Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Etnoqrafiya sahəsində ilk qadın elmlər doktoru
25.04.2025 14:25
  • A-
  • A
  • A+

Etnoqrafiya sahəsində ilk qadın elmlər doktoru

Müsahibim Azərbaycanda etnoqrafiya sahəsində ilk tarix elmləri doktoru adı almış qadın  alimimiz Nərgiz Məlik qızı Quliyevadır. Xalqın adət-ənənəsini, ailə-məişətini öyrənmək, tədqiq etmək, zənginləşdirmək və gələcək nəslə çatdırmaq etnoqraf alimlərimizin ümdə işidir. Bu sahədə ömrünün əsas hissəsini belə bir vacib məsələnin tədqiqatçısına çevirən Nərgiz xanımın üzərinə böyük yük düşmüşdür. Bütöv bir ömrünü etnoqrafiya elminə həsr edən alimin əsərləri dünyanın 60-a yaxın ölkəsinin milli kitabxanalarında layiqli yer tutmuş, neçə-neçə beynəlxalq simpoziumlarda, konfranslarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələri xarici ölkələrdə çap olunmuş və əsərlərinə istinadlar edilmişdir. Professor Nərgiz Quliyeva səkkiz monoqrafiyanın, bir sənədli-bədii əsərin, bir metodik tövsiyyənin, iki dərsliyin, doqquz proqramın, 300-dən artıq elmi məqalə və tezisin müəllifidir. Monoqrafiyaların bir neçəsi rus və ingilis dillərində çap olunmuşdur. Həmin əsərlərin ABŞ, ÇXR, Belçika və Yaponiyanın milli kitabxanalarında təqdimatı keçirilmiş və ona elmi əsərlərin dəyəri ilə bağlı təşəkkür məktubları, ÇXR-in Milli Kitabxanasından isə kitabların sertifikatları göndərilmişdir.

Müsahibədə professor Nərgiz xanımla alimin tədqiqat istiqamətləri, müasir etnoqrafiya elmi, inkişaf etmiş cəmiyyətlərdə etnoqrafiyaya yanaşma və digər əhəmiyyətli mövzuları müzakirə edəcəyik.

- Nərgiz xanım, bildiyiniz kimi, etnoqrafiya mədəni antropologiyanın fərqli tədqiqat strategiyasıdır. Müasir etnoqrafiya elmi nəyi və hansı istiqamətləri əhatə edir?

- Etnoqrafiya dünya xalqlarının həyat və məişətindən, mədəniyyətindən, adət-ənənələrindən, etnik birliklərin yaranması və qarşılıqlı mədəni əlaqələrindən bəhs edən tarix elmidir. Etnoqrafiya yunan sözü olub, “etnos” və “qrafo” sözlərindən əmələ gəlməklə “xalqın təsviri” mənasını verir. Etnoqrafiya (etnologiya) elmi biliklərə malik qədim elm sahəsidir. E.ə. V əsrdə yaşamış qədim Yunan tarixçisi “tarixin atası” adlandırılan Herodot birinci olaraq skiflərin həyat və məişətinin sistemli təsvirini yazmışdır. Digər yunan coğrafiyaşünas və tarixçisi Strabon (e.ə. 64/63 – e.ə. 23/24-cü illər) 17 kitabdan ibarət “Coğrafiya” əsərində bir sıra antik xalqların təsvirini vermişdir. Roma yazıçısı, alim Böyük Plini (e.ə. 23-70 illər) özünün 37 kitabdan ibarət “Təbiət tarixi” əsərində Roma və romalıların tarixinin və məişətinin səciyyəsini əsaslandırmışdır. Roma tarixçisi Tasit (təqribən 58-117-ci illər) “Germaniya” oçerkində qədim germanların dinindən, ümumi quruluş və məişətindən bəhs etmişdir.

Etnologiya terminini elmə 1784-cü ildə fransız alimi A.Şavan gətirmiş. 1830-cu ildə Fransız alimi Jan Jak Amper həmin etnos-xalq, loqos (elm, anlayış, məfhum) yeni elm sahəsi kimi xalqlar və mədəniyyətləri şərh edərkən istifadə olunmasını təmin etmişdir. Beləliklə, “Etnologiya cəmiyyətləri”, “Etnologiya məktəbləri”nin yaranması, müasir dövrdə etnoqrafik müəssisə və təşkilatların yaranması üçün zəmin yaratdı. Azərbaycanda etnoqrafiya elmi yarandı və xüsusən, XX əsrin ikinci yarısında cəmiyyətdə təşəkkül tapmış reallıqlarla yanaşı inkişaf etdi. Etnologiya elmi, əsasən, nəzəri məsələləri, məsələn, elmin obyekti, predmeti, məqsəd və vəzifələri, tədqiqat üsul və metodları, əsas anlayışlarını öyrənir və etnoloji məlumatların toplanılması, şərhi üsulları, ekspedisiyaların təşkili, etnoloji muzeylərin fəaliyyəti məsələləri diqqət mərkəzində saxlanılır.

Müasir etnologiyanın tədqiqat istiqamətləri müxtəlifdir. Belə ki, etnologiya elmində etnos və etnik proseslərin tədqiqinin aktual məsələləri, təsərrüfat məişətinin, maddi mədəniyyətin, ailə-məişət münasibətlərinin, mənəvi mədəniyyətin tədqiqi xüsusi yer tutur.

Qloballaşma dövrünün inkişafı müstəvisində milli etnoqrafiyanın mövcudluğu ziddiyyətli proseslərlə üz-üzədir. Milli mədəniyyətləri sıradan çıxarması və eyni zamanda, milli mədəniyyətləri yeni dövrün tələbləri müstəvisində təbliğ etmək, qorumaq, inkişaf etdirmək imkanları yaranmışdır.

Müasir dünyanın ənənəvi mədəniyyətində dünya tarixi və müasir etnososial tendensiyanın inkişafında etnik faktorlar məsələsi əsas yer tutur. Etnik tarix və etnogenez, etnik psixologiya, etnik birliklər, dünya xalqlarının siması, etnik, stereotipi, etnik mədəniyyəti, etniklərarası münaqişələr və onların həlli yolları, dünyanın etnik xəritəsi məsələləri, həmçinin ailə-məişət münasibətlərinin nəzəri-metodoloji əsaslarının tədqiqi, ailə münasibətlərinin sosiomədəni modeli, praktikası, ailəyə sosial köməyin istiqamətləri məsələlərinin daim öyrənilməsi vacibdir. Yunan filosofu Aristotel hər bir ailəni dövlətin bir hissəsi hesab edirdi. Bekon isə qeyd edirdi ki, Vətənə məhəbbətin əsası ailədən başlayır.

- Siz, tədqiqat mövzusu ilə bağlı hansı bölgələrdə araşdırma aparmısınız?

- 1983-cü il AMEA-nın Tarix İnstitutunun əyani aspiranturasına daxil olarkən “Azərbaycanlıların müasir kənd ailəsi (Azərbaycanın Qərb bölgəsinin materialları əsasında)” namizədlik mövzusunu işləyərkən, ilkin olaraq Azərbaycanın Qərb bölgəsində yerləşən rayonlarda dəfələrlə ekspedisiyada, elmi məzuniyyətlərdə oldum. Müvafiq çöl-etnoqrafik materiallarını toplamaq üçün müxtəlif müəssisələrdə, ailələrdə, toy, yas mərasimlərində, bayramlarda və digər tədbirlərdə iştirak etdim.

“Azərbaycanda müasir, kənd ailəsi və məişəti” adlı doktorluq dissertasiya işi ilə əlaqədar Azərbaycanın bütün bölgələrində etnoqrafik ekspedisiyalarda, səfərlərdə olmuş, aylarla çöl-etnoqrafik materialları toplamışam. Həmçinin fərdi plan işləri və müqaviləyə əsasən, hər il görüləsi elmi tapşırıqları, yazıları yerinə yetirmək məqsədi ilə müxtəlif bölgələrdə səfərlərdə iştirak etmiş, lazımi çöl-etnoqrafik materiallarını toplamışam. Maraq dairəm, elmi axtarişlarım çoxsahəlidir. Bu prinsip nəşr olunan kitablarımdan, məqalələrimdən də bəllidir. Məsələn, 2006-cı ildə Bakıda nəşr olunan üç cildlik “Azərbaycan incəsənəti”nin I cildində tarixə ekskurs olunmuş, “Azərbaycan xalqı – avtoxton xalqdır” adlı fəsil yazılmışdır. “Azərbaycan adətləri, ənənələri və mərasimləri” adlı II fəsildə qədim toy, toyun mərhələləri, qədim adətləri nəzərdən keçirilib. Müxtəlif bölgələr haqqında məlumat verilib. Azərbaycan xalqının qonaqpərvərliyi, çay mərasimi və çörəyə hörmət, Novruz bayramı, dini mərasim və bayramlar, Azərbaycan xalqının vətənpərvərliyi, milli musiqisi, xalq oyunları yığılan və digər materiallar əsasında yazılmışdır.

“XIX-XX əsrlərdə Bakı şəhər əhalisinin ailə və məişəti”, “Müstəqillik illəri Azərbaycan ailəsi”, “Birinci və İkinci Qarabağ müharibələri: Azərbaycanın erməni işğalçıları üzərində qələbəsinə etnoloji baxış” və digər kitablarımda da xalqdan toplanan zəngin çöl-etnoqrafik materiallardan istifadə etmişəm.

- Texnoloji cəhətdən inkişaf etmiş cəmiyyətlərdə etnoqrafiyaya yanaşma necədir?

- Texnoloji cəhətdən inkişaf etmiş cəmiyyətlərdə də antropologiya, etnoqrafiya, etnologiya, linqvistika, folklor və dünya xalqlarının fərqli mədəniyyətlərini təsvir etməyə və təhlil etməyə imkan verən digər elmlər vasitəsilə əldə edilən məlumatlardan istifadə edilir. Tədqiqatçı öyrəndiyi qrup daxilində özünü konteksdə qoyaraq bir iştirakçı müşahidəsi aparır və beləliklə də ilkin proseslərə daxil olur. Daha sonra yerli sakinlərdən alınmış anketlərin, reportajların, qeydlərin, çıxışların və ya qarşılıqlı təsir vasitəsi kimi əldə edilən məlumatların təhlilindən istifadə olunur. Məlumatların təbii olaraq əldə edilməsi vacibdir. Ümumiyyətlə, etnologiya elminin tədqiqat üsul və metodları, etnoloji məlumatların toplanması və hazırlanması, şərhi üsulları, çöl etnoloji-etnoqrafik ekspedisiyaların təşkili məsələlərində müasir vasitələrdən istifadə olunur. Milli (etnik) siyasətin istiqamətləri, vəzifələri, prinsipləri, real mexanizmi texnoloji cəhətdən inkişaf etmiş dövlətlərin maraq dairəsi, siyasi durumu istiqamətində müəyyənləşdirilir.

- Bu gün etnoqrafiya elminə marağın az olması hansı səbəbdən qaynaqlanır?

- Etnologiya elminin əsas tədqiqat sahələri: xalqların etnik tarixi və etnogenezi, maddi və mənəvi mədəniyyəti, ailə məişəti, təsərrüfat həyatı və s.-dir. Etnologiya elminin tədqiqat obyekti xalq (etnos), predmeti isə etnosla bağlı bütün təzahürləridir. Etnologiyanın yeni sahələri: şəhər etnologiyası, etiket, uşaq etnologiyası, milli yeməklər, etnoloji baxış və digərləridir.

Azərbaycan etnoqrafları yetərincə tədqiqatlarını davam etdirirlər. “XIX-XX əsrlərdə Bakı şəhər əhalisinin ailə və ailə məişəti”, “Azərbaycanda uşaq etnoqrafiyası” adlı kitablarım məhz bu yeni sahələrə həsr olunub. Azərbaycanda 50 il və nisbətən çox illər birlikdə ailə ocağını qoruyan ailələrlə bağlı apardığım tədqiqat işləri də həmmüəllifi olduğum “Azərbaycan ailəsi” adlı kitabda, müəyyən məqalələrimdə əksini tapmışdır. Ali məktəb tələbələri üçün tərtib etdiyim “Etnoqrafiya və etnologiya” kitabımda da gənc nəslin maraq dairəsi nəzərdə tutulmuşdur. Rəhbərlik etdiyim və müdafiələri müvəffəqiyyətlə başa çatmış aspirant və dissertantlarımla bu gün elm yollarında birlikdə çalışırıq. Əlbəttə, bu ənənə davam edəcək və bəşəri elm sahəsi olan etnologiyanın tədqiqatları davam edəcəkdir.

- Təmsil etdiyiniz elmi müəssisənin etnoqrafiya sahəsindəki beynəlxalq əməkdaşlıq əlaqələrindən danışardınız.

- AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda etnoqrafiya sahəsində beynəlxalq elmi əlaqələri genişdir. Belə ki, institutda təşkil edilən beynəlxalq konfranslarda institutun əməkdaşları iştirak edirlər. Digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda, nəşr olunan jurnallarda məqalələrlə təmsil olunurlar. Həmçinin institutda etnologiya üzrə müdafiələr keçirilərkən başqa ölkələrin etnoloq alimləri onlayn qaydada iştirak edir, dissertasiyalara opponent kimi rəy verirlər. İnstitutumuzun əməkdaşları da digər dövlətlərdə etnologiya sahəsində müdafiə olunan dissertasiyalara rəy verir, opponentlik edirlər.

Nərgiz xanım, müsahibə üçün təşəkkür edirik, milli maddi və mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı kimi, bundan sonra da bu elm sahəsinə yeni töhfələr verməyinizi arzulayırıq!

Müsahibəni apardı: Sərvan Kərimov "Elm və həyat" jurnalının məsul katibi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: