Bu gün AMEA-nın Əsas binasında görkəmli alim, Çağdaş Azərbaycan filologiyasının, xüsusən də dilçilik elminin korifeylərindən biri, Əməkdar elm xadimi, "Şöhrət" ordenli, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevlə vida mərasimi keçirildi.
Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Mərhumun cənazəsi önünə hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Akademik Tofiq Hacıyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri AMEA-nın Əsas binasına gələrək, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
Matəm mitinqini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli türkoloq, Azərbaycan dilinin, mədəniyyətinin və ədəbiyyatının yorulmaz təbliğatçısı Tofiq Hacıyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışdı.
Alimin elmi məktəb yaratdığını, bütün mənalı ömrünü dilçilik elminin inkişafına həsr etdiyini vurğulayan AMEA rəhbəri qeyd etdi ki, akademik Tofiq Hacıyev uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına sanballı töhfələr vermişdir.
Bildirildi ki, görkəmli elm xadimi, əsil ziyalı, təvazökar və səmimi insan T.Hacıyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir.
Vida mərasimində akademik Vasim Məmmədəliyev, Xalq yazıçısı Anar, AMEA-nın müxbir üzvü Nizami Cəfərov,Türkiyənin Bilkent Universitetinin bölgə proqramları departamentinin direktoru Rasim Ozürək çıxış edərək alimin Azərbaycanın dilçilik elminin inkişafındakı xidmətlərindən, zəngin elmi yaradıcılığından söz açdılar, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verdilər.
Mərhumun ailəsi adından çıxış edən oğlu Azər Hacıyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlət başçısına və AMEA rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
Sonra alimin cənazəsi son mənzilə yola salındı. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırıldı.
Şərəfli ömür yaşamış Tofiq Hacıyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir