Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.05.2025 15:58
  • A-
  • A
  • A+

Şimali Kiprdə türk mədəniyyəti və irsi üzrə beynəlxalq simpozium keçirilib

Şimali Kiprdə türk mədəniyyəti və irsi üzrə beynəlxalq simpozium keçirilib

Şimali Kipr Türk Respublikasının Girnə şəhərində “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” mövzusunda XIX beynəlxalq simpozium keçirilib.

Simpozium Azərbaycanlı arxeoloq tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunub. Tədbir Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universiteti (Girnə), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb. Simpoziumda Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikası, Moldova, İtaliya, Özbəkistan, İran, Rusiya, ABŞ, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 80-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.

Tədbiri giriş sözü ilə açan simpozium təşkilat komitəsinin sədri dosent Dr. Əhməd Aytac bildirib ki, “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” XIX beynəlxalq simpoziumunun əsas məqsədi Türk dünyasında mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıları bir araya gətirmək, bu sahədəki son araşdırmaların və yeni nəşrlərin elmi ictimaiyyətə təqdim olunmasına əlverişli platforma yaratmaqdır. Onun sözlərinə görə, simpoziumun Şimali Kipr Türk Respublikasında keçirilməsi, həmçinin bu ölkədəki alim və tədqiqatçıların digər türk dövlətlərinin elmi mühitinə daha fəal şəkildə inteqrasiyasına xidmət edir.

Simpoziumun açılış mərasimində Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatar iştirak edərək nitq söyləyib. O, bu cür beynəlxalq elmi tədbirin Kiprdə keçirilməsini yüksək dəyərləndirib və onun respublikanın elmi mühitinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Açılış mərasimində Yaxın Doğu Universitetinin rektoru Prof. Dr. Tamer Şanlıdağ, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Prof. Dr. Ərtegin Salamzadə, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli, Türkiyə alimləri adından Dos. Dr. Hülya Şanes Doğru və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri Prof. Dr. Qafar Cəbiyev də çıxış ediblər.

Dosent Dr. Əhməd Aytac çıxışında builki simpoziumun Azərbaycanlı arxeoloq alim tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunduğunu qeyd edib. O, professor Qafar Cəbiyevin elmi fəaliyyətinə yüksək qiymət verərək onun “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” beynəlxalq simpoziumuna uzun illər ərzində göstərdiyi dəstək və töhfələrlə həmişə fərqləndiyini vurğulayıb. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Dr. Fariz Xəlilli “Professor Qafar Cəbiyevin həyatı və elmi fəaliyyəti” mövzusunda simpoziumun açılış məruzəsi ilə çıxış edib.

Simpoziumun 13 bölmə iclasında müxtəlif mövzularda məruzələr dinlənilib. Tədbirdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan tarix elmləri doktoru, professor Qafar Cəbiyev “Arxeologiya elminin prioritetləri: ənənəvi yanaşmalar və yeni çağırışlar", tarix elmləri doktoru, professor Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Rüstəmova "Prof. Dr. Qafar Cəbiyevin araşdırmalaraında Azərbaycan arxeologiyasının aktual problemləri", tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Azərbaycanda tarixi məscidlərin mühafizə problemləri və Hacı Bədəl əfəndi məscidi", Bədircahan Məmmədova "Azərbaycanın şimal-qərb bölgəsinin mədəni irsi", AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Şəbəkə sənətinin qorunması və turizm", sənətşünaslıq elmləri doktoru, professor Rəna Abdullayeva "Mədəni ənənələr və kəlağayı incəsənəti", sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev "Azərbaycan və Kipr incəsənətində aslan simvolu ilə bağlı ortaq arxetiplər", Aynur Ələkbərova "Azərbaycanda mədəni turizm kontekstində müalicə və sağlamlıq sektoru", AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Şəhla Xəlilli "Azərbaycanda şəhər tarixçiliyində Həsən İxfa Əlizadənin yeri", Tahirə Əliyeva "Əhdi Bağdadi və onun “Gülşəni-şüəra” təzkirəsi (Sankt-Peterburq nüsxəsi)", AMEA Nizami adına Ədəbiyyat İnstitutundan Leyla Həsənzadə "Hyon Jin-geonun “Şanslı bir gün” əsərinin təhlili", Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyindən tarix elmləri doktoru, professor Nərgiz Əliyeva "Azərbaycanda islam dövrü arxeologiyası üzrə illər üzrə tədqiqatlar", tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva "Şəki bölgəsindəki türk-islam sənətinə aid epiqrafik abidələrdə son tədqiqatlar", Zümrüd İsmayılova "Muzeylər və cəmiyyət əməkdaşlığı: mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması", Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova "COP29 və Nizami Muzeyi", Azərbaycan Respublikası Dövlət Turizm Agentliyindən sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli "Diri Baba qəbiristanlığı məzar daşlarının bədii xüsusiyyətləri və epiqrafikası", Bakı Slavyan Universitetindən filologiya elmləri doktoru, professor Bella Musayeva "Çingiz Aytmatovun əsərlərində polifoniya (çoxsəslilik)" Naxçıvan Dövlət Universitetindən filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova "Elxan Yurdoğlunun “On yeddi göyərçin” kitabı haqqında düşüncələr", Şuşa şəhəri Dövlət Qoruğu İdarəsindən Sahibə Ələkbərova "Şuşa şəhərində bərpa olunmuş muzeylərin fəaliyyəti: tarixi-mədəni irsin qorunması və təbliği", Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova və Fidan Quluzadə "Türk dünyasının ilk maarifpərvər ziyalıları" mövzularında məruzə ediblər.

Simpozium çərçivəsində incəsənət sərgisi də təşkil olunub. Sərgidə Azərbaycanı Salyan Uşaq Gənclər İnkişaf Mərkəzindən Sevinc Bünyatova təmsil edib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Simpozium iştirakçıları Yaxın Doğu Universitetinin Kıbrıs Avtomobil Muzeyi və Kıbrıs Müasir İncəsənət Muzeyində ekskursiyada iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: