqətə çatdırmazdan öncə bu abidənin tarixi əhəmiyyəti haqqında qısa şərh vermək məqsədəuyğun olar.
Əvvəla qeyd edək ki, Poliolit dövrü insanlarının dünya, kainat, eləcə də dəniz və “uzaq sahillərdəki” insanlarla əsl fəlsəfi dialoqunun təcəssümü olan Qobustan ərazisindəki 5000-ə yaxın çox mənalı və cazibədar qayaüstü abidələrdə - petroqliflərdə əcdadlarımızın mədəniyyət tərəqqisi və estetik şüuru əks olunmuşdur.
Məsələn, qədim insanlarımızın böyük sənətkarlıqla təsvir etdikləri 100-dən çox qayıq təsvirləri həm onların sənətkarlıq bacarığını, həm də özünüdərkinin inkişafını ifadə edir.
Bunun məntiqi nəticəsi olaraq da Qobustan qayaüstü təsvirləri Afrika, Fransa. İspaniya və başa bir sıra ölkələrindəki qalereyalarda dünyanın çoxsaylı “ağıllı möcüzələrindən” tarixən daha qədim, hətta fəlsəfəsi baxımından daha mükəmməl hesab edilir.
Aşağıdakı iqtibasdakı fikirlər bu düşüncəmizi təsdiq edə bilər: “Qobustan qayalarında yüzdən artıq qayıq təsviri var. Formasına görə, bu qayıqları üç qrupa bölürlər: ...İlk qayıqlar əsasən ağac gövdəsindən düzəldilmiş, kiçik ölçülü və təknəşəkilli olmuşdur. Belə qayıq təsvirləri Böyükdaş və Kiçikdaş dağlarının ətəyindəki daşlar üzərində daha çoxdur. Qayalara döyülmüş kölgəvari, enli gövdəli qayıq təsvirləri ikinci tipə daxildir. Qamışdan və qarğıdan hazırlanmış qayıqlar isə e.ə. VII-VI minilliklərə aid edilir. Qədim insanlar bu qayıqlarla balıq ovuna çıxardılar. Böyükdaşa həkk olunmuş balıq təsvirləri bu baxımdan maraqlıdır. 29 saylı qayadakı səhnə təxminən belə oxunur: qayıq səfərdən uğurla qayıdıb. Sahildəki adamlar sevinclərini, şadyanalıqlarını rəqs edərək bildirirlər” (Quliyeva Xatirə. Azərbaycanın Qobustan Qayaüstü Abidələrində Qədim Türk Ailəsinin Dialoq Fəlsəfəsi” (Multikulturalizm Kontekstində) http://dergipark.gov.tr/download/article-file/285753).
Mənbə Qobustan qayalarının üzərindəki qayıq rəsmlərinin mahiyyətini çox “Qayıq təsvirləri təkcə ovçuluğu deyil, həm də dənizçiliyin tarixi, su-nəqliyyat vasitələrinin tarixini öyrənmək baxımından olduqca dəyərlidir”- kimi şərh edir ki, bu da birbaşa bizim maraqlı olduğumuz məsələ, əcdadlarımızın yuxarıda da qeyd etdiyimiz kimi estetik təsəvvürləri eyni zamanda dünyaya çıxışları və uzaq sahillərin insanları ilə dialoqu haqqında fikir doğurur (Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 5-ci kitab, Bakı; Azərnəşr-1998. səh.11. 500 s.).
Doğrudan da Qobustan qayaları üzərindəki əfsanəvi açıq sənət qalereyasından yerli insanların həm də kainatla dialoqu oxunmaqdadır. Qayıqların ön-burun hissəsində kainatın əbədi varlığı Günəşin təsvir olunması, fikrimizcə onların əməklə, zəhmətlə dialoqu qənaəti ilə bərabər, “Günəşli Azərbaycan” düşüncəsinin tarixinə və incəsənət maraqlarına işarə olaraq əhəmiyyət kəsb edir.
Qobustan qayaüstü rəsmlərində diqqəti çəkən insan rəsmləri, onların fiqur quruluşu da yerli əhalinin dialoqa yaşam fəlsəfəsinin və estetik hissləri və zövqlərindən xəbər verir.
Fikrimizcə sıralanan və əl-ələ vermiş formada olan insan şəkilləri birliyin, həmrəyliyin deməli artıq qazandıqları, sahib olduqları inkişafın sənət dili ilə ifadəsidir.
Qədim xalq rəqsimiz “Yallı”nın quruluşunu xatırladan bu rəsmlərdə gizlənən tarixi fəlsəfi həqiqətlər əlbəttəki dərindən öyrənilməlidir. Böyük ehtimalla deyə bilərik ki, yerli millətin yaratdığı peşə-sənət nümunələri - “qayıqlar” və onların üzərində həkk olunmuş rəsmlər fəlsəfi-estetik səciyyə daşıyırlar.
Bəşər sivilizasiyasının təbiət üzərində olan Qobustan canlı muzeyi çoxsaylı alim-tədqiqatçılar vasitəsilə nə qədər dünyaya səs-səda salsa da bu misilsiz mədəniyyətə həsr olunmuş ilk film məhz Azərbaycanın hər qarışını sevib, qoruyan qədim müasir inkişaf tarixini dərindən bilən Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə çəkilmiş, hətta iki dəfə filmləşdirilmişdir.
Bu isə Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyasında ilk insanlarımızın ruhu yaşayan milli-mənəvi və estetik dəyərlərə qayğılı münasibəti, digər tərəfdən əcdadlarımızın mirasını dünyada tanıtmaq kimi yüksək dövlət- xalq birliyini nümayiş etdirir.
Heç də təsadüfi deyil ki, rejissor Oqtay Mirqasımov, ssenari müəllifləri Anar Rzayev, Oqtay Mirqasımov, operator Zaur Məhərrəmov və bəstəkar Fərəc Qarayevin 1967-ci çəkib meydana çıxardıqları “Qobustan” filmi qısa bir vaxtda ölkə hüdudlarını aşaraq bütün dünyada maraqla qarşılanmışdır.
Bundan sonra 1976-cı ildə Qobustana həsr olunmuş “Daşlar danışanda”, 1997-ci ildə “Qobustan” adlı filmlər çəkilmişdir.
Xalqımızın dünyanı dərkini, həyata baxışını estetik şüurun rəngarəng çalarları ilə təmsil edən xalçalarımız da milli-mənəvi və ədəbi-estetik dəyərlərimizin ən dolğun nümunəsi kimi məşhurdur. Tarixən insanlarımızın zəngin Azərbaycan təbiətinin yetirdiyi bitkilərin suyuna boyanmış ilmələrlə yaratdığı xalça sənəti möcüzəsi xalqımızın sənət və sənətkar qüdrətini təmsil edir. Digər tərəfdən xalçalar tarixi mədəniyyətimizin qiymətli nümunələri kimi dünya muzeylərində müxtəlif xalqları, millətləri bizimlə tanış edib, rənglərin təsiri, ilmələrin bağlılığı, onlar vasitəsi ilə milyonlarla gözə, ürəyə ötürülən gözəllik və həmrəylik məzmunu ilə mədəniyyətlərarası dialoqa xidmət edir.
100 illər əvvəl dünyanın müxtəlif tarix muzeylərində aşkarlanmış Qədim Azərbaycan xalçalarına böyük dəyər də Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin milli dövlət siyasətinin, Dövlət İdarəçiliyində Milli Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyasının uğurlu tərkib hissələrindəndir.
Xalçaçılıq sənəti üzrə tədqiqatçı-alim, sənətşünaslıq doktoru Röya Tağıyevanın özündə dialoq-ünsiyyət əxlaq-mənəviyyat varlığımızın güzgüsü, milli mədəniyyətimiz və estetik şürumuz daxil, fəlsəfi yaşam gerçəklərimizin bariz ifadəsi olan xalça sənətimizə Heydər Əliyevin diqqət və qayğısı ilə bağlı fikirlərini burada yada salmaq yerinə düşər. Röya Tağıyeva “Azərbaycan xalçası ümumbəşəri dəyər kimi qorunur” məqaləsində yazır: “Bu məqsədlə xalçaya, sənətə, milli qürura dəyər, önəm verən insanların təşəbbüsü ilə 1967-ci ildə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi təşkil edildi. Lakin muzey yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra tam həcmli fəaliyyətə başlamışdır. Mədəniyyətimizə, onun inkişafına həmişə doğma münasibət bəsləyən, milli ruhda böyüyüb, tərbiyə alan Heydər Əliyevin el sənətinə göstərdiyi diqqət və qayğının nəticəsində muzeyin ilk ekspozisiyası 1972-ci il sentyabrın 27-də açılmışdır. Muzeyin açılışında şəxsən iştirak edən, çıxışı zamanı Azərbaycan xalqının həyatında əhəmiyyətli yer tutan xalçalar haqqında məlumat verib, müqayisələr aparan Ümummilli Lider Heydər Əliyev bir daha xalça sənətinin möhtəşəmliyini vurğulamışdır” (Tağıyeva Röya. Azərbaycan xalçası ümumbəşəri dəyər kimi qorunur. http://anl.az/down/meqale/xalqqazeti/2012/mart/238927.htm.).
Məqalədə xüsusilə diqqəti çəkən və təhlil etdiyimiz mövzumuzun istiqamətində maraq doğuran bir məsələ də müəllifin Ulu Öndərin hələ çox-çox illər əvvəl önəm vermiş olduğu məsələyə - ölkəmizin müxtəlif regionlarında yüzillər boyu yaşayan xalqların, etnik birliklərin xalçalıq mədəniyyətində mədəniyyətlərarası dialoq hadisəsinə toxunmasıdır. O, yazır: “Heydər Əliyevin dəstəyi nəticəsində muzeyin toplularının zənginləşdirilməsi üçün Azərbaycanın xalq rəssamı, sənətşünas Lətif Kərimovun rəhbərliyi ilə biz Azərbaycanın bütün regionlarını, bölgələrini qarış-qarış gəzib, ekspedisiyalarda iştirak edib ən gözəl xovlu və xovsuz xalça və xalça məmulatlarını, xalçaçılıq alətlərini və s. qiymətli sənət nümunələrini toplayıb, onların toxunma texnikasını, boyanma prosesini, xalçaçılıqla bağlı adət-ənənləri, mərasim və şənlikləri, el deyimlərini öyrənirdik” (Tağıyeva Röya. Azərbaycan xalçası ümumbəşəri dəyər kimi qorunur. http://anl.az/down/meqale/xalqqazeti/2012/mart/238927.htm.).
Sənətşünas Raya Tağıyevanın aşağıdakı iqtibasda yer alan fikirləri də Ulu Öndərin xalqımızın milli-mənəvi və ədəbi-estetik dəyərlər strategiyasını dövlət idarəçiliyi siyasətində xüsusi olaraq diqqətdə saxladığını ifadə edir: “1983-cü ildə UNESCO-nun dəstəyi ilə keçirilən Azərbaycan Xalçaları üzrə beynəlxalq simpoziumun açılış mərasimində Ümummilli Lider Heydər Əliyev yaxından iştirak etdi. Bu ənənənin davamı olaraq 1988, 2003-cü illərdə Bakıda, 2007-ci ildə Parisdə Azərbaycan xalçaları üzrə beynəlxalq simpoziumlar keçirilmişdir” (Tağıyeva Röya. Azərbaycan xalçası ümumbəşəri dəyər kimi qorunur. http://anl.az/down/meqale/xalqqazeti/2012/mart/238927.htm.).
Ulu Öndər Heydər Əliyevin Dövlət İdarəçiliyində Milli-Mənəvi və Estetik Dəyərləri ciddi rəsmi sənədlərlə dəyərləndirdiyini təsdiq edən zəngin materiallar mövcuddur. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalqının Milli Mənəvi və Estetik Dəyərlərinə xüsusi Dövlət qayğısı ilə mənəvi mirası həm inkişaf etdirir, həm də Azərbaycan mədəniyyətinin dünya xalqlarına təbliği, inteqrasiyası siyasətini həyata keçirmiş olurdu. Bu kontekstdə Ulu Öndəri Heydər Əliyevin Azərbaycan xalq musiqisi, muğamlarımız, qədim el dastanlarımız və bütövlükdə zəngin milli mirasın elmi-obyektivliklə dəyərləndirilməsi istisna təşkil etmir.
Heydər Əliyevin Azərbaycan xalqının etno-milli identikliyinin, milli mənəvi və estetik dəyərlərinin ən dolğun ifadəsi olan folklorumuzu, xalq yaradıcılığı, “Dədə Qorqud”, Manas”, “Koroğlu” dastanlarını daim siyasi fəaliyyətində xüsusi diqqət mərkəzində saxlamışdır. Heydər Əliyev daim bu etno-identik, milli mentalitet varlığımızın beynəlxalq səviyyədə dəyərlənməsinə çalışmış və buna nail olmuşdur. Məsələn, tarixi faktdır ki, Ulu öndər Heydər Əliyev “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş beynəlxalq simpoziumun Azərbaycanda keçirilməsi haqqında Dövlət Fərmanı imzalamış, bu fərmana əsasən dünyanın bir çox ölkələrində Dədə Qorqud tədbirləri təşkil olunmuşdur. Dahi şəxsiyyət, qüdrətli Milli Lider Heydər Əliyev öz təşəbbüsü və cəhdləri nəticəsində UNESCO-nun xətti ilə 1999-cu ilin 17 noybr tarixində Bakıda keçirilmiş bu möhtəşəm tədbirin Dövlət Komissiyası sədri kimi daimi olaraq simpozium komissiyasının iclaslarına gəlmiş, öz mühüm tövsiyyələrini verərək xalqımızın adına layiq mötəbər tədbirin keçirilməsin dəstək olmuşdur.
Heydər Əliyev eyni zamanda “Manas” dastanının 1000 illiyinin qeyd olunmasına dəstək olduğu tədbirdə ““Manas”ın dili bizim hamımızın dilidir. Biz hamımız eyni kökdən, eyni dildən olan xalqlarıq. Ancaq əsrlərdən əsrlərə dilimizdə müəyyən fərqlər yaranmışdır.Bir-birimizi qəlbən duyur,qəlbən anlayırıq” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 3-cü kitab,Bakı,Azərnəşr,1997.Səh.231-232) şüar kimi qiymətli fikirlərini səsləndirməklə həm də daha geniş geosiyasi miqyasda-türkçülük məfkurəsinə söykənərək milli-mənəvi irsimizi bütün dünya düşüncəsi üçün dialoq mahiyyətində yüksək dəyərləndirmişdir.
Ulu Öndər Heydər Əliyevin aşağıdakı fikirləri də onun bu ilk yazılı ədəbiyyat nümunələrimizdə, milli-mənəvi dəyərlərdə bəşəri dialoqa xüsusi əhəmiyyət verməsini ifadə edir.
“Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamaş”, “Koroğlu” dastanları, xalqımızın hamısına mənsub olan şairlərimiz, yazıçılarımız - Nizami, Yunis İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Mədimqulu, Abay və digərləri xalqımızın tarixini və milli dəyərlərini əks etdirən, onu dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən nəsillərə xalqımızı özünəməxsus milli-mənəvi dəyərlər, o cümlədən ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, vətənə sədaqət hisslərini daim gücləndirmişdir” (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996. Bakıda Türk Yazıçılarının III qurultayında nitqi http://elibrary.bsu.az/yenii/ebookspdf/H.%C6%8Fliyev_8ci_kitab.pdf.).
Heydər Əliyev hələ 1970-ci illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışarkən və həmçinin 1980-ci illərdə Moskvada SSRİ hakimiyyətində rəhbərliyində ən ali kürsüyə sahib olarkən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Molla Pənah Vaqifin, Mirzə Şəfi Vazehin, eləcə də XIX əsr klassiklərinin zəngin irsinin öyrənilməsi, dəyərləndirilməsi məqsədilə tarixi əhəmiyyətli rəsmi dövlət sənədləri imzalamışdır. 1979-cu ildə “Azərbaycannın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar bu dediklərimizə əyani misaldır.
Digər bir klassik şairimiz, Şeyx İmadəddin Nəsiminin yada salınması taleyüklü hadisəsi də Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1970-ci illərdə uzaq ərəb dövlətlərindən Suriyanın Hələb şəhərində İmadəddin Nəsiminin məzarını ziyarət edən Heydər Əliyev dahi Azərbaycan şairinin 600 illiyinin UNESCO xətti ilə keçirilməsinə, o cümlədən “Nəsimi” filminin çəkilməsinə, şairin Bakının mərkəzində heykəlinin ucaldılmasına, “Seçilmiş əsərləri”nin nəfis nəşrinə, habelə külliyatının rus, ingilis, ərəb və digər dillərinə tərcümə edilməsinə nail olmuşdur.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının yetirdiyi bu dahi şəxsiyyətin əbədiləşdirlməsi məsələsinə əsl milli lider münasibətini aşağıdakı iqtibasdakı həqiqətlər bir daha təsdiq edir:
“Xatirəmdədir, Nəsiminin 600 illiyini keçirəndə də məsələ qaldırmışdılar ki, onun məzarını Hələb şəhərindən Bakıya köçürək. Hətta onun məzarını görən adamlar da çox az idi. Səhv etmirəmsə Nəsiminin məzarını ilk dəfə Rəsul Rza gedib tapmışdı. Bu barədə özü mənə danışmışdı. Sonra mərhum Süleyman Vəzirov Hələbdə olmuşdu. Mən 1970-ci ildə Suriyada olarkən Nəsiminin qəbrini ziyarət etmək üçün xüsusi olaraq Hələb şəhərinə getdim. Mənim Hələbə səfərimin təşkili barədə Suriya Prezidenti Hafiz Əsədin xüsusi tapşırığı var idi. Hələb şəhərinin başçıları axşam mənə bildirdilər ki, səhər Nəsiminin qəbrini ziyarət edə bilərəm. Ertəsi gün üç-dörd saat gözləməli oldum, çünki qəbrin yerini bilmirdilər. Nəhayət onun yerini bilən bir nəfər tapdılar. Yəqin siz bilirsiniz Nəsiminin qəbri ümumi qəbirstanlıqdadır. Nəsiminin törəmələri də orada dəfn olunmuşdur. Qəbirüstü abidə və s. yoxdur, orada bu adət deyildir. Ancaq qəbri çox yaxşı vəziyyətdə idi. Ona qulluq edən adam da var” (Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasnın Qanunu. http://www.e-qanun.az/framework/1865).
Bu misalda maraqlı bir məqam üzərində dayanmaq istərdik. Belə ki, Heydər Əliyev Suriyada olarkən Hələb şəhərinə məhz Azərbaycan şairi Nəsimini ziyarət etmək üçün gəlir. Azərbaycandan uzaqda uyuyan dahi şairimizə Ulu Öndərin bu ehtiramlı münasibəti fikrimizcə həmin ölkənin də 100 illər boyu torpaqlarında bir məzar qədər də olsa vətəndaşlıq haqqı olan dünyaşöhrətli İmadəddin Nəsimiyə rəsmi səviyyədə ciddi diqqət göstərilməsi, onu tanıyıb dəyər verilməsi məqsədi daşıyırdı.
Hətta Heydər Əliyevin çıxışında səslənən “axşam mənə bildirdilər ki, səhər Nəsiminin qəbrini ziyarət edəcəyəm. Ertəsi gün 3-4 saat gözləməli oldum, çünki qəbrin yerini bilmirdilər” (Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasnın Qanunu. http://www.e-qanun.az/framework/1865) - qənaəti altında məhz Heydər Əliyevin ziyarətinə qədər qəbirstanlıqda, məzar ətrafında səliqə-səhman işləri aparılması mənası da gizlənir ki, bu da Suriya dövlətinin məhz siyasi rəhbərin təsiri ilə miras irsə diqqət ayrıldığından xəbər verir. Bunlar əlbəttə ki, yenə milli-mənəvi dəyərlərimizi Heydər Əliyevin çoxmədəniyyətlilik kontekstində tanıtmaq, təbliğ etmək məramını əks etdirir.
Ulu Öndərin klassik irsimizə dünyəvi dəyər verdiyini ifadə edən bir dərin düşüncəsi də müasir anlamda çoxmədəniyyətlilik mahiyyətində maraqla qarşılanır: “Biz hesab etmirik ki, Nizami, Füzuli, Nəsimi yalnız azərbaycanlılara məxsusdur. Onlar Azərbaycan çərçivəsindən elə yaşadıqları zaman çıxıblar. Sonrakı dövrlərdə isə onların əsərləri o qədər geniş yayılmışdır ki, onlar ümumibəşəri olublar və xüsusən bütün islam aləminə mənsub olublar. Bakının ən gözəl meydanlarında onların heykəllərinin ucaldılması bizim həm tariximizə, həm şerimizə, həm mədəniyyətimizə həm də islam sivilizasiyasına olan sədaqətimizin əlamətidir” (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun iştirakçılarının böyük bir qrupu ilə görüşdə çıxışı - Prezident sarayı, 11 dekabr 1998-ci il http://lib.aliyevheritage.org/az/36745659.html.).
XIII əsr Azərbaycan klassiki Nəsiminin yubileyi də Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə, habelə onun Nəsimi məzarını Suriyanın Hələb şəhərində ziyarətindən sonraya təsadüf edir.
Həm də 1973-cü ildə Nəsiminin 600 illiyinin keçirilməsi bir cəhətdən də tarixi hadisə idi. Çünki bu milli beynəlxalq yubiley klassik ədəbi irsimizin UNESCO tərəfindən qeyd olunan ilk Azərbaycan tədbiri idi.
Azərbaycan dahi söz ustalarından Məhəmməd Füzulinin yubiley tədbirləri də bu qisimdən olan - Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyasının əhəmiyyətli nöqteyi-nəzərindən böyük maraq doğuran hadisələrdəndir.
Hətta dahi söz ustadımız Füzulinin 500 illik yubiley tədbirlərinə hazırlıq Azərbaycanın yenicə müstəqillik qazandığı, respublikamızda keçid dövrü adlanan çox mürəkkəb və gərgin bir mərhələdə1994-cü ildə başlamışdır. Fikrimizcə, Azərbaycanda həmin illərdə cərəyan edən hadisələrin gərginlik dairəsində, heç bir dövlət başçısı yubiley keçirmək marağında və eləcə də maddi imkanında ola bilməzdi. Məsələn, Nizami Gəncəvinin yubileyi böyük vətən müharibəsi illərinə təsadüf edərkən təxirə salınmış və yalnız müharibə bitdikdən sonra 1947-ci ildə qeyd olunmuşdu.
Lakin böyük söz-sənət aşiqi, siyasət qədər ədəbiyyat və sənəti sevən, dəyərləndirən böyük lider Heydər Əliyev təbiətinə xas milli identiklik şüuruna sahiblik, Milli Mənəvi və Ədəbi- Dəyərlərə ehtiramla Məhəmməd Füzuli yubileyini, onun öz düha səviyyəsinə və dünyanın poeziya sənəti dahilərinə layiq şəkildə keçirdi.
Bu da Milli Mənəvi və Ədəbi-Estetik Dəyərlərə dövlət münasibət baxımından tarixi faktdır ki, beynəlxalq yubileyin Füzuli mirasına layiq şəkildə keçirilməsinin qərara alınması, qeyd olunması iki il ərzində baş tutmuş və bu müddətdə Azərbaycan elmi-ədəbi ictimaiyyəti bir çox mühüm tədbirləri həyat keçirmişdr. Ən əhəmiyyətli işlər sırasında söz ustadının 6 cildliyi və “Seçilmiş əsərlər” kitabları, habelə külliyatının yeni-yeni tərcümələrinin meydana çıxmasını qeyd etmək olar.
1996-ci ilin UNESCO Beynəlxalq Humanitar Təşkilatı tərəfindən Füzuli ili elan edilməsi də müstəqil Azərbaycanın siyasi rəhbərliyinin təşəbbüsü və uğurlu nailiyyəti idi. Dərin məna kəsb edən aşağıdakı fikirlər həm Füzulinin dünya şöhrətini daha da möhkəmləndirir, dahi söz ustadına bəşəri əhəmiyyət bəxş edir, həm də Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyasının əhəmiyyətini təsdiqləyir.
“Ərəblər və farslar Füzulini öz şairləri sayırlar türkdilli xalqlar isə hesab edirlər ki, o türkdür. Biz də deyirik ki, Füzuli türk, azərbaycanlıdır. Eyni zamanda bunu türkmən, özbək, qazax, türkiyədə yaşayan türklər, İraq türkmənləri də deyə bilərlər. Qoy Füzuli hamıya məxsus olsun. Tarixə bəşəri şəxsiyyət kimi düşsün” (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) (Azərnəşr, Bakı, 1993, I cild, səh.201. http://lib.aliyev-herita ge. org/ az/66679364.html).
Azərbaycanlı olub, İraqda doğulub 3 dildə yazıb-yaradıb, bununla da sözün əsl mənasında bəşərin övladı, dünya şöhrətli sənətkar olduğunu sübut etmiş Məhəmməd Füzulinin yubileyinin bir sıra ölkələrdə məsələn, İraqda, Parisdə, o cümlədən Türkiyə və İranda qeyd olunması da Heydər Əliyevin xalqın sahib olduğu mənəvi mirası siyasi imkanların gücü ilə dünyaya tanıtması nöqteyi nəzərdən çox xarakterik bir hadisədir.
Məsələn, Ulu Öndərin yubiley komissiyasının iclasındakı çıxışdan bir iqtibası nəzərdən keçirək: “...Füzuli haqqında yazılan elmi tədqiqat əsərləri onu alim, mütəfəkkir, filosof, şair və böyük bir insan kimi göstərmək üçün çox lazımdır. Bununla yanaşı, Füzulini ölkəmizdə, xüsusən xaricdə yaxından tanıtmaq üçün onun haqqında populyar bir kitab olmalıdır. Elə bir kitab ki, onu oxuyan hər kəs Füzulini tezliklə tanıya bilsin. Tədqiqat əsərlərini alimlər Füzulinin yaradıcılığı ilə maraqlananlar oxuyurlar. Amma Füzulini hamı tanımalıdır, zənnimcə, Füzuli haqqında elə bir kitab lazımdır ki, biz onu ingilis, fransız, alman, ərəb, fars dillərinə tərcümə edib yayaq. Deyirsiniz ki, Avropada yubiley tədbirləri keçirək. Həmin tədbirdə az adam iştirak edər. Ancaq orada elə bir kitab yazılsa Füzulini daha çox adam tanıyacaqdır” (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərm anlar) - (Azərnəşr, Bakı, 1993, I cild, səh.201) (http://lib.aliyev-heritage.org/az/66679364.html)).
Eyni zamanda yubiley tədbirlərinin iki əvvəl şairin doğulduğu İraqda, ondan sonra Türkiyədə keçirilməsi, Azərbaycanda yekunlaşması simvolik məna kəsb etməklə yanaşı, yenə Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli Mənəvi və Ədəbi- Ədəbi-Estetik Dəyərlər Strategiyasının məntiqi məzmun və mahiyyətini ifadə edir.
Tarixi bir həqiqətdir ki, Azərbaycanın XX əsr dahi şəxsiyyəti, dünya şöhrətli siyasətçisi Heydər Əliyev milli ruhlu tədbirlərin təkcə təşkilinə icazə vermir, habelə milli dəyərlərimizin təbliğini dəstəkləmir, ən əsas məsələ Milli Mənəvi və Ədəbi-Estetik Dəyərlərə bağlı tarixi şəxsiyyət kimi onlar hər bir mövzu haqqında düşünür, ideyalar irəli sürür və hətta əvvəldən axıra kimi hazırlıq işlərinə nəzarət edir, nəhayət hamını düşündürən, hətta heyran qoyan məsələn, əsl qorqudşünas, əsl nizamişünas, əsl füzulişünas və s. kimi dərin məzmunlu nitqləri ilə tarixə və yaddaşlara həkk olunurdu.
Heydər Əliyevin klassik ədəbi irsimizlə bu diqqəti XX əsr ədəbiyyat nümayəndələrimizə münasibətdə də istisna təşkil etmir və mədəniyyətlərarası dialoq ideyası istiqamətində zəhgin materiallar kimi təhlilini gözləyir.
Tədqiqatçı alim Məmməd Rzayev Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərləri istiqamətində klassik irsimizə verdiyi böyük qiyməti xüsusi konsepsiya mahiyyətində səciyyələndirmişdir: “Heç bir dövlər başçısı, heç bir siyasi lider dövlət quruculuğu və idarəçiliyi ilə yanaşı milli ideologiyanın mühüm və əsas istiqaətləinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması və onun həyata keçirilməsi sahəsində Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməmişdir. Ziyalılarımızın milli tərəqqi prosesində rolunu azaltmadan qeyd etməliyik ki, dahi rəhbər milli dəyərlər uğrunda mübarizənin önündə həmişə özü gedir və milli ziyalılarımızı da bu istiqamətdəki fəaliyyətə səfərbər edirdi. Bu onunla bağlıdır ki, milli lider milləti sevməyin, millətə xidmətin yüksək ali nümunəsini, yollarını və üsullarını hamıdan yüksək mənimsədiyinə görə təşəbbüs ondan gəlirdi. O, hətta rəsmi sərəncamlarla, xüsusi qərarlarla böyük milli-mədəni abidələrimizin fiziki və mənəvi cəhətdən bərpasına, milli yaddaşın, milli köklərə qayıdışın şərtləndirilməsinə istiqamət verirdi. Belə ki, Füzulinin 500 illik yubileyinin, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin böyük təntənələrlə keçirilməsi məhz Heydər Əliyevin şəxsi təşəbbüsü idi” (Rzayev Məmməd. Zamani qabaqlayan dahi, Baki,VEKTOR nəşrlər evi,2008,287s.).
Heydər Əliyevin Azərbaycan tənqidi realizm cərəyanının görkəmli siması Hüseyn Cavid yaradıcılığı ilə bağlı gördüyü tarixi əhəmiyyət kəsb edən işlər, məsələn dünyada ilk Lider olaraq xalqın mütəfəkkirinin nəşini uzaq Sibirdən vətənə gətirməsi, doğulduğu doğma torpağına tapşırması, həmçinin Cavidin Naxçıvanda və Bakıda ev muzeyinin yaradılması, abidəsinin ucaldılması, əsərləri və şəxsiyyəti haqqında söylədiyi fikirlər milli ənənələr baxımından olduğu qədər bəşəri mahiyyətdə də maraqla qarşılanır: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikrinə görə ola bilsin Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış sənətkardır. Hüseyn Cavidin İblis əsəri heç də Höteni Faust əsərindən geri qalmır. Ancaq biz belə inciləri qiymətləndirəbilmirik (Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 2-ci kitab. Bakı. Azərnəşr. 1997. 159-160).
Beləcə, “Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası” mövzusunun təhlili istiqamətində Ulu Öndər Heydər Əliyevin xalqımızın mifik şüurunun ifadəsi etnosumuzdan tutmuş ən müasir yazılı ədəbiyyatımıza qədər, muğamlarımızdan, folklar musiqi yaradıcılığımızdan ilk milli opera və operettalarımıza, eləcə də klasssik avropa musiqisinə kimi zəngin bir bəşəri mədəniyyət hadisəsini dövlət işi səviyyəsində dəyərləndirdiyi də onun bu milli mirasa ehtiramını ifadə edir.
Xatirə QULİYEVA, Fəlsəfə və Sosiologiyya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.