Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.12.2023 15:08
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun 2023-cü il üzrə illik hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun 2023-cü il üzrə illik hesabatı dinlənilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının hesabat iclası keçirilib.

Öncə il ərzində nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanışlıq olub.

Elmi şuranı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda AMEA prezidentinin humanitar sahə üzrə müşaviri, akademik Möhsün Nağısoylu, Elmi şura üzvləri və gündəlikdəki məsələlərə aidiyyatı olanlar iştirak ediblər.

Elmi şuranın iclasında institutun əməkdaşları, filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev və Akif İmanlı 75, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Hicran Nəsibova 70 və Qəndab Əliyeva 60 illik yubileyləri münasibəti ilə Fəxri fərmanla təltif ediliblər.

Eyni zamanda Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, millət vəkili Şamil Ayrım “Ədəbiyyat İnstitutunun Fəxri Dostu” diplomu ilə təltif olunub.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı 2023-cü il üzrə illik elmi hesabatı təqdim edib. Aygün Bağırlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq keçirilən tədbirlər və Ümummilli Lider Heydər Əliyevin 100 ilik yubileyi ilə əlaqədar nəşr olunmuş kitablar barəsində iştirakçıları məlumatlandırıb. Həmçinin, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq 16 noyabr 2023-cü ildə Rəyasət Heyəti və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfransı və digər tədbirləri qeyd edib.

Ümumilikdə il ərzində institutda 2 istiqamət, 8 problem, 21 mövzu üzrə işlənilən 162 işdən 109-u tamamlanmış, 53 iş üzrə tədqiqat davam edir. İnstitutun uğurları sırasında 48 kitab və monaqrafiya, 7 tərtib, 8 dərslik, 10 bədii, 2 tərcümə, 4 jurnal və 1 konfrans materialı olmaqla 80 nəşri qeyd etmək olar. 152-i xaricdə olmaqla 1050 məqalə çap olunub.

İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli “Elektron Ədəbiyyat İnstitutu” 2023-cü ildə: nəticələr və perspektivlər haqqında məlumat verib. Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva şöbənin təyinatına uyğun məsələləri diqqətə çatdırıb. Sonda çap və müsabiqə məsələləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: