Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.03.2024 12:45
  • A-
  • A
  • A+

Fizika İnstitutunun rəhbərliyi İkinci Dünya Müharibəsi iştirakçısı Qaflan Ömərovu ziyarət ediblər

Fizika İnstitutunun rəhbərliyi İkinci Dünya Müharibəsi iştirakçısı Qaflan Ömərovu ziyarət ediblər

AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun rəhbərliyi bir qrup ziyalı ilə Quba şəhərinə səfər ediblər. Səfərdə məqsəd II Dünya Müharibəsi iştirakçısı Qaflan Ömərovun 100 illik yubileyi ilə əlaqədar onunla görüşmək olub.

Görüşdə Q.Ömərov keçdiyi şərəfli ömür yolundan - Qubada və bütövlükdə respublikamızda çalışdığı müxtəlif sahələrdəki fəaliyyətindən, ictimai fəal kimi gördüyü işlərdən, rayonun yetişdirdiyi alimlərdən söhbət açıb. O, uzun illər 9 May - Qələbə Günü ilə əlaqədar müharıbə iştirakçısı kimi Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərindən, ona göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, uzun illər Fizika İnstitutunun əməkdaşları ilə görüşlərdə iştirak edib. O, institutun əməkdaşı, II Dünya Müharibəsinin iştirakçısı akademik Maqsud Əliyevlə bağlı xatirələrini qonaqlarla bölüşüb.

6 övladı, 16 nəvə və 32 nəticəsi olduğunu qeyd edən Q.Ömərov onlardan 5-nin alim olduğunu və bundan qürur duyduğunu bildirib. 100 yaşlı yubilyar bir neçə il əvvəl 9 mayda cənab Prezident İlham Əliyevin müharibə iştirakçıları ilə çəkdirdikləri xatirə şəklini qonaqlara göstərib. Qeyd edib ki, şəkildə əks olunanlardan sağdan sola birinci akademik Maqsud Əliyev, ikinci AMEA-nın İkinci xüsusi şöbəsinin müdiri Mütəllim Rəcəbov və 3-cü özü, yəni Qaflan Ömərov yer alıb.

Yubilyarı təbrik edən Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov onun iti ağıla, unikal yaddaşa malik olduğunu qeyd edərək hər il onu ziyarət edib ad günlərində iştirak edəcəklərini bildirib.

Sonda yubilyarla xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: