Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.01.2024 10:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

İclasda müzakirə edilən birinci məsələ AMEA-nın elmi bölmələrinin 2023-cü ilə dair hesabatlarının yekunları və qarşıda duran vəzifələr haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, ilk dəfə olaraq elmi bölmələrin iclasları AMEA Rəyasət Heyətinin böyük zalında keçirildi və mühüm elmi nəticələr geniş ictimaiyyətə təqdim olundu və Akademiyada əldə edilən yeniliklər, nailiyyətlər, prioritetlər geniş formatda müzakirəyə çıxarıldı. Akademik İsa Həbibbəyli qeyd edib ki, bölmələrin hesabat iclaslarında AMEA alimlərindən əlavə, kənar təşkilatların, nazirliklərin, ali təhsil müəssisələrinin nümayəndələrinin də aktiv iştirakı, öz hesabatlarını təqdim etməsi, sahibkarların da iclaslara qatılması elmi-təşkilati baxımından mühüm hadisəyə çevrildi və il ərzində əldə olunmuş mühüm elmi nəticələrin cəmiyyətə çatdırılması baxımından önəmli oldu.

“Dövlət başçısının və müasir dünya elminin çağırışları işığında Akademiyada aparılan yeniləşmə prosesi hesabatlar vasitəsilə ictimaiyyətə təqdim edildi. Hesabatlar Azərbaycan cəmiyyətində Akademiyanın nüfuzunun qalxdığını, elmimizin öz inkişafını uğurla davam etdirdiyini göstərdi”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Həmçinin qeyd edib ki, bu il AMEA-ya dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” və “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarından irəli gələrək müvafiq tapşırıqlar verilib.

AMEA prezidenti, o cümlədən hesabat iclaslarının, sərgilərin yüksək səviyyədə təşkili və bir-birindən fərqli formatda hesabatların uğurlu təqdimatı üçün bölmələrin sədrlərinə təşəkkürünü bildirib.

Akademik İsa Həbibbəyli 2023-cü ildə əldə olunan uğurların dövlətimizin Azərbaycan elminə olan qayğıkeş münasibətinin əməli nəticəsi olduğunu və ölkəmizin, cəmiyyətimizin inkişafı yolunda elmi fəaliyyətin bundan sonra da inamla və yüksək göstəricilərlə davam etdiriləcəyini söyləyib.

Sonra məsələ ilə bağlı akademiklər Rasim Əliquliyev, Dilqəm Tağıyev, İradə Hüseynova və Gövhər Baxşəliyevanın çıxışları dinlənilib. Çıxışlarda hesabat iclaslarının intellektual dialoq formatında keçdiyi, Azərbaycan dövlətinin elm sahəsində prioritetləri ilə bağlı əldə olunmuş nəticələrin, xüsusilə “Heydər Əliyev İli”nin nailiyyətlərinin ictimaiyyətə təqdim edildiyi, Akademiyanın bu proseslərin mərkəzində yer aldığı vurğulanıb.

Daha sonra AMEA-nın 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatın müzakirəsini təmin etmək məqsədilə 29 fevral 2024-cü il tarixində AMEA-nın Ümumi Yığıncağının keçirilməsi qərara alınıb.

İclasda, həmçinin 27 mart - “Elm Günü”nə hazırlıq haqqında müzakirələr aparılıb. Təqdim olunmuş Tədbirlər planının ilkin layihəsi ətrafında fikir mübadiləsi aparılıb və akademik İsa Həbibbəyli Elm Gününün yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

İclasda müzakirə olunan növbəti məsələ Prezident İlham Əliyevin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və təhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar kriptoqrafiya sahəsində elmi araşdırmaların əlaqələndirilməsi məqsədi ilə komissiyanın yaradılması haqqında olub.

Məsələ ilə əlaqədar çıxış edən akademik Rasim Əliquliyev kriptoqrafiya sahəsində ölkəmizdə elmi araşdırmaların aparılmadığını və multidissiplinar tədqiqatların genişləndirilməsinin vacib olduğunu bildirib.

AMEA-nın Rəyasət Heyəti tərəfindən AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə kriptoqrafiya sahəsində elmi araşdırmaların əlaqələndirilməsi məqsədi ilə müvafiq komissiya yaradılıb.

Müzakirəyə çıxarılan növbəti məsələ AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda direktor seçkilərinin keçirilməsi haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, AR Nazirlər Kabinetinin 19 yanvar 2024-cü il tarixli qərarı ilə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yeni adları təsdiqlənib. Qeyd edib ki, həmin qərarın 3-cü bəndinin icrasını təmin etmək məqsədilə sözügedən institutların direktoru vəzifəsinə seçkilərin keçirilməsi zərurəti yaranıb.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Tarix və Etnologiya və Arxeologiya və Antropologiya institutlarında direktor vəzifəsinə seçkilərin keçirilməsi qərara alınıb.

Həmçinin AMEA-da 2 Fevral - Gənclər Gününün keçirilməsi haqqında məsələ də müzakirə olunub. AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev AMEA Rəyasət Heyətinin və şuranın birgə təşkilatçılığı ilə yanvar ayının 31-də təntənəli tədbirin keçiriləcəyini və 2023-cü il ərzində elmi fəaliyyətində fərqlənən gənclərin təltif olunacağı barədə iclas iştirakçılarına məlumat verib.

Bundan əlavə, iclasda AMEA-nın təltiflərini əks etdirən sənədlərin nümunələrinin hazırlanması, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun dissertantı Mənzər Məmmədlinin öz ərizəsi əsasında dissertantura təhsilinə xitam verilməsi və AMEA-nın müşaviri akademik Yaqub Mahmudovun 85 illik yubileyi haqqında qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: