Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin Azərbaycanın Xalq şairi Rəsul Rzaya həsr olunmuş ilk buraxılışı yayımlanıb
22.05.2025 10:34
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin Azərbaycanın Xalq şairi Rəsul Rzaya həsr olunmuş ilk buraxılışı yayımlanıb

Mədəniyyət kanalında “Vətənim” verilişinin Azərbaycanın Xalq şairi Rəsul Rzaya həsr olunmuş ilk buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verilişdə Azərbaycan ədəbiyyatının görkəmli söz sərraflarından biri, Xalq şairi Rəsul Rzanın mənalı həyat yolundan, ictimai fəaliyyətindən, parlaq ədəbi yaradıcılığından, eləcə də onun Nigar Rəfibəyli ilə dastanlara sığmayacaq böyük sevgisindən bəhs edilib.

Veriliş Nigar Rəfibəyli və Rəsul Rza küçələrinin qovuşduğu nöqtədə, həmçinin onların vaxtilə ömür sürdükləri mənzildə - Rəsul Rzanın Ev Muzeyində çəkilib.

Rəsul Rza ilə ilk görüşünün 1974-cü ilə təsadüf etdiyini deyən akademik Rafael Hüseynov böyük mütəfəkkir şairlə bağlı xatirələrini bölüşüb. O, hər bazar günü Azərbaycan Radiosunda efirə gedən "Axşam görüşləri" verilişinin mahnı başlığının Tofiq Quliyevin Rəsul Rzanın sözlərinə bəstələdiyi və Şövkət Ələkbərovanın oxuduğu mahnı ilə başladığını bildirib. "Axşam görüşləri" verilişinin yeni il buraxılışında üç görkəmli ədibin qonaq olduğunu, sözügedən mahnının yaranma tarixçəsi ilə bağlı çıxış etdiklərini söyləyib.

"Şairin ədəbi yolunun başlanğıcında yazdığı ilk şeirlərindən biri “Bolşevik yazı” idi. Rəsul Rza ədəbi məsləki, məqsədinin yenilikçilik, çərçivələrdən aşaraq, yeni üfüqlər fəth etmək olduğunu bildirdi. O, ədəbi nəslin önündə gedən, yeniliklərə cığır açan görkəmli söz ustadıdır", - deyə akademik Rafael Hüseynov əlavə edib.

Verilişdə görkəmli şairin öz səsi ilə lentə alınmış şeirləri səsləndirilib.

“Vətənim” verilişini buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: